Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Tələbələr və Gənc Həkimlərin IV Beynəlxalq Tibb Konqresi öz işinə start verib. İki gün davam edəcək konqresdə dünyanın müxtəlif ölkələrindən – Almaniya, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan tibb mütəxəssisləri, eyni zamanda, ATU-nun professor-müəllim heyəti, tələbələri iştirak edir.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində qoyulmuş, Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər.
Konqresin açılışında ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Tələbələr və Gənc Həkimlərin Beynəlxalq Tibb Konqresinin təşkilinin artıq ənənə halını aldığını bildirdi: “Ali məktəb qarşısında duran ən mühüm vəzifələrdən biri istedadlı, ixtisaslaşmış kadrların yetişdirilməsidir. Bu baxımdan beynəlxalq konqreslərin böyük əhəmiyyəti var. Ölkəmiz elm, təhsil, idman və tibb sahələrində davamlı olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar cənab prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir”.
Rektor G. Gəraylının sözlərinə görə, bu ilki konqres əvvəlkilərdən bir qədər fərqlənir. Konqres ərəfəsində Türkiyə İstanbul Universiteti tibb fakultəsi, Endoskopik laparoskopik cərrahi dərnəyin nüfuzlu professor heyətinin dəstəyi ilə laparoskopik cərrahiyyə kursu təşkil edilib: “Bu kursun təşkilinə görə professor Cavid Avçı başda olmaqla, bütün heyət üzvlərinə dərin təşəkkürümü bildirirəm. Mənə verilən məlumata görə, konqresdə iştirak üçün 554 nəfər rəsmi qeydiyyatdan keçib. Bunlardan 147 nəfəri öz aktiv iştiraklarını təsdiqləyiblər”.
Qeyd edək ki, konqresə çox maraqlı elmi məqalələr, posterlər təqdim olunub. Türkiyəli professor, Laporaskopik Dərnəyinin prezidenti Cavid Avcı Azərbaycanda olduğundan məmnunluq hissi duyduğunu vurğulayıb: “Biz iki dövlət olsaq da, bir millətik. Eyni isti duyğuları burada da hiss edirik. Həm bilik, həm mədəni, həm də sosial yöndə bir-birimizə dəstək olmağa davam edəcəyik. Bu cür konqreslərin təşkilinin gələcək tələbələrin savadlı həkim kimi formalaşmasında böyük rolu var. Mən həmçinin ATU rəhbərliyinə və universitetin TEC-nin müdiri, Müşfiq Həsənova xüsusi təşəkkürümü bildirirəm”.
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva IV Beynəlxalq Tibb Konqresinə uğurlar diləyib: “Mən burada olanda çox gözəl hisslər keçirirəm. Yəqin ki, insan üçün ən çətin işlərdən biri öz məkanında çıxış etməkdir. Bura mənim öz ocağımdır, çünki ATU-nun məzunuyam. Bura gələndə ürəyimdən iki təşəkkür keçdi: biri anama, digəri isə buradan ayrılmamaq üçün məni razı salan müəllimlərimə. Çünki mən Tibb Universitetində oxuyarkən, televiziyada işləyirdim və universiteti yarımçıq qoymaq barədə düşünürdüm. Amma anam və bir çox dəyərli müəllimlərimiz məni bu fikirdən daşındırdı. Sizlərin də belə həvəsli, bacarıqlı olduğunuzu görmək məni sevindirir. Prezidentimizin səhiyyəyə qarşı olan həssaslığı sahəsində indi səhiyyə komitəsi yaradılıb. Bu komitə hamınızın qayğısında durmağa hazırdır”.
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev də konqresin işinə uğurlar diləyib. O, “Onkologiyada təcrübəmiz və naliyyətlərimiz” mövzusunda mühazirə oxuyub.
Konqresin plenar sessiyasında tibbin müxtəlif sahələrinə dair həm azərbaycanlı, həm də xarici mütəxəssislərin mühazirələri səsləndirilib. Onkologiya, pediatriya, urologiya, oftalmologiya, ginekologiyada rast gəlinən xəstəliklər və onların yeni müalicə metodlarına dair təcrübə mübadiləsi aparılıb.
Konqres çərçivəsində Türkiyə Endoskopik Laporaskopik Cərrahlar Dərnəyi (ELCD) və İstanbul Universiteti Davamlı Tibbi Təhsil və Tədqiqat Mərkəzinin (İSTEM) təşkilati dəstəyilə laparoskopik xolesistektomiya kursu keçirilib.
Konqresin ikinci günündə təməl elmlər, şəkərli diabet, hamiləlik dövründəki patalogiyalar, daxili xəstəliklər, psixiatriya, stomatologiyaya dair yeniliklər barədə təqdimatlar olacaq. Konqresin cərrahiyyə bölməsində isə “Daban sümüyü sınıqlarının müalicəsi”, “Azərbaycanda kolonoskopik müayinədə aşkar olunmuş törəmələr və onların yayılma nisbəti”, “Onurğa osteomielitinin qarışıq formalarında cərrahi müalicə metodları” kimi vacib mövzularda çıxışlar gözlənilir. Konqres işini poster nümayişi ilə başa çatdıracaq.
Xatırladaq ki, I Beynəlxalq Tibb Konqresi 2014-cü ilin mayında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Həmin ildən etibarən hər il ATU-nun təşəbbüsü və təşkilatçılığı, xarici mütəxəssislərin iştirakı ilə Beynəlxalq Tibb Konqresi keçirilir.