Azərbaycanda kök hüceyrələri ilə bağlı vəziyyət necədir?

ATU-nun alimləri ağlasığmaz imkanlar vəd edən bu sahə haqda fikirlərini açıqlayıblar

 

Bir sıra inkişaf etmiş ölkələrdə kök hüceyrələri ilə bağlı aparılan araşdırmalar, bu sahədə tətbiq olunan müasir texnologiyalar tibb sahəsində bir çox yeniliklərə səbəb olub. Mütəxəssislərin fikrincə, bu sahə inkişaf etdirilərsə, laboratoriya şəraitində yeni orqanların hazırlanması, sağalması çətin olan xəstəliklərin müalicəsi mümkün olacaq. Bəzi ölkələrin qanunvericiliyində embrional tədqiqatlar qadağan edilsə də, bəzilərində buna icazə verilir. Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir? Elmi araşdırmalar aparılırmı? Aparılırsa, nəticələr nədən ibarətdir?

Bu barədə “ARB-24” kanalı maraqlı bir veriliş hazırlayıb. Verilişdə Azərbaycan Tibb Universitetinin əməkdaşlarının da fikirləri yer alıb.

Universitetin Sitologiya, embriologiya, histologiya kafedrasının müdiri, professor Eldar Qasımovun bildirdiyinə görə, tədqiqatların hamısı hüceyrədən başlayır: “Yəni canlı həyatın varlığının əsası hüceyrədir. Məşhur alman alimi Rudolf Virxov bu sahədə çox böyük elmi tədqiqatlar aparıb. Onun ümumi qəbul olunmuş bir fikri var ki, “həyatı hüceyrədən kənarda axtarmaq ağılsızlıqdır”.

Professor, bu sahədə aparılan tədqiqat işlərinin nəticələrinə əsaslanaraq, hüceyrənin tərkib elementlərinin ayrı-ayrı strukturlarına, onların bir-birləri ilə qarşılıqlı əlaqələri haqqında əldə olunan məlumatlara yenidən baxılması zərurətinin yarandığını qeyd edib: “Aparılan araşdırmalar onu göstərdi ki, Çernobıl hadisələri zamanı ən çox şüalanmaya məruz qalan kök hüceyrələri olub. Bu səbəbdən insanlarda qanyaranma pozğunluğu meydana gəldiyindən onların əksəriyyəti dünyasını dəyişdi. Təsəvvür edin, həmin insanların yaxın qohumlarının döş sümüyündən götürülmüş 5 ml hissə qırmızı sümük iliyinə əlavə edilsəydi, 10-12 günə onlarda qan yaranmasında heç bir problem olmazdı”.

Kafedra müdiri kök hüceyrələrinin tətbiq olunduğu tibb sahələrindən söhbət açıb. Stomatoloji və digər sahələrdə əldə edilən uğur və yeniliklərə də toxunub: “Bəzi müəlliflər dişlərin əmələ gəlməsində hər şeyi yaratdıqlarını bildirirdilər. Amma diş kökünü əmələ gətirə bilmirdilər deyə, o dişlər funksional əhəmiyyət daşımırdı. Amma son vaxtlar ona da nail oldular.

Artıq bu sahədə elmi nailiyyətlər o qədər irəli gedib ki, xüsusi proqramlarla induksiya edilmiş kök hüceyrələrini çapıq nahiyəsinə yeridərək orada funksional ürək hüceyrələrini də əmələ gətirmək mümkün olub”.

ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevin bildirdiyinə görə isə, yeni kök hüceyrə texnologiyaları və yeni genetik molekulyar tədqiqatlar müasir tibbin təməlini təşkil edir: “Kök hüceyrələrindən orqanların alınması mümkün məsələdir. Hüceyrədən toxuma və orqan əmələ gəlir. Klinikada tətbiq olunmasa da, artıq kök hüceyrəsindən ürəyin və ürək əzələsinin alınması mümkün olub.

Əminliklə deyə bilərəm ki, xərçəng xəstəliyinin, onun inkişafının aradan qaldırılmasında kök hüceyrələri texnologiyalarının böyük rolu olacaq. Belə ki, bu xəstəliklərdə orqan transplantasiyası mühüm yer tutduğundan, donor problemi də aradan qalxacaq”.

Dosent bəzi ölkələrdə kök hüceyrələri ilə bağlı kafedraların və departamentlərin fəaliyyət göstərdiyini də qeyd edib. Amma bunun bizim təhsil sistemimizdə proqramlara daxil edilməməsindən təəssüf hissi keçirdiyini gizlətməyib: “Qanunvericilikdə kök hüceyrələri texnologiyasının tətbiqi hələ tam əks olunmayıb. Bunun kliniki tətbiqi ilə bağlı qanunvericilikdə tənzimləmələr aparılmasına da böyük zərurət var. Ölkəmizdə hazırda kök hüceyrələri ilə bağlı elmi tədqiqatlar Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar institutları və o cümlədən Səhiyyə Nazirliyinin müvafiq qurumlarında aparılır. Təəssüf ki, aparılan tədqiqatların vüsəti Azərbaycanın inkişaf tempinə uyğun deyil”.

Mütəxəssisin sözlərinə görə, əksər ölkələrdə kök hüceyrə bankları fəaliyyət göstərir: “İnsanlar gələcəklərini orada təminat altına alırlar. Azərbaycanda da həm kök hüceyrə mərkəzinin, həm də kök hüceyrə bankının yaradılmasına böyük ehtiyac var”.