22 fevral – Ümumdünya Ensefalit Günüdür. Bu günün tarixi və eləcə də ensefalit xəstəliyi barədə ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri, dosent Aygün Musayeva “Təbib” qəzetinə geniş məlumat verib.
A.Musayeva bildirib ki, ensefalit xəstəliyinin ölümcül təhlükəsi barədə maarifləndirmə və mümkün qədər yeni halların qarşısını almaq üçün 2013-cü ildə Ensefalit Cəmiyyətinin təşəbbüsü ilə bu gün təsis edilib: “Ensefalit əsasən beyin maddəsinin iltihabı ilə xarakterizə olunan xəstəlikdir. Hal-hazırda ensefalit yalnız yoluxucu deyil, həm də beynin infeksion-allergik, allergik və toksiki zədələnməsi hesab edilir. Ensefalitin səbəbləri müxtəlifdir. Beləliklə, ilkin ensefalitlərə gənə ensefaliti, herpetik ensefalit, Koksaki virusunun səbəb olduğu ensefalit daxildir. İkincili ensefalit keçirilmiş yoluxucu xəstəliklərin ağırlaşması hesab olunur: qrip, məxmərək, qızılca, suçiçəyi, leptospiroz və sair, həmçinin peyvənddən sonrakı ensefalit”.
Həkim deyib ki, ensefalitin klinik təzahürlərinin şiddəti və onların gedişi fərqli ola bilər: yüngül formalardan tutmuş, xəstəliyin 1-2-ci günündə ölümün baş verdiyi ağır formalaradək. İnkubasiya müddəti 2-3 gündən bir neçə həftəyə qədər dəyişə bilər: “İştahın azalması, yuxululuq, subfebril hərarət şəklində prodromal əlamətlər yaranır ki, bu da xəstəliyin başlanğıcında temperaturun kəskin artması fonunda baş verir. Ümumbeyin əlamətlərindən - qusma, qıcolmalar, yuxululuq, huşun pozulması kimi əlamətlər qeyd oluna bilər. Ocaqlı əlamətlər isə beyində patoloji dəyişikliklərin lokalizasiyasından asılıdır. Belə ki, ətraflarda əzələ zəifliyi, hissiyyat və koordinasiyanın pozulması, çəpgözlük, baxışın iflici, ikigörmə, eşitmə və görmə pozulmaları, həmçinin psixi pozulmalarin inkişafı da mümkündür. Ağır hallarda isə ölümlə nəticələnə bilən mərkəzi mənşəli ürək və tənəffüs pozğunluqları yarana bilər”.
Mütəxəssis əlavə edib ki, ensefalitin hazırda ən çox yayılmış növlərindən biri gənə ensefalitidir: “Onun meydana gəlməsinin səbəbi gənə dişlədikdə qan dövranına daxil olan və mərkəzi sinir sisteminin hüceyrələrinə nüfuz edərək onlarda ciddi dəyişikliklərə səbəb olan virusdur. Gənə ensefalitinin ocaqları mülayim iqlim qurşağında, Qərbi Avropanın əksər hissəsini əhatə edən və daha Şərqdən Sakit Okeana qədər uzanan meşə və meşə-çöl rayonlarında geniş yayılıb. Xəstəlik qızdırma, intoksikasiya və sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur və iflicin inkişafına gətirib çıxarır”.
Ensefalitin diaqnoz və müalicəsindən də danışan Aygün Musayeva söyləyib ki, onun sağalması uzun müddət çəkə bilər. Ölüm tezliyi isə spesifik patogendən və epidemik vəziyyətdən asılıdır: “Ensefalitin müalicəsinin proqnozu əsasən vaxtında diaqnoz və müalicə taktikasından asılıdır. Ensefalitin ağırlaşmaları mərkəzi sinir sisteminin ocaqlı zədələnmələri nəticəsində yarana bilər. Bunlar davamlı hərəki, hissi, psixi pozğunluqlar və qicolma sindromudur”.
Gənə ensefalitindən qorunmaqda ən təsirli vasitə isə endemik ərazilərdə yaşayanların və bu bölgələrə səyahət edən insanların peyvənd olunmasıdır.