Azərbaycan Tibb Universitetində (ATU) Rezidentlərin yekun attestasiya öncəsi komissiya üzvləri ilə görüşü keçirilib. Görüşdə ATU-nun tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev çıxış edərək iştirakçıları Səhiyyə Naziri cənab O.Şirəliyevin Yekun attestasiyanın keçirilməsi ilə əlaqədar 11.10.2017-ci il tarixli 64 №-li əmri ilə tanış edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 №-li qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 4.7 bəndinə uyğun olaraq verilən əmrə əsasən, yekun attestasiyanın keçirilməsi üçün 122 nəfərdən ibarət komissiya yaradılıb. S.Əliyev xatırlatdı ki, ATU-da 2011-ci ildən etibarən tədrisdə rezidentura pilləsinə keçid təmin olunub: “2011-ci ildən rezidenturaya qəbul başlamış və 2013-cü ildə təhsil müddəti 2 il olan ixtisaslar üzrə ilk dəfə olaraq yekun attestasiyası keçirilib”.
ATU-nun rezidentura şöbəsinin müdiri, professor Rizvan Məmmədov görüş iştirakçılarına keçiriləcək imtahan şərtləri haqqında ümumi məlumat verdi: “Cənab nazirin əmrinə görə, yekun attestasiyanın I mərhələsi 25 oktyabr 2017-ci il tarixində ATU-nun Virtual Test Mərkəzində, II mərhələsi isə 27 və 30 oktyabr 2017-ci il tarixlərində müvafiq ixtisaslar üzrə cərrahi, terapevtik, stomatoloji və onkoloji klinikalarımızda və tədris binalarında keçiriləcək”.
Professor R.Məmmədov qeyd etdi ki, bu il Bakı şəhərində olan 41 bazadan ümumilikdə 425 nəfər yekun attestasiyasına buraxılmışdır ki, onlardan da 141 nəfəri ATU-nun məzunlarıdır. Bundan başqa, keçən il attestasiyaya buraxılmayan 28 nəfər və attestasiyanın I mərhələsindən keçə bilməyən 13 nəfər, habelə attestasiyaya gəlməyən 7 nəfər də (cəmi 48 nəfər) bu il yekun attestasiyada iştirak etməlidirlər. Bu il ümumilikdə rezidenturaya aid 40 ixtisasın hamısından 473 nəfər yekun attestasiyadan keçməlidir.
R.Məmmədovun sözlərinə görə, ötən il olduğu kimi, bu il də yekun attestasiyada iştirak edəcək rezidentlərin sayının çox olması Virtual Test Mərkəzinin də işinə daha məsuliyyətlə yanaşma tələb edir: “Yekun attestasiyanın keçirilməsi üçün nəzarətçilər daha da diqqətli olmalı, bütün rezidentlər şəxsiyyət vəsiqələrini təqdim edərək imtahana buraxılmalıdır”.
Daha sonra Səhiyyə Nazirliyinin nümayəndəsi Təranə Əhmədova çıxış edərək, bu il yekun attestasiyada iştirak edəcək rezidentlərin və həkim-mütəxəssis hazırlayan ixtisasların sayının maksimal həddə çatdığını qeyd etdi: «Bunları nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan komissiya üzvlərinin sayı da artırılaraq 126 nəfərə çatdırılıb. Halbuki, ötən il komissiya üzvləri 86 nəfər idi. Bu baxımdan, yekun attestasiyanın mütəşəkkil və obyektiv keçirilməsi üçün komissiya üzvlərinin hər biri daha da məsuliyyətli olmalı, hər bir rezidentin cavabları komissiyon şəkildə qiymətləndirilməlidir. Attestasiyanın test mərhələsindən narazı qalan rezident olarsa, ATU üzrə fəaliyyət göstərən Apelyasiya komissiyası tərəfindən obyektiv qiymətləndirilməlidir. Attestasiyanın təşkili və keçirilməsində Rezidentura şöbəsinin və Virtual Test Mərkəzinin də üzərinə böyük məsuliyyət düşür”.
İclasda qeyd olundu ki, attestasiyanın II mərhələsinin təşkilində ATU-nun klinika rəhbərləri də yaxından iştirak etməlidir. Çünki həmin günlər II mərhələ imtahanlarını vermək ücün klinikalara eyni vaxtda 150-160 rezident daxil olacaq. Odur ki, kafedra müdirləri ilə birlikdə klinika rəhbərləri də rezidentlərin imtahan otaqlarına daxil olmasını təmin etməli, müvafiq ixtisaslar üzrə attestasiyaların keçirilməsi üçün auditoriyaların təşkili, lazımi əyani vəsaitlərlə təminatına kömək göstərməlidirlər.
Qeyd olundu ki, imtahanlar saat 9:00-da başlayacaq. İmtahanların nəticələri elə həmin gün rezidentura şöbəsinə çatdırılacaq.