Məhəmməd Davudov: Əməliyyatdan sonrakı patohistoloji müayinələrdə metastaz aşkar edilmədi
Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəli şişin əməliyyatı icra olunub.
Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti,tibb üzrə fəlsəfə doktoru Məhəmməd Davudovun sözlərinə görə, pasiyent onlara dilinin sol yan hissəsində bir xoranın, zədələnmə ocağının olması şikayəti ilə müraciət edib və bu zədələnmə ocağının bir müddət əvvəl əmələ gəldiyini deyib. Bundan sonra tibbi protokollara uyğun olaraq öncə pasiyentdən biopsiya götürülüb. Biopsiyanın nəticəsinə görə, dilin yastı epitelinin karsinoması diaqnozu təsdiqlənib: “Amma zədələnmə ocağı kiçik olduğu üçün biz bunu başlanğıc mərhələ dil xərçəngi kimi qəbul etdik və xəstəni əməliyyata hazırladıq. Zədələnmiş ocağın sağlam toxuma sərhəddində dilin hissəvi rezeksiyası əməliyyatını apardıq. Məlumdur ki, dil xərçəngi diaqnozu qoyulan xəstələrin boyun limfa düyünlərində metastaz riski yüksək olur. Bu riski nəzərə alaraq xəstəni KT müayinəsindən də keçirdik. Lakin kompüter tomoqrafiyası və klinik müayinədə böyümüş limfa düyünləri aşkar olunmadı”.
M.Davudov bəzən belə xəstələrdə mikrometastaz adlandırılan hallara da rast gəlindiyini bildirib. Yəni radioloji və klinik müayinələr zamanı aşkarlanmasa da, boyundakı limfa düyünləri içərisində xərçəng hüceyrələrinin yayılma riski həmişə yüksək olaraq qalır: “Ədəbiyyat materiallarında bu riskin 40-60 faiz arasında olduğu yazılır. Məhz bu səbəbdən risk qrupu altında olan limfa düyünlərinin də çıxarılması əməliyyatını planladıq. Biz əməliyyat zamanı, ümumiyyətlə, ağız boşluğu selikli qişasının xərçəngində birincili şiş götürülərkən Frozen müayinəsi deyilən ekspress analiz üsulundan istifadə edirik. Bu üsul bizə bir çox imkanlar verir. İlk növbədə cərrahi sərhədlərin təmiz olmasına, orada şiş hüceyrələrinin qalmamasına əminlik yaranır. Əməliyyatın gedişində şiş götürülür və laboratoriyaya göndərilir. Təxminən 20-25 dəqiqə ərzində analizin cavabı gəlir. Əgər cərrahiyyə zonasının kənarlarında şiş hüceyrələri varsa, o zaman rezeksiya sahəsini daha da genişləndiririk. Tam radikal şəkildə şiş toxumasını götürürük ki, orada şiş hüceyrələri qalmasın. Bu üsulla həm birincili şişi, həm də boyun limfa düyünlərini götürərək əməliyyatımızı başa çatdırdıq”.
Pasiyentin əməliyyatdan sonrakı vəziyyətinə də aydınlıq gətirən cərrah, patohistoloji müayinələr nəticəsində boyun limfa düyünlərində metastaz aşkar edilmədiyini, cərrahi kənarların da təmiz olduğunu vurğulayıb. Qeyd edib ki, xəstə əməliyyatdan sonra 2 gün stasionar müalicə alaraq, kafi vəziyyətdə evə buraxılıb və 3 aydan sonra kontrol müayinəyə gəlməsi tövsiyə olunub. Onu da xatırladıb ki, belə hallarda xəstə nəzarətdə saxlanılsa da, radioterapiyaya və kimyəvi dərman müalicəsinə ehtiyac qalmır. Xəstə ilk bir il müddətində 3 aydan bir, sonrakı ildə 6 aydan bir, əməliyyatdan iki il sonra isə ildə bir dəfə müayinə olunmalıdır. Çünki ağız boşluğu selikli qişası xərçəngi daha çox ilk iki il müddətində təkrarlana, yenidən əmələ gələ bilər. İki ildən sonrakı müddətdə təkrar əmələ gəlmə ehtimalı az olduğu üçün ildə bir dəfə müayinə kifayətdir.