ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası Rezidentura və Magistratura şöbəsi ilə növbəti birgə seminar keçirib. Tədbirin aparıcısı, assistent Namiq Xəlilov mövzunun aktuallığını vurğulayaraq seminarın malyariya xəstəliyinə həsr edildiyini bildirib və tələbələri məruzəni diqqətlə dinləməyə, müzakirələrdə aktiv olmağa çağırıb.
Kafedranın professoru Rafiq Çobanov ölkəmizdə malyariyanın tarixinin çox qədim dövrlərə təsadüf etdiyini, Makedoniyalı İsgəndərin dövrünə gedib çıxdığını söyləyib: “Kür-Araz, Samur, Dəvəçi, Lənkəran və Naxçıvan ərazilərində tropik malyariya halları aşkar edilib. XX əsrdə isə respublikamızda 5 epidemioloji vəziyyət qeydə alınıb. Hətta son illərdə adətən yay mövsümündə ölkəmizdə malyariya ilə bağlı ciddi problemlər yaşanır. Müasir dövrdə malyariya dünyanın 107 ölkəsində yayılıb ki, onların da yarıdan çoxu Afrikada, Saxara səhrasından cənubda yerləşir. Yer kürəsinin 3 milyarddan artıq əhalisi yoluxma riski təhlükəsi altındadır, onlardan 300-500 milyonu isə hər il bu təhlükəli xəstəliklə xəstələnir. Malyariyadan hər il 1,5-2,7 milyon şəxs həlak olur. Malyariya yalnız böyüyən əhalinin fiziki və mənəvi inkişafının ləngiməsinə səbəb olmur, həmçinin bir sıra ölkələrin sosial-iqtisadi inkişafında əhəmiyyətli maneə sayılır”.
Seminarda çıxış edən Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev vurğulayıb ki, malyariyanın törədiciləri meymunlarda, gəmiricilərdə və digər heyvanlarda aşkar olunur: “İnsanın təbii şəraitdə meymunlarda parazitlik edən plazmodiumların bəzi növləri ilə yoluxmasının yalnız bir neçə halı təsvir edilib. Bu hallarda xəstəlik yüngül keçib və tezliklə sağalıb. İstənilən yaşda olan şəxslər onlarda xəstəliyin kəskin formaları, residivləri və ya parazitgəzdirmə halları varsa, malyariya zamanı törədicinin infeksiya mənbəyi rolunu yerinə yetirə bilərlər. İsti iqlimli ölkələrdə malyariya ocaqlarında uşaqlar epidemioloji baxımdan onlarda immunitetin kifayət dərəcədə inkişaf etməməsi səbəbindən daha təhlükəlidirlər. Bu, uşaqların qanında qamontların böyük miqdarının sirkulyasiya etməsi və böyüklərlə müqayisədə qamontgəzdirmənin daha uzun müddət davam etməsinin səbəblərindən biridir. Onu da nəzərdən qaçırmaq lazım deyil ki, uşaqlar ağcaqanadların hücumu və dişləməsi üçün daha əlçatandırlar”.
Məruzəçi rezident Vüsalə Sərxanlı bu xəstəliyin epidemiologiyası, etiologiyası, patogenezi, immuniteti, klinik əlamətləri, diaqnostika və profilaktikası haqqında məlumat verib. O bildirib ki, müraciət etdiyi mövzu anemiya ilə müşayiət olunan kəskin yoluxucu xəstəlikdir: “Ədəbiyyatda olan məlumatlar bunu deməyə əsas verir ki, malyariya zamanı törədicilərin infeksiya mənbəyi qanında parazitin cinsi formaları – qamontlar sirkulyasiya edən insandır. Üçgünlük, dördgünlük və oval-malyariya zamanı qamontlar şizontlarla eyni vaxtda əmələ gəlir və qandan da onlarla eyni vaxtda yox olurlar. Qan parazitləri plazmodiumlar tərəfindən törədilən, qızdırma tutmaları, hepatosplenomeqaliya, proqressiv inkişaf edən anemiya və residivlərlə gedən kəskin infeksion xəstəlikdir. İqlim faktoru əhəmiyyətli rol oynayır. Belə kı, əgər havanın istiliyi 15C-dən yuxarı olan günlərin sayı 30-dan azdırsa, belə regionlarda yayılması mümkün deyil.
2009-cu ildə Azərbaycan və Gürcüstan nümayəndələrinin transsərhəd əməkdaşlıq məsələləri üzrə müşavirəsi keçirilib. 2015-ci ildən isə bu ölkə ilə yoluxucu xəstəliklərə dair sistemli informasiya mübadiləsi aparılır. Hal-hazırda qonşu ölkələrdə də malyariya xəstəliyi qeydə alınmadığı üçün, onunla mübarizə üzrə birgə tədbirlər də həyata keçirilmir”.
İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva və Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva indiyədək keçirilən seminarları yüksək qiymətləndiriblər, bu tədbirlərin rezident və tələbələrin tədris-təcrübəni daha dərindən mənimsəməsi üçün önəmli olduğunu vurğulayıblar. Onlar əlavə ediblər ki, indi rezident və magistrantlara, eləcə də onların kurator və elmi rəhbərlərinə kafedralarda rahat şərait yaradılıb və daim dəstək verilir.
Seminarda Vüsalə Sərxanlının elmi rəhbəri, assistent Gülxanım Əliyeva onun çalışqan olduğunu, elmə böyük maraq göstərdiyini söyləyib. Tədbirdə İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müəllimələri və rezidentləri iştirak ediblər.