“Mən bu ilin iyununda 3-4 həftə Azərbaycanda olmuşam və səfərimin məqsədi körpələrin ana südü ilə qidalanması ilə əlaqədar Strategiyanın hazırlanmasından ibarətdir. Bununla əlaqədar iki istiqamətdə iş aparılır. Birinci mərhələ maarifləndirmə və biliklərin artırılması, ikinci mərhələ isə mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir”,-deyə UNİCEF-in məsləhətçisi Qlen Laverak bu gün keçirdiyi mətbuat konfransını bu sözlərlə başlayıb.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında keçirilən həmin tədbir zamanı UNİCEF-in nümayəndəsi təşkilatın ictimai səhiyyə və maarifləndirmə bölməsində çalışdığını və son 30 ildə dünyanın 60-dan çox ölkəsində olduğunu söyləyib. O qeyd edib ki, strategiyada bütün reallıqları və milli xüsusiyyətlərin əhatə olunmasına çalışacaqlar.
Qlen Leverak qeyd edib ki, son vaxtlar televiziyalarda ana südünün təbliği ilə əlaqədar təşviqat çarxlarının nümayişi, küçələrdə vurulan plakatlar artıq strategiyanın hazırlanması sahəsində birinci mərhələnin başlanıldığını göstərir. Onun dediyinə görə, ikinci mərhələyə gələn ilin əvvəlində başlanılacaq və həmin mərhələdə əsas iş neonatoloq və pediatrlar, eləcə də analarla görüşüb söhbət etmək, həkimlərlə anaların, xəstələrin münasibətini öyrənmək, bu sahədə onlarla söhbətlər aparmaq və onlara kömək məqsədilə buklet və müəyyən maarifləndirici materiallar hazırlamaqdan ibarət olacaq. Həm də bu zaman hansı növ standartlardan istifadə etmək məsələsinə diqqət yetiriləcək.
Mətbuat konfransında beynəlxalq təşkilatın nümayəndəsi xüsusi olaraq vurğulayıb ki, bizim başlıca tövsiyəmiz körpələrin ilk altı ayda yalnız və yalnız ana südü ilə qidalanmasıdır. Əlbəttə bu müddəti bir, iki ilədək və daha çox uzatmaq daha da yaxşı olar, lakin bu, artıq anaların öz seçimidir. Lakin ilk yarım ildə körpəyə ana südündən başqa heç nə verilməsi məsləhət deyil. Sonrakı müddətdə ola bilsin ki, müəyyən qida əlavələrindən istifadə edilməsi mümkündür. Lakin ilk altı ay birmənalı olaraq körpə ana südü ilə qidalanmalıdır.
Ana südü ilə qidalanmayan uşaqlarda anemiya, yəni qanda dəmir çatışmazlığı əlaməti müşahidə olunur və təəssüf ki, Azərbaycanda bu göstərici digər ölkələrlə müqayisədə nisbətən yüksəkdir. Ona görə də məsələni araşdırmaq daha çox diqqət çəkir.
UNİCEF-in nümayəndəsi Azərbaycanda işləri başa çatdırıb qayıdandan iki həftə sonra strategiyanın ilkin versiyasını hazırlanıb təqdim ediləcəyini söyləyib.