Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında I kurs rezidentləri ilə görüş keçirilib.
Görüşdə Klinikanın direktoru, professor Hüseyn Qabulov çıxış edərək, onlara təbriklərini çatdırıb və uğurlar arzulayıb.
Klinika haqqında rezidentlərə məlumat verən direktor, bu tibb ocağının çox profilli olduğunu və klinikanın müasir standartlara tam cavab verdiyini bildirib:
“Klinikada sizlərin həm nəzəri, həm də praktiki vərdişlərə yiyələnməyiniz üçün hər cür şərait yaradılıb. Elmi biliklərin mənimsənilməsində daim fəallıq göstərən rezidentlərə gələcəkdə klinikada çalışmaları üçün köməklik də göstəriləcək və onlar hətta universitet rəhbərliyi tərəfindən xarici ölkələrə konfranslara da göndəriləcək”.
Daha sonra çıxış edən rezidentura şöbəsinin müdür müavini Nigar Sədiyeva öz növbəsində bütün rezidentləri təbrik edib.
O bildirib ki, belə bir çətin yolu keçib Tibb Universitetinin klinik bazasına yiyələnməyin özü böyük bir uğurdur: “Rezidentura təhsilində bu ildən etibarən həm proqramlarda, həm də imtahanlarda dəyişikliklər edildi. Bildiyiniz kimi, bu il respublikada ilk dəfə olaraq 41 klinik bazanın rezidentləri Azərbacan Tibb Universitetində imtahan verdi. Bu da bir uğur idi. Hazırda həm ATU-da, həm də Səhiyyə Nazirliyində rezidentura təhsili ilə əlaqədar yeni islahatlar aparılır. İnanırıq ki, rezidentura təhsili, xüsusilə, elmi-tədqiqat işləri ilə əlaqədar çox mühüm işlər görüləcək”.
Sonda çıxış edən dosent Adil Nuriyev rezidentlərə uğurlar arzulayıb və onlara seçdikləri ixtisaslarını yüksək səviyyədə mənimsəmələrini tövsiyə edib.