Kafedranın müdiri, professor Qoşqar Əliyev Azərbaycan Dövlət Müstəqillik Gününün yaranma tarixi barədə danışıb. O, müstəqilliymizin neçə çətin əldə olunmasından, Azərbaycan xalqının milli dövlətçilik tarixindən, parçalanmaq təhlükəsi olan ölkənin ümummilli lider Heydər Əliyev tərəfindən xilasından söz açıb. Professor Q. Əliyev bildirib ki, o dövrün siyasi-gərginliyinə baxmayaraq, Heydər Əliyev Naxçıvanda milli bayrağımızı rəsmən qaldırıb. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Daha sonra Tələbə Elmi Cəmiyyətinin kafedra üzrə rəhbəri, baş müəllim Aida Təhməzova çıxışa yazılan tələbələrə söz verib.
İctimai fənlər kafedrasının dosenti Elbrus Sadıqovun sözlərinə görə, konfransda ümumilikdə on bir tələbə çıxış edib. Onların çıxışları konfrans iştirakçıları tərəfindən alqış və rəğbətlə qarşılanıb: “Tələbə elmi işlərinin demək olar ki, əksəriyyəti dövlət müstəqilliyinin əvəzolunmaz nemət olmasına və onun əbədiliyinə həsr olunmuşdu. Həmçinin elmi işlərdə Azərbaycan Respublikasının tərəqqisi, beynəlxalq mövqeyinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz, fədakar xidmətləri də xüsusi yer tuturdu. Bu siyasi kursun bu gün də Prezident İlham Əliyevin uğurla davam etdirməsi çıxışlarda öz əksini tapırdı”.
Tədbirin sonunda münsiflər heyəti konfransda çıxış edən tələbələrə və iştirakçılarına təşəkkür edib.