Əməkdaşımız Beynəlxalq Tibb Təhsili Konfransında iştirak edib

ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasının assistenti Bənövşə Hüseynova avqustun 24-dən 28-dək İsveçrənin Basel şəhərində təşkil olunmuş AMEE-2024 Beynəlxalq Tibb Təhsili Konfransında iştirak edib.

Məlumat üçün bildirək ki, AMEE – Tibb Təhsili üzrə Beynəlxalq Assosiasiyası (The İnternational Association for Medical Education) diplomdan əvvəl, sonra və davamlı tibbi təhsil boyu tibb və sağlamlıq elmləri ixtisaslarında mükəmməl təhsili təşviq edərək, qlobal tibb xidmətini dəstələyən bir cəmiyyətdir. Cəmiyyətə 90-dan çox ölkə üzvdür. Hər il AMEE-nin təşkil etdiyi elmi-praktik toplantılarda hazırkı tibb təhsilinin vəziyyəti, müəllimlərin və qurumların təhsil fəaliyyətləri, krikulumların planlanması, qiymətləndirilməsi, tədris üsulları, qiymətləndirmə texnikaları və təhsilin idarəolunması mövzuları müzakirə olunaraq yeni təkliflər irəli sürülür.

Bu il təşkil olunan AMEE-2024 konfransında yeni mərhələyə çatılaraq, 92 ölkədən sağlamlıq peşələri üzrə təhsilin inkişafına qlobal marağı nümayiş etdirən rekord sayda - 4400 təqdimat və xülasə qəbul edilib.

Assistent Bənövşə Hüseynova da AMEE-2024 konfransında “Telemedicine Transformations: Navigating the Impact of Communication on Healthcare Delivery” mövzusunda araşdırmasını təqdim edib. Təqdimatda ATU-nun Müalicə-profilaktika fakültəsinin bütün kurslarında təhsil alan tələbələrin teletibb vasitəsilə həkimlərarası və həkim-pasiyentarası ünsiyyətə yanaşmaları dəyərləndirilib.

Tədqiqat zamanı istifadə olunan “Teletibb vasitəsilə həkimlərarası və həkim-pasiyentarası ünsiyyət” anketi qoyulan hədəfə uyğun formalaşdırılıb. Belə ki, anket şəxsi məlumatlara aid 6 sual, informasiya kommunikasiya texnologiyaları haqqında ümumi bilik səviyyələrinə aid 3 sual, teletibb haqqında 12 sual, teletibb zamanı həkimlərarası ünsiyyətə aid 11 sual, teletibbdə həkim-pasiyentarası ünsiyyətə aid 9 sual , teletibbdə olan çəkinliklərlə bağlı 4 sualla dəyərləndirmədən ibarətdir. Tədqiqatın dizaynı kimi çarpaz tədqiqat üsulu (The Cross sectional) seçilib. Cavabları analiz olunan 1457 tələbənin 554 nəfəri telepsxiatriya, 622 nəfəri telekonsultasiya, 476 nəfəri teletəcili, 491 nəfəri analiz və laboratoriya işləri, 332 nəfəri teleradioloji, 287 nəfəri telenevrologiya sahəsini daha uyğun hesab edib. “Teletibbə nə vaxt ehtiyac duyulur” sualını isə həkimlərə çatmaq çətin olduqda, uzaq yerlərdə yaşayanlar, əlil və yaşlı xəstə təqibləri zamanı, xroniki xəstələrə dərmanların müntəzəm istifadəsi vaxtı, xəstələrin əvvəlki müayinə nəticələri, əməliyyat məlumatlarını bilmək məqsədilə və s. kimi cavablandırıblar. Teletibdən istifadənin artmasını texnologiyaların sürətli inkişafı, ağıllı tətbiqlərin artması ilə əlaqələndiriblər. Tibbi məsləhətləşmələr üçün videozənglərdən və ya digər rəqəmsal platformalardan istifadə etmək qismən rahat olsa da, həkim-pasiyent münasibətində canlı ünsiyyəti vacib hesab edirlər. 464 (42,3%) nəfər teletibbin gələcəkdə ənənəvi həkim-xəstə münasibətinə müsbət, 189 (17,2%) nəfər mənfi təsir edəcəyini, 355 (32,4%) nəfər qismən təsir edə biləcəyini seçib. Həkimlərarası ünsiyyətdə rolunu isə 686 nəfər (62,5%) orta, 355 nəfər (32,4%) əla, 56 nəfər (5,1%) pis qiymətləndirib.