Mülkü müdafiə qüvvələri ATU-da “yanğını” söndürdülər
Oktyabrın 20-də Azərbacyan Tibb Universitetində (ATU) Mülkü Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Tədbir 2017-ci tədris ili üçün mülkü müdafiə tədbirləri planına əsasən təşkil olunub. Məşqin keçirilməsində məqsəd xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və MM qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanmasından ibarət olub.
ATU-nun Mülkü Müdaifə Qərargahının rəisi Firdovsi Məmmədovun verdiyi məlumata görə, Məşqə hazırlıq mərhələsində məşqin təşkili və keçirilməsi haqqında obyekt rəhbərinin əmri verilib, məşqin keçirilmə planı tərtib olunub, MM qüvvələrinin şəxsi heyətinin xəbərdarlıq sxemi dəqiqləşdirilib, rabitə vasitələrinin vəziyyətinə baxış keçirilmiş və məşqin keçirilməsi ilə bağlı digər təşkilati tədbirlər görülüb. Məşq iştirakçıları ilə metodiki toplantı keçirilib.
Məşq 20 oktyabr 2017-ci il saat 15:00-da məşq rəhbərinin MM qüvvələrinin toplanması barədə göstərişi ilə başlanılıb. Yarım saat sonra qüvvələrin şəxsi heyəti 3 saylı tədris binasının arxasında toplanıb. MM qüvvələrinin 103 nəfərindən 68 nəfər toplanış yerinə gəliblər. MM qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi, tabel əmlakı ilə təchizatı və qoyulmuş tapşırıqlar üzrə nəzəri bilikləri yoxlanılıb. Məlum olub ki, tabel əmlaki ilə təchizat qənaətbəxş deyildir.
Saat 16:30-da yanğın hadisəsi imitasiya edilib və yanğınsöndürən cihazdan istifadə qaydası MM qüvvələrinin şəxsi heyətinə bir daha göstərilib. Məşq rəhbərinin 20 oktyabr 2017-ci il saat 17:00-da xəbərdarlıq və toplanış məşqinin başa çatması barəsində göstərişindən sonra məşqin nəticələri təhlil olunub. Aşkar olunmuş nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilib. F.Məmmədov qeyd edir ki, məşq zamanı qarşıya qoyulmuş məqsədə əsasən nail olunub.