Prorektor imtahan nəzarətçiləri ilə görüşüb

Mayın 4-də imtahan nəzarətçiləri ilə görüşən Azərbaycan Tibb Universitetinin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tədrisin nəticələrinin keyfiyyət göstəricilərinin müəyyən edilməsində imtahan prosesinin xüsusi rolundan danışıb. Son dövrlərdə aralıq sorğularının da İmtahan Mərkəzində kompüterlərlə aparıldığını xatırladan prorektor imtahan nəzarətçılərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyib: “Ona görə də dekanlar bu məsələyə ciddi yanaşmalı, prosesə daha məsuliyyətli müəllimlər, laborantlar və digər sahədə çalışan şəxslər cəlb olunmalıdır. Hər bir nəzarətçi öz sırasına cavabdehlik daşıdığından tələbələrin özünü necə aparmasını və digər texniki vasitələrdən istifadə edib-etməməsini daim diqqətdə saxlamalıdır”.

 

Ayın 10-dan sonra V, VI kursların bəzilərində dövlət-buraxılış imtahanları öncəsi aralıq imtahanlarının da olduğunu söyləyən prorektor qeyd edib ki, nəzarətçilər ilk növbədə rektorun əmri ilə təyin olunduqlarını, onlara icazə verilməsi, yerlərinin dəyişdirilməsi ilə bağlı məsələləri yalnız universitet rəhbərliyinin həyata keçirdiyini bilməlidirər.

 

Dekanların nəzarət prosesində ən aparıcı sima olduqlarını söyləyən professor S.Əliyev imtahanın gedişi, hələ də həllini tapmayan problemlər haqqında aydın təsəvvür yaranması baxımından imtahan nəticələrinin tədris hissəsinə vaxtında çatdırılmasının vacibliyinə də toxunub.

 

Hazırlıq mərhələsinin demək olar ki, yekunlaşdığını bildirən İmtahan Mərkəzinin direktoru Ülkər Cəfərova nəzarətçilərlə fərdi qaydada söhbətlər aparıldığını diqqətə çatdırıb. O, imtahan prosesində bəzi tələbələrin, xüsusilə də xarici tələbələrin davranış qaydalarını kobud şəkildə pozduqlarını bildirərək bu haqda müvafiq ölçü götürülməsi üçün  rektora müraciət ediləcəyini vurğulayıb.

 

Əczaçılıq fakültəsinin dekanı Kamandar Yaqubov və nəzarət qrupunun sədri Zümrüd Abaszadə də çıxış edərək bu ağır prosesdə nəzarətçilərin daha çox diqqət yetirməli olduqları məsələlərdən söhbət açiblar və mövcud problemlərin həllinə dair öz təkliflərini irəli sürüblər.

 

Görüşün sonunda imtahan sessiyasına nəzarətçi qismində qatılacaq şəxslərin sualları cavablandırılıb və metal axtaran yoxlayıcı alət ola-ola girişdə ciblərin əllə yoxlanılaraq növbə yaradılmasına ehtiyac olmadığını, bununla əlaqədar mühafizəçilərə ciddi tapşırıqlar veriləcəyini vurğulayan prorektor S.Əliyev imtahan cədvəllərinin tərtibi, ədalətli bölgünün aparılması, internetdə yerləşdirilən sualların yoxlanılması, test suallarının artırılması və ümumilikdə prosesə nəzarətlə bağlı tövsiyələrini də nəzarətçilərin nəzərinə çatdırıb.