ATU-nun əməkdaşı Yekaterinburqdakı beynəlxalq konfransda məruzə ilə çıxış edib

Oktyabrın 9-10-da Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Təhsil müəssisələrində uşaqların tibbi təminatının müasir modeli” adlı Beynəlxalq iştiraklı Məktəb və Universitet təbabəti üzrə VI Milli Konqres keçirilib. Konfrans Ural Dövlət Tibb Universitetində təşkil olunub. Beynəlxalq səviyyəli toplantıda Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dos. Şəhla Balayeva iştirak edib.

 

Şəhla Balayevanın sözlərinə görə, konqresin işində 5 ölkə və Rusiyanın 25 subyektindən 450-ə yaxın nümayəndə iştirak edib. Məktəb və universitet təbabəti və sağlamlığı üçün Avropa Birliyinin (EUSUHM) prezidenti Henrique Sachse (Hollandiya), Rusiya Səhiyyə Nazirliyinin Uşaq və yeniyetmələrin sağlamlığı və gigiyenası ETİ-nun direktoru Vladislav Remiroviç Kuçma, həmçinin uşaq və yeniyetmələrin hüquqları, sağlamlığı və təlim-tərbiyəsi ilə məşğul olan digər mütəxəssislər də konqresə qonaq qismində qatılıblar.

 

İki gün davam edən konqres müddətində 92 məruzəçi dinlənilib. Qeyd edək ki, ATU-nun nümayəndəsi də bu beynəlxalq toplantıda məruzə ilə çıxış edib. Dosent Şəhla Balayeva “Bakı şəhəri peşə təhsili müəssisələri tələbələrinin sağlamlıq vəziyyətinin dinamikası” adlı məruzəni səsləndirib. Çıxışı zamanı Ş.Balayeva mövzu ilə bağlı əsas məqamları vurğulayıb, mövcud statistikanı iştirakçıların diqqətinə çatdırıb. Məruzədən sonra ATU-nun təmsilçisi iştirakçıların suallarını cavablandırıb.

 

Yekaterinburqdakı Beynəlxalq iştiraklı Məktəb və Universitet təbabəti üzrə VI Milli Konqres iki gün davam edib. Bu müddət ərzində 15 simpozium, 5 dəyirmi masa və 5 master-klass keçirilib.