Beyin ölümü ilə klinik ölüm arasındakı 3-4 dəqiqə ərzində xəstəni xilas etməyin yolları öyrədilir
Bu ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) I kurslarının tədrisində yeni bir sistem tətbiq olunur. ATU-nun rektoru, professor Gəray Gəraybəylinin əmrinə əsasən, I kurs tələbələri artıq ilkin tibbi yardım kimi vacib dərsi mulyajlar vasitəsilə praktiki bacarıq formasında keçəcəklər.
ATU-nun ümumi cərrahiyyə kafedrasının assistenti Elnur Qasımovun sözlərinə görə, yeni sistem tələbələrin praktiki biliklərini artırmasına yardımçı olacaq: “Bu dərs sistemi bu il pilot proqram tətbiq olunur. Güman edirəm ki, nəticəsi müsbət olacaq. Məsələn, biz bu gün dərsdə tələbələrimizə ürəyin qapalı masajı və süni tənəffüs verilməsi prosesini öyrədirik. Bu dərs dünyada qəbul olunmuş terminə əsasən “CPR” adlanır. Tələbələri məhz beynəlxalq terminlərə alışdırmaq, bütün dünyada qəbul olunmuş sistemləri öyrətmək istəyirik. Düzdür, ola bilər ki, Azərbaycan dilimizdə bu termin aydın səslənmir Lakin beynəlxalq standartlara uyğun olaraq bu dərsin adı “CPR” kim tanınır. Bu dərsin tədrisində əsas məqsəd, hələ həkim olmadan zərər çəkmiş insana ilk tibbi yardımı göstərə bilmək bacarığının aşılanmasıdır”.
E.Qasımovun sözlərinə görə, Amerika Ürək Assosiasiyasının tərtib etdiyi protokola əsasən, ATU tələbələrinə ardıcıl standart qaydalarla bu dərs keçirilir: “Protokolda əsas şərt - insanlara –vaxtında, korrekt və dəqiq şəkildə ilk yardımı göstərə bilməkdir. Çünki bu yardım vaxtında olmazsa, beyin ölümünə gətirib çıxarır və bundan sonra yardımın heç bir köməyi olmur. Beyin ölümü ilə klinik ölüm arasında 3-4 dəqiqə vaxt var. Bu dəqiqələr ərzində biz həkimlər pasiyentin xilası üçün əlimizdən gələni etməliyik. Ona görə də tələbələrimiz bu proseduru dəqiq şəkildə mənimsəməlidirlər ki, yolda və ya hardasa bir hadisə ilə üzləşdikdə təcili tibbi yardım göstərə bilsinlər”.
E.Qasımov bildirir ki, bu pilot layihəsi çərçivəsində I kurs tələbələrinə əsas 9 bacarıq öyrədilir: “CPR (ürək masajı), Hemlix manevrası (nəfəs tıxılması nəticəsində qarının üstünü basma bacarığı), aseptika, antiseptika qaydaları və sarğıların qoyulması, qanaxmaların dayandırılması, nəbzin, tənəffüsün və arterial təzyiqin ölçülməsi, iynələrin vurulması (əzələ və vena daxili), sınmış və çıxığı olan xəstələrə ilk yardım, şinaların qoyulması, belə xəstələrin daşınma qaydaları və nəhayət, dəm qazı ilə zəhərlənmiş, yanmış insanlara ilk yardımın göstərilməsi.”