Bu günlərdə Azərbaycan Tibb Universitetində (ATU) dünyanın aparıcı informasiya agentliyi “Thomson Reuters”in ali təhsil müəssisələri üçün qlobal elmi bazası - “Web of Science” platformasının təqdimatı baş tutub. Həmçinin, “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsinin əməkdaşları universitet təmsilçiləri üçün təlim də keçirilib.
Təqdimatda çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev öncə Azərbaycanda informasiya resurslarının durumu, virtual elmi bazaların mövcudluğu haqqında məlumat verdi. Onun sözlərinə görə, “Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası”nda ölkəmizdə informasiyanın hər bir kəs üçün çatımlı olması əsas hədəflərdən biri kimi qoyulub: “Bura elmi məlumatlar da daxildir. Bu baxımdan, “Reuters”in təqdim etdiyi xidmətlər ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartlarına çatdırılması, həmçinin dünyada gedən elmi tədqiqat işləri haqda alimlərimizin məlumatlı olması üçün çox önəmlidir. Azərbaycanın ən aparıcı ali məktəblərindən olan Tibb Universiteti də bu prosesdən kənarda qala bilməzdi. Biz də ATU olaraq, “Reuters”in təqdim etdiyi “Web of science” elmi məlumatlar bazası və bu şirkətin xidmətləri ilə tanış olmaq qərarına gəldik”.
İ.İsayev bildirdi ki, bu portal 1964-cü ildə informasiya institutunun bazasında yaradılıb və əvvəllər yalnız elmi tədqiqatların, elmi işlərin istinad indeksinin müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərib. Lakin sonradan gördükləri keyfiyyətli iş sayəsində dünyanın aparıcı agentlikləri ilə rəqabətə girərək önə keçməyi bacarıblar.
“Elmi istinadlar üzrə aparıcı baza olan bu platformada dünyada keçirilən elmi toplantılar, əldə olunan nəticələr haqqında məlumatların yayılması, həmçinin elmi bilgilər bazasını yeniləşdirilməsi baxımından çox mühüm işlər görülür. Məlum olduğu kimi, Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən böyük işlər görülür, elmi tədqiqatlar aparılır.
Səhiyyənin elə bir sahəsi yoxdur ki, orada bizim alimlər araşdırma ilə məşğul olmasınlar. Elə gün olmur ki, ATU-nun klinikalarında unikal əməliyyat aparılmasın. Biz də bu məlumatlarımın dünyaya çatdırılmasında maraqlıyıq”. İ.İsayev “Thomson Reuters”ə geniş çıxışın Azərbaycanda elmin inkişafına güclü təkan verəcəyinə, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacağına və yerli tədqiqatçıların nəşrlərinin sayının artacağına ümidvar olduğunu vurğulayıb.
Daha sonra “Reuters”in Cənubi Qafqaz üzrə nümayəndəsi, psixologiya üzrə elmlər namizədi Marqarita Sidorova “Web of Science” elmi məlumatların bazası haqqında ətraflı təqdimatla çıxış etdi. Onun sözlərinə görə, bu, beynəlxalq səviyyədə tanınmış bir elmi portaldır. “Thomson Reuters”in təqdim etdiyi bu portala müxtəlif sahələrdə - təbiət, ictimai, humanitar elmlər və mədəniyyət üzrə 12000 jurnal və 148 000 konfrans materialını yerləşdirilib. Bu bazada elm adamlarını maraqlandıran bir çox məsələlər barədə hər cür məlumatları, elmi istinadları, sənədləri, konfrans materiallarını tapmaq mümkündür. Portalda hər bir elm sahəsində əldə olunan yeniliklər, nailiyyətlər barədə materiallar daim yenilənir.
“Web of Science”da hər bir elm sahəsində araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələr, onların çıxardığı qərarları tapmaq olar. Bütün bunlar da istənilən araşdırmada uğur qazanmaq, həmçinin qrant alınmasına kömək edir. Bu portal həmçinin ən geniş elmi referatlar bazasıdır. Portala abunə yolu ilə çıxış əldə etmək mümkündür.
Hər il “Thomson Reuters”in redaktor bazası 2000-dən artıq elmi jurnalı izləyir. Sonra onlardan 10-12 %-i bazaya yerləşdirmək üçün seçilir. Bundan əlavə, “Web of Science” həm də bütün dünya üzrə elmi işlərin istinad indeksinin müəyyənləşdirir.
Təlimdə Azərbaycan Tibb Universitetinin pedaqoji heyətinə “Web of Science” platformasında işləmək imkanları da öyrədilib.
Qeyd edək ki, 22 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platformasına çıxış əldə edib.
Bu zaman “Science Citation İndex Expanded®” (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation İndex®” (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation İndex®” (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex®” (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası)), eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə olunacaq.
Azərbaycanın ali təhsil müəssisələrinin “İnCites™” informasiya platformasında yerləşdirilmış “Journal Citation Reports” məlumat bazasına çıxış imkanları da təmin ediləcək. Bunun köməyilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər.