Azərbaycan Tibb Universitetində (ATU) “İstedad sorğusunda” mövzusuna həsr olunmuş tələbələr arasında rəsm sərgisi keçirildi. Sərgidə 14 tələbə-rəssamın bir-birindən baxımlı 86 şəkil əsərləri sərgiləndi.
Tədbirin əvvəlində universitetin Həmkarlar İttifaqı Təşkilatının sədri Cahangir Qasımov tədbirin məqsədi haqqında məlumat verib: “Məqsədimiz yaradıcı qabiliyyəti olan istedadlı tələbələrimizi tapıb üzə çıxarmaq, onları həm ATU heyətinə, həm də ictimaiyyətə tanıtdırmaqdır. Çünki tələbələrimiz yalnız tibb sahəsindəki bilikləri ilə kifayətlənmir. Bir çox tələbələrimiz var ki, xüsusi qabiliyyətləri nəticəsində yaradıcı sahələrdə də uğur qazana bilərlər”. C.Qasımov qeyd edib ki, rektor Gəray Gərabəylinin tapşırığına əsasən, bu cür tələbələrin tanıdılması üçün sərgi təşkil olunub.
Sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli sərgidə təqdim olunan əsərlərlə tanış olaraq, rəssamlıq qabiliyyəti olan tələbələrlə söhbət edib. Əsərləri nümayiş etdirilən tələbələr burada sərgilənən əl işləri barədə rektora məlumat veriblər. Universitet rəhbərliyi ilə yanaşı, müəllim və pedaqoqlar, digər qonaqlar da gələcək həkimlərin rəsm əsərlərindən ibarət sərgiyə tamaşa ediblər.
Daha sonra tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının “Güllələnmiş heykəlin fəryadı” tamaşası nümayiş etdirilib.
Rəsm sərgisinə qatılan tələbələrin özləri və təqdim etdikləri əsərlərin mövzuları haqqında məlumatı diqqətinizə çatdırırıq:
Ayaz Məmmədov (II MPF III kurs qrup 208B) sərgiyə 7 əsərlə qatılıb. Şəkilləri qara qələmlə işləməyə üstünlük verir. Əsərlərindən biri "Qara Qu quşu"dur. "Fikirdən çıxmayan qadın" rəsmi izləyicilərin daha çox diqqətini cəlb edib.
Nigar İbrahimli (I MPF III kurs qrup 7B) sərgiyə 8 rəsmini təqdim edib. Nigar bu əsərləri fərqli texnikalarla – yağlı boya, sulu boya, qara qələm, qara kağız üzərində ağ qələm və göy mürəkkəbli qələmlə işləyib. Əsərlərin mövzusu Qarabağ atlarına, Bakı mənzərəsinə, Azərbaycanın müxtəlif mənada əks etdirən mövzulara həsr olunub.
Vəfadar Hüseynov (İctimai səhiyyə III kurs qrup 626B) uşaqlıqdan rəsm çəkir. Sərgiyə 4 əsərlər qatılıb. Şəkilləri əsasən ağ-qara boyalarla işləyir.
Bəhrəmova Nərminə (II MPF III kurs qrup 220A) sərgiyə 6 əsəri ilə qatılıb. Nərminə adətə akvarel və akril boya ilə işləməyə üstünlük verir. Rənglərdən isə mavi, bənövşəyi və narıncı rəngləri xoşlayır. Əsərləri abstrakt üsulda çəkir.
Səbinə Hacıyeva (II MPF III kurs qrup 209B) sərgidə 8 əsərlə iştirak edir. Bu rəsmləri çəkərkən müxtəlif texnikalardan - qara qələm, quaj, akril, yağlı boya və s. istifadə edir. Səbinə əsasən insanın daxili aləmini əks etdirən rəsmlərə üstünlük verir. Deyir ki, insanın sözlərlə ifadə edə bilmədiyi düşüncələrini rəsmlərdə üzə çıxarmağa çalışıb.
