Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasının konfras zalında Azərbaycan Tibb Universitetinin, Türkiyə Uroloji Dərnəyinin, akademik Mirqasımov adına Azərbaycan Uroloqlar Assosiasiyasının Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının birgə təşkilatçılığı ilə urologiya və andrologiyanın müasir aktual problemlərinə həsr olunmuş “Ustadlardan Tədris Kursu” adlı elmi-praktik konfrans düzənlənib.
Dövlət Himnimizin səslənməsi ilə başlayan konfransı ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov açaraq bildirib ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ərəfəsində baş tutması bu beynəlxalq konfransı daha əlamətdar bir hadisəyə çevirir. O, qeyd edib ki, müasir dünyamızda tibbi texnologiyaların sürətlə inkişafı baxımından adı çəkilən tədris kursunun keçirilməsi günün tələblərinə uyğundur və həm Azərbaycanda, həm də qardaş Türkiyədə urologiyanın inkişafına böyük təkan verəcəkdir.
“Türkiyədən professor Ateş Kadıoğlunun rəhbərliyi ilə 13 tanınmış alimdən ibarət nümayəndə heyətinin və rusiyalı alimin iştirakı bu kursun önəmini bir qədər də artırır”, - deyən prorektor çıxışının sonunda tədbir iştirakçılarına universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və konfransın işinə uğurlar diləyib. Türk Uroloji Assosiasiyasının fəxri sədri, professor Ateş Kadıoğlu Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, urologiya sahəsində də ikitərəfli əlaqələrin genişləndiyini, ortaq layihələrin həyata keçirildiyini xatırladıb. Həmçinin, təlim kurslarının əhəmiyyətindən danışan türkiyəli professor bugünkü toplantıda da urologiyanın aktual problemlərinə toxunulacağını söyləyib. Sonucda “bir millət, iki dövlət” deyimindən bəhrələnərək “tək uroloji cəmiyyət, iki ayrı uroloji təlim” tərzində Azərbaycan və Türkiyə uroloqlarının tək uroloji camiyəsi”ni yaratmaq arzusunu dilə gətirib. Eyni zamanda bu təlim kursuna dəstək olan azərbaycanlı kolleqalarına nümayəndə heyəti adından öz təşəkkürünü bildirib.
Azərbaycana ehtiyac duyulduğu zamanlarda həmişə gəldiklərini söyləyən Türk Uroloji Dərnəyinin başqanı, professor Cankon Germiyanoğlu bu dəfə də öz bilgilərini, təcrübələrini paylaşmaq üçün gəldiklərini və burada çox sıcaq münasibət gördüklərini diqqətə çatdırıb. 1918-ci və 1923-cü ildə iki cümhuriyyətin qurulduğunu, biri-birinə bənzəyən iki bayrağın yüksəldiyini, bu bayraqların heç vaxt enmədiyini və enməyəcəyini qürurla bildirən C.Germiyanoğlu bu müştərək konfransda üzərlərinə düşən görəvi də böyük sevgi ilə yapacaqlarını vurğulayıb.
Bundan sonra Azərbaycanla bağlı səmimi fikirlərinə görə türkiyəli qonaqlara, eləcə də təlim kursunun keçirilməsinə əlverşli şərait yaradan universitet rəhbərliyinə minnətdarlıq edən AMEA-nın müxbir üzvü, ATU-nun urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyevin moderatorluğu ilə proqram üzrə ustad dərslərinə start verilib. Tanınmış mütəxəssislər urologiyanın aktual problemlərinə dair məruzələrlə çıxış ediblər.