ATU-nun Tədris Cərrahiyyə Klinikasının professoru Məhəmməd Kərimov Amerika Ürək Cəmiyyətinin (American Heart Association) Los Angeles(Anaheim) şəhərində keçirilən növbəti konqresdə iştirak edib. Hər il keçirilən və dünyada çox böyük reytinqə malik olan forum, istər miqyasına, istər iştirakçılarının sayına, istərsə də xüsusi çəkisinə görə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.
On səkkiz min nümayəndənin qatıldığı dünya miqyaslı konqresin işini 1 milyon mütəxəssis də onlayn rejimdə daimi izləyə bilir. Konqres müxtəlif ürək-damar xəstəliklərinin epidemioloğiyası, etio-patogenezi, müasir diaqnostika və müalicə üsullarına həsr edilib.
Professor M.Kərimov konqresin əsasını Amerikada damar cərrahiyyəsində olan vəziyyəti haqqında danışıqların olduğunu qeyd etdi: “Konqresin 2-ci günü damar xəstəliklərinə, onların nəzəri aspektləri, müasir diaqnostika və müalicə məsələlərinə həsr edilmişdi. Bir-birindən maraqlı, çox böyük tədqiqat materiallarına əsaslanmış çıxışlar, hətta ilk baxışda kiçicik görünən fəsadların da yer aldığı məruzə və mühazirələr, həkim səhvlərinin səmimi analizi, bütövlükdə isə verilən məlumatların obyektivliyi, düzgünlüyü xüsusilə diqqəti cəlb edirdi. Konqresdən aldığımız informasiyalar bolluğunda əsas məsələlərdən biri və bəlkə də ən vacibi aşağı ətraf arteriyalarının xəstəliklərinə verilən xüsusi diqqət və maraq oldu. Çıxışların çoxunun periferik arteriya xəstəliklərinə, onların müasir müalicə üsullarına həsr edilməsi, hətta konqresin bir günün ayrıca bu məsələyə həsr edilməsi bu problemin tək bizim üçün yox, Amerika üçün də çox aktual olduğunu sübut edirdi. Bizə də gündəlik müraciət edən pasientlər arasında onların sayı çoxluq təşkil edir”.
Professor həmçinin aşağı ətraf arteriyalarının obliterasiyaedici xəstəlikləri, xüsusilə də aterosklerozun müalicəsində demək olar ki, inqilabi dəyişiliklərin baş verdiyini, açıq cərrahi əməliyyatların sayı minimuma düşdüyünü, əsas üstünlük endovazal, azinvaziv müalicə üsullarına verildiyindən bəhs etdi: “Bir çox səbəblər, o cümlədən də endovazal müalicə üsullarının geniş tətbiqi sayəsində ətrafların amputasiyası kimi əlilliyə səbəb oıan böyük problemin həllində ciddi uğurlar qazanılmış, erkən icra edilən azinvaziv prosedurlar sayəsində bir çox insanların ətraflarını xilas etmək mümkün olmuşdur. Çıxışlarda gətirilən faktlar, statistik məlumatlar və onların dinamikası bunu sübut edirdi. Bu doğrudan da Amerika səhiyyəsinin çox böyük uğurlarından sayıla bilər”. Professor M.Kərimov sonda bu problemlərin ölkəmiz üçün də çox önəmli olduğunu qeyd etdi.