Sevinc Abbaszadə (Stomatologiya II kurs qrup 781B) bu sərgiyə 7 rəsm ilə qatılıb. Rəsmlərini yağlı boya və sulu boya ilə işləyib. İnsanların zövqünü oxşayan canlı rənglərdən istifadə etməyə çalışıb. Sevinc deyir ki, biri natürmort olan rəsminin rənglənməsində isə karandaşdan da istifadə edib: “Maraq dairələrimdən “bəzilərini rəsmlərimdə də əks etdirməyə çalışmışam; belə ki, təbiəti sevdiyim üçün dəniz mövzulu 2 rəsmim, payızın gözəl yağışlı havasını, gülləri əks etdirdiyim rəsmlərim də burada idi. Bundan başqa, irqi ayrıseçkiliyi qəbul etməyən biri olaraq qaradərili qadın portretim və yenə maraq dairəmi əks etdirən rəqs edən qadın rəsmim də sərgidə nümayiş olunub”.
Yeganə Məmmədova (I MPF III kurs qrup 7B) sərgiyə 5 əsərlər qatılıb. Rəsmlərinin bəzilərin yalnız estetik gözəllik baxımından, digərlərini isə mövzusuna görə çəkib.
Həcər Heybətova (İctimai səhiyyə III kurs qrup 627B) sərgiyə 7 əsərlə qatılıb. Əsərlərindən biri "Balaca Şahzadə" adlanır. Sərgidə ən çox bəyənilən əsərlərindən biri " Ağlayan qız" olub.
Mətanət Məmmədova (İctimai səhiyyə III kurs qrup 626B) sərgiyə 7 şəkil ilə qatılıb. Uşaqlıqdan rəsm çəkməyə böyük marağı olub. Lakin peşəkar surətdə rəssamlıqla məşğul olmayıb: “Rəsm çəkərkən soft pasteldən istifadə edirəm. Rəsmlərdə rəngarəngliyə üstünlük verirəm. Sərgimizdəki rəsmlərimdə təbiətin rəngarəng tərəfləri, sevgi mövzusu əsas plandadır”.
Arzu Məmmədova ( II MPF II kurs qrup 369B) sərgiyə 5 əsərlə qatılıb: “Əsərlərimin hamısı Mandala janrındadır. Bu sənətdən qədim dövrlərdə Hindistanda insanları sakitləşdirmək üçün istifadə olunub. Mən də belə əsərləri çəkəndə, mənəvi rahatlıq tapdığımı hiss edirəm. Ay, ulduz, buta kimi ornamentleri də əsərlərimə qataraq onları bir qədər milliləşdirməyə çalışmışam”.
Əminə İsayeva (I MPF II kurs qrup 162B) sərgiyə 8 şəkil təqdim edib: “Əsərlərimi rəngli qələmlərlə rəsm etmişəm. Şəkillərimdə müxtəlif irq və millətlərdən olan insanların portretləri cəmlənib”.
Ağazadə Elsevər (MPF V kurs qrup 270A) 7 şəkil ilə sərgidə iştirak edib. Rəsmə həvəsi bacısı sayəsində yaranıb. Universitetə qəbul olandan sonra 1-ci kursların sonlarında qadın gözəlliyindən ilhamlanıb özünü portret sahəsində yoxlamaq qərarını alıb. Hal-hazırda hyperrealism janrında işləyir və işlərində qrafit və kömür karandaşlarından daha çox istifadə edir.Əl işlərində əsas mövzu insanın daxili aləminin onun baxışlarına və emosiyalarına yansımağını əks etdirməkdi
İslamlı Hikmət (II MPF VI kurs qrup 312B), Əl işləri taxta işləridir. Sərgidə 6 nərdtaxta ilə iştirak edib. Nərdtaxtaları qoz və şabalıd ağacından düzəldib. Hər biri öz ideyasıdır ,tibbi simvolları nərd taxtanın üzərində həkk edib. Bir taxtanı orta hesabla 2aya düzəldir. Taxta işi ilə uşaqllqdan hobbi kimi məşğul olur.
Qeyd edək ki, sərgidə həmçinin Aslanlı Əminə Vilayət q. – Stomatologiya fakültəsinin məzunu əsərləri sərgilənib.