Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji klinikasında Türkiyənin Acıbadem Xəstəxanalar Qrupunun nümayəndələri mühazirə oxuyublar.
Onkoloji klinikanın baş həkimi, dosent Nəsimi Qasımov qonaqlara klinika barədə məlumat verib. O bildirib ki, ATU-nun nəzdində yaradılan Onkoloji klinika 2007-ci ildən fəaliyyət göstərir. Klinika 2 stasionar, poliklinika, diaqnostika, əməliyyat, anestezioloji şöbələrdən və gündüz stasionarından ibarətdir: “Klinikanın histoloji laboratoriyası, kompüter tomoqrafiyası, ultrasəs müayinəsi otaqları, digər müalicə-diaqnostika şöbələri, elmi-tədqiqat və müalicə sektorları, ginekologiya, cərrahi və başqa şöbələri ən yeni cihazlarla, müasir avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlar tələbələr və klinikaya müraciət edən xəstələrin, həmçinin müəllim və həkimlərin ixtiyarına verilib. Klinikada müasir tipli uşaq onkologiyası şöbəsi də yaradılıb. Burada 24 saat ərzində fəaliyyət göstərən ekspress-laboratoriya da var. Onkoloji klinika həmçinin xəstələrin müasir kimyəvi dərman terapiyasını həyata keçirir”.
Daha sonra Türkiyənin Acıbadem Xəstəxanalar Qrupunun beyin və sinir cərrahı, professor, dr.Koray Özduman “Baş beynin birincili bədxassəli şişləri və onların müalicəsi” mövzusunda mühazirə oxuyub. Bu xəstəlik barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Acıbadem Xəstəxanalar Qrupunun Radiasiya onkologiyası şöbəsinin professoru, dr. Meriç Şengözün “Baş beyin metostatik şişlərinin müalicəsi” mövzusunda mühazirəsi də maraqlı qarşılanıb.