Oktyabrın 19-da ATU-nun Stomatologiya fakültəsinin və İstehsalat təcrübəsi dekanlığının əməkdaşları ilə III-V kurs qrup nümayəndələri və kafedraların tədris üzrə müdir köməkçilərinin görüşü keçirilib. Görüşün məqsədi tələbələrə yay istehsalat təcrübəsinin ləğvi və semestrdə tədrisi ilə bağlı dəyişikliyin məqsədini müzakirə etməkdən ibarət olub.
Görüşün əvvəlində çıxış edən ATU-nun Stomatologiya fakültəsinin dekanı Səid Əhmədov universitet rəhbərliyi tərəfindən tədrisin keyfiyyətinin artırılması istiqamətində ardıcıl, sistemli tədbirlər görüldüyünü bildirdi: “Universitet Böyük Şurasının yay istehsalat təcrübələrinin ləğvi barədə qərarı da bu qəbildəndir. Bu qərar aktual və əhəmiyyətlidir. Çünki keyfiyyətin təmin olunması üçün yay istehsalat təcrübəsi yeni tədris sisteminin tələblərinə uyğunlaşdırılmalıdır. Yay istehsalat praktikasının semestr ərzində aparılması kafedraların işini təkmilləşdirməklə yanaşı, tələbələrin də vaxtını səmərəli keçirməsinə səbəb olacaq”.
ATU-nun istehsalat şöbəsinin dekanı Tariel İsmayılov bildirdi ki, bundan sonra istehsalat təcrübəsi kredit sistemi ilə aparılacaq və semestr müddətində keçiriləcək. Bu, tələbələrin işini də asanlaşdıracaq: “Çünki indiyədək mövcud sistemə görə, tələbənin hansısa fəndən akademik borcu qalırdısa, bu fakt yay istehsalat təcrübəsinin yerinə yetirilməsinə problem yaradırdı. Yayda tələbənin eyni zamanda həm praktikadan, həm də yay məktəbində borcunu ödəməyə imkanı olmurdu. Dünyanın aparıcı universitetlərinin də proqramında yay istehsalat təcrübəsi yoxdur, bu yük semestr krediti daxilində planlaşdırılır”.
Qeyd olundu ki, Stomatologiya fakültəsində III, IV və V kurslarda praktika 60 saat olmaqla tədris olunacaq. Bu məqsədlə fakültədə kurslar üzrə müvafiq cədvəllər də hazırlanıb.
Sonra ATU-nun Stomatologiya fakültəsinin dekan müavini Kamran Babayev və istehsalat təcrübəsi dekan müavini Paşa Mehdiyev cədvəlləri kafedraların tədris üzrə müdir köməkçilərinə və qrup nümayəndələrinə təqdim etdilər. Görüşün sonunda yeni sistemin tətbiqi ilə bağlı tələbələri maraqlandıran suallara aydınlıq gətirildi.