Rusiyanın Uşaq-Yeniyetmələrin Sağlamlığı və Gigiyenası Elmi Tədqiqat İnstitutunun nümayəndələri ATU-da qonaq oldular
Bu gün ATU-nun əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasında Rusiyanın Uşaq-Yeniyetmələrin Sağlamlığı və Gigiyenası Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə kafedra nümayəndələrinin görüşü keçirilib.
Görüşdə ATU-nun əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri, dosent Şəhla Balayeva qonaqlara universitetdəki təhsil sistemi haqqında ətraflı məlumat verib, universitetdə yüksək səviyyəli təhsil və tədris üçün hər cür şərait yaradıldığını bildirib. Ş.Balayeva ATU nəzdində 4 klinikanın fəaliyyət göstərdiyini, bu mərkəzlərin son texnoloji avadanlıqlarla təchiz olunduğunu da qonaqların diqqətinə çatdırıb.
Ş.Balayevanın sözlərinə görə, Universitet ilə Rusiya Federasiyasının Uşaq- Yeniyetmələrin Sağlamlığı və Gigiyenası Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair müqavilə var. Həmin razılaşmaya əsasən, kafedra ETİ ilə qurum birlikdə elmi-tədqiqat işi aparır. Bu araşdırma - məktəblərdə tədris şəraitinin qiymətləndirilməsi və uşaqların sağlamlığının təmin edilməsi mövzusunu əhatə edir. Görüş zamanı ATU-nun əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrası tərəfindən bu elmi işin aparılması istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verilib.
Şəhla Balayeva bildirib ki, ilk dəfə olaraq məktəb şagirdləri üçün bu mövzuda özünüqiymətləndirmə vərəqləri hazırlanıb: “10 məktəbdə bu qiymətləndirmə aparıldı. Bunlardan 9-u Bakıda, 1-i isə Sumqayıtda yerləşən məktəb idi. Bu, araşdırmanın ilk mərhələsi idi. İkinci mərhələdə birbaşa uşaqlar arasında sorğu keçirildi. Sorğuda 5-ci, 9-cu və 11-ci sinif şagirdləri iştirak ediblər. Onlar öz sağlamlıqlarını, həyat keyfiyyətlərini necə dəyərləndirdikləri və s. kimi sualları cavablandırdılar. Sorğunun nəticələri Moskvada yerləşən institutda təhlil edildikdən sonra dəyərləndirmə bizə göndəriləcək. Sonradan yekun qiymətləndirməni Səhiyyə və Təhsil Nazirliklərinə təqdim edəcəyik. Uşaqların sağlamlığına təsir göstərən bütün problemlər haqqında məlumat verəcəyik.”
Rusiyanın Uşaq-Yeniyetmələrin Sağlamlığı və Gigiyenası Elmi Tədqiqat İnstitutunun yeni texnologiyalar laboratoriyasının müdiri, professor Pyotr İvanoviç Xramtsov tədqiqatın gedişi ilə tanış olduğunu və məmnun olduğunu bildirib: “Burada aparılan işlərlə, kafedranın fəaliyyəti ilə tanış olduq. Bu, beynəlxalq bir layihə çərçivəsində aparılan tədqiqatdır. Bu layihədə bir çox ölkələr iştirak edir. Əsas məqsədimiz - məktəblərdə təhsilalanlar üçün yaradılan şəraiti öyrənib buna əsasən addım atmaqdır. Biz də bu istiqamətdə institutumuzun gördüyü işləri təqdim etdik, qarşılıqlı müzakirələr apardıq. Ümid edirəm ki, sıx əlaqələrimiz sayəsində çox şeyə nail olacağıq”.
Görüşdə Rusiyanın Uşaq-Yeniyetmələrin Sağlamlığı və Gigiyenası Elmi Tədqiqat İnstitutunun nümayəndə heyətinin üzvləri - təlim-tərbiyə gigiyenası laboratoriyasının baş elmi işçisi, t.e.d. Marina Albertovna Polenova və həmin laboratoriyanın aparıcı elmi işçisi, t.ü.f.d. Yevgeniya Dmitriyevna Laponova və ATU-nun əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının nümayəndələri iştirak edirdilər.