Bizi izləyin:
Heydər Əliyev
ATU-da akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş “İşığa baxış” adlı oftalmologiya konfransı keçirilib

ATU-da akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş “İşığa baxış” adlı oftalmologiya konfransı keçirilib

   Azərbaycan Tibb Universitetində (ATU) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş “İşığa baxış” adlı konfrans keçirilib.

        Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik Zərifə Əliyevanın həm elmi irsi, həm də mənəviyyatının cəmiyyət üçün böyük dəyər olduğunu vurğulayıb. Rektor qeyd edib ki, 1947-ci ildə ATU-nu bitirən Zərifə xanım, xüsusilə traxoma xəstəliyinin müalicəsi və sənaye oftalmologiyasının təşəkkülündə fundamental xidmətləri olan dünya miqyaslı bir alimdir: “Akademik Zərifə Əliyevanı xalqın yaddaşında əbədiləşdirən amil təkcə onun elmi uğurları deyil, həm də səmimiyyəti, təvazökarlığı və ali insani keyfiyyətləridir. Görkəmli alim, qayğıkeş ana və əsl ziyalı kimi onun qoyduğu zəngin irs bu gün də tibb işçiləri və gələcək nəsillər üçün bir həyat məktəbi, mənəvi örnək rolunu oynayır”.

          Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova bildirib ki, Zərifə Əliyeva Azərbaycan səhiyyəsi və elminin inkişafında mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərdən biridir. Komitə sədri alimin yüksək humanist dəyərlərinin, insanlara həssas və qayğıkeş münasibətinin, eləcə də ziyalılığının onu cəmiyyət üçün əsl nümunəyə çevirdiyini diqqətə çatdırıb.

       ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev Zərifə Əliyevanın elmi fəaliyyətinin yalnız nəzəri tədqiqatlarla məhdudlaşmadığını, eyni zamanda praktik tibbdə də mühüm yeniliklərə yol açdığını deyib. O, əlavə edib ki, alimin formalaşdırdığı elmi məktəb bu gün də inkişaf etməkdə və çoxsaylı mütəxəssislərin yetişməsində əhəmiyyətli rol oynamaqdadır.

       Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov isə çıxışında akademik Zərifə Əliyevanın həyatı boyu apardığı dərin elmi fəaliyyəti ilə beynəlxalq miqyasda tanındığını diqqətə çatdırıb. O vurğulayıb ki, akademikin tədqiqatları xüsusilə peşə xəstəlikləri və göz patologiyalarının öyrənilməsi sahəsində mühüm əhəmiyyət daşıyıb, eyni zamanda yüksək insani keyfiyyətləri ilə yadda qalıb.

    Daha sonra bədii hissə ilə davam edən konfransda “Həyat” teatr klubu tərəfindən hazırlanmış “Göz həkimi” tamaşasından səhnəcik təqdim olunub. Konfrans elmi sessiyalarla davam etdirilib. İki hissədən ibarət sessiyalarda “Küt zədəyə bağlı torlu qişa qopmaları”, “Katarakta cərrahiyyəsi: hansı göziçi linza, nə zaman və nə üçün?”,  “Miopiyanın inkişafı, risk amilləri və profilaktik tədbirlər”, “Refraktiv cərrahiyyə zamanı və sonra rast gəlinən fəsadlar: klinik hallar üzərində təhlil”, “Göz yaşı aparatı və onun xəstəlikləri: klinik hallar üzərində təhlil” və s. movzularda çıxışlar təqdim olunub.

   

Paylaş

Dostlarınız ilə paylaşın.