“Kiçik doğulmaq böyük insan olmağa əngəl deyil”

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Vaxtından əvvəl doğulmuş uşaqların günü qeyd edilib

 

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Kiçik doğulmaq böyük insan olmağa əngəl deyil” adlı tədbir keçirilib. 17 noyabr - Dünya vaxtından əvvəl doğulmuş uşaqlar gününə həsr olunmuş tədbirdə  ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev açılış nitqində bu günün yaranmasıın tarixindən və zəruriliyindən söz açıb. Bildirib ki, həmin gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa fondunun təşəbbüsü ilə təsis edilib.

 

“Bu günün qeyd olunmasının məqsədi - vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Klinikamızda neonatologiya çox önəmli şöbələrdən biridir, yenidoğulmuşların həyatda qalması çox önəmlidir. Bu baxımdan çox qürurluyam, mənim üçün çox sevindirici haldır ki, hər gün klinikamızın neonatologiya şöbəsinin əməkdaşlarıın necə həvəslə öz işinə yanaşdıqlarının şahidi oluram”.

 

Respublikanın baş neonatoloqu, professor Rüstəm Hüseynov Azərbaycanda vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğının göstərildiyini bildirib. Neonatologiya sahəsində ciddi irəliləyişlərin olduğunu qeyd edən R.Hüsyenov bildirib ki, Səhiyyə Nazirliyi ölkəmizdəki xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün kifayət qədər yardım edir. Tibb müəssisələrmizin müasir tələblərə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb, kadr potensialı artırılıb.

 

ATU TCK-nın baş həkimi, uşaq cərrahı, professor Ramiz Poluxov rəhbərlik etdiyi klinikanın fəaliyyəti, burada xəstələrin müayinə və müalicəsi üçün yaradılmış gözəl şəraitdən söz açıb. Qeyd edib ki, hazırda Azərbaycanın ən böyük və müasir klinikalarından biri sayılan Tədris Cərrahiyyə Klinikasında 120 professor, 240-s yaxın tibb üzrə fəlsəfə doktoru və peşəkarlardan ibarət güclü komanda çalışır. Bu komanda üzvlərİ bütün xəstələrin, xsusilə də uşaqların sağlamlığının qorunması üçün var gücü ilə çalışır.

 

Səhiyyə Nazirliyinin neonatologiya üzrə kuratoru Nərgiz Şərifova bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, Səhiyyə Nazirliyi tərəfindən neonatologiyanın inkişafı istiqamətində görülən işləri vurğulayıb. 
ATU-nun Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bu tədbiri vaxtından əvvəl doğulmuş uşaqların həyata tutunması, xüsusi diqqətlə müalicə olunması bütün neonatoloqlara çağırış kimi qiymətləndirib.

 

A.Rüstəmxanlı Azərbaycanda diri doğulma meyarları haqqında məlumat verib. Qeyd edib ki, hazırda 22 həftə üzərində doğulan və həyat elementi olan, 500 qramdan çox doğulan uşaq diri doğulmuş sayılır: “Artıq dünya 22-23 həftə üzərində doğulan uşaqların yaşaması üzərində çaba göstərir. Bununla bağlı ölkəmizdə də çox tədbirlər görülüb. Neonatoloqların təlimatlandırılması, müxtəlif konfransların, tədbirlərin, treninqlərin keçirilməsi bizim işimizə xeyli töhfə verib”.

 

Daha sonra vaxtından əvvəl doğulmuş körpələrin valideynləri uşaqların doğulduğu gün keçirdiyi hisləri, yaşadıqları haqda xatirələrini bölüşblər. Tədbirdə vaxtından qabaq doğulmuş uşaqlara ATU TCK-nın neonatologiya şöbəsi tərəfindən hədiyyələr təqdim olunub.

 

Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Təcrübə göstərir ki, vaxtından qabaq doğulanların xeyli hissəsi nəinki sağlam və gümrah, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.