Bizi izləyin:
Heydər Əliyev
ATU-da II Pediatrik Otorinolarinqologiya konfransı keçirilib

ATU-da II Pediatrik Otorinolarinqologiya konfransı keçirilib

    Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uşaq otorinolarinqologiyasının aktual problemlərinə həsr olunmuş II Pediatrik Otorinolarinqologiya konfransı keçirilib. 

    Konfransın elmi-praktik əhəmiyyətindən danışan ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının professoru Cabbar Cəlilov bu qəbildən olan tədbirlərin müasir tibbi yanaşmaların müzakirəsi, bilik və təcrübə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, uşaq otorinolarinqologiyası sahəsində aparılan elmi müzakirələr göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına və pasiyentlərin daha effektiv müalicəsinə töhfə verir. 

    ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirərək, “Nəfəs bizim uşaqlar üçün xoşbəxtlikdir” fikri ilə tədbirin əsas məqsədini və əhəmiyyətini vurğulayıb. 

    Çıxışlardan sonra konfrans öz işinə başlayıb. İki elmi panel üzrə davam edən konfransının ilk hissəsi uşaqlarda stridor probleminə həsr olunub. Panel çərçivəsində Dosent Sənubər Vəliyeva “Uşaqlarda stridor: Diaqnostika və differensial diaqnostika”, Elnur Əkbərov “Uşaqlarda stridor - qırtlaq patologiyaları”, professor Esmira Nəsibova isə “Uşaqlarda otorinolarinqoloji əməliyyatlar zamanı anestezioloji təminatın xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər. 

    Uşaqlarda yuxu apnoesi probleminə həsr olunmuş ikinci paneldə isə professor Aytən Məmmədbəyli “Uşaqlarda yuxu ilə əlaqəli tənəffüs pozğunluqları: Nə zaman nevroloqa müraciət edilməlidir?”, PhD Xəyal Aşurəliyev “Apnoe səbəbi: Pyer-Robin sindromu”, psixoloq Faida Şaxtaxtinskaya “Apnoenin psixoloji aspektləri”, professor Vəfa Pənahian isə “Otorinolarinqoloji patologiyalar mənşəli apnoe” mövzularında məruzələrlə çıxış ediblər.

    Konfrans məruzələr ətrafında keçirilən geniş diskussiya və sual-cavab sessiyası ilə davam edib. İştirakçılar müasir diaqnostik və müalicə metodları, klinik yanaşmalar və praktik təcrübələr barədə fikir mübadiləsi aparıblar. 

    Elmi-praktik əhəmiyyət daşıyan konfrans pediatrik otorinolarinqologiya sahəsində çalışan həkimlər, rezidentlər və digər tibb mütəxəssisləri üçün aktual elmi yeniliklərin müzakirəsi, təcrübə mübadiləsi və peşəkar əməkdaşlığın inkişafı baxımından mühüm platforma olub. 

Paylaş

Dostlarınız ilə paylaşın.