Bizi izləyin:
Heydər Əliyev
ATU-nun müxtəlif idman yarışlarında fərqlənən əməkdaş və tələbələri mükafatlandırılıb

ATU-nun müxtəlif idman yarışlarında fərqlənən əməkdaş və tələbələri mükafatlandırılıb

Azərbaycan Tibb Universitetində (ATU) müxtəlif idman yarışlarında yüksək nəticələr əldə etmiş tələbə-idmançılar və onların məşqçi müəllimləri ilə görüş keçirilib. 

Görüşdə iştirak edən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov tələbələri qazandıqları uğurlara görə təbrik edib, onların nailiyyətlərinin universitetin nüfuzunun yüksəlməsinə mühüm töhfə verdiyini vurğulayıb. 

Prorektor qeyd edib ki, idmanda uğur qazanmaq böyük iradə, əzm, səbr və uzunmüddətli zəhmət tələb edir: “İnsanlar müxtəlif peşələrə təhsil almaqla yiyələnə bilərlər. Lakin idmanda yüksək nəticələr əldə etmək üçün illərlə çalışmaq, kiçik yaşlardan hazırlıq keçmək lazımdır. Sizin uğurlarınız bizi sevindirir və qürurlandırır. Universitetimizin adını yüksəldən, onu daha da şöhrətləndirən belə bacarıqlı tələbələrimizin olması çox xoşdur. Hər birinizin nailiyyəti bizim üçün dəyərlidir”. 

“Təbib” Tədris İdman Mərkəzinin müdiri, əməkdar məşqçi Qələndər Aslanov çıxışında bildirib ki, 2025–2026-cı tədris ili ərzində ATU tələbələri müxtəlif idman növləri üzrə keçirilən yarışlarda uğurla çıxış edərək çoxsaylı medal və kuboklar qazanıblar. Onun sözlərinə görə, bəzi tələbələr bir neçə yarışda iştirak edərək 6-8 medal əldə edib, bəziləri isə 42 kilometrlik marafon məsafəsini uğurla qət ediblər.

Q.Aslanov universitetin voleybol komandasının uğurunu xüsusi qeyd edərək bildirib ki, “Zəfər Festivalı” layihəsi çərçivəsində təşkil olunan yarışlarda ATU komandası 17 komanda arasında çempion olub. O vurğulayıb ki, Bakıda yerləşən 30 ali təhsil müəssisəsinin və 911 iştirakçının cəlb olunduğu festivalda ATU komandası 8 idman növü üzrə komanda hesabında birinci yerə layiq görülüb. 

ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov da tələbələri təbrik edərək onların həm təhsil, həm də idmanda qazandıqları nailiyyətlərin təqdirəlayiq olduğunu bildirib: “Həkimlik kimi məsuliyyətli və çətin bir sahədə təhsil almaqla yanaşı, idman yarışlarında da uğur qazanmağınız universitetimiz üçün sevindirici haldır. Bəzi idman növləri üzrə tələbələrimizin əldə etdiyi medalların sayı hətta ixtisaslaşmış idman təhsil müəssisələrinin nəticələrini üstələyir. Bu isə hər birimiz üçün qürur mənbəyidir”.

Sonda müxtəlif idman növləri üzrə yarışlarda fərqlənən 16 nəfər tələbə-idmançıya, onların uğurlarında böyük əməyi olan 5 nəfər məşqçi-müəllimə fəxri diplom və medallar təqdim olunub. 

Paylaş

Dostlarınız ilə paylaşın.