
Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşlarının birgə elmi fəaliyyəti nəticəsində “Helicobacter pylori” infeksiyasının müalicəsi üçün təbii mənşəli xammallar əsasında, uzunmüddətli təsirə malik innovativ qastroretentiv (mədədə qalan) fitotablet hazırlanıb. Bu yeni əczaçılıq məhsulu mədədə uzun müddət saxlanılmaqla, bioloji aktiv maddələrin mərhələli və nəzarət olunan şəkildə azad olunmasını təmin edir. Sözügedən texnoloji üstünlük “Helicobacter pylori” infeksiyasının müalicəsində tamamilə yeni və perspektivli yanaşma hesab olunur.
Mürəkkəb və çoxmərhələli hazırlanma texnologiyası ATU-nun Əczaçılıq texnologiyası kafedrasının laboratoriyasında, dosent Sevil Mehralıyevanın elmi rəhbərliyi ilə magistrant Nuranə Kapitanova tərəfindən həyata keçirilib. Tədqiqatlar çərçivəsində fitotabletin texnoloji və reoloji xüsusiyyətləri, süni mədə mühitində üzmə qabiliyyəti və şişmə indeksi, sabitliyi (stabiliteti) və dərman maddələrinin kinetik azad olunma profili kompleks şəkildə qiymətləndirilib.
Laborator şəraitdə müəyyən edilib ki, qastroretentiv fitotablet süni mədə mühitində mayeni adsorbsiya edərək xüsusi hidrogel matriksi əmələ gətirir. Bu matriksin yaratdığı aşağı sıxlıq və davamlı üzmə qüvvəsi (buoyancy force) tabletin qida və maye qəbulundan sonra belə mədə möhtəviyyatının səthində uzun müddət qalmasına şərait yaradır.
Bunun nəticəsində bioloji aktiv maddələr tədricən və nəzarət olunan sürətlə azad olur, mədənin selikli qişası ilə təmas müddəti maksimallaşır. Bu isə “Helicobacter pylori”-yə qarşı lokal terapevtik effektivliyin yüksəldilməsi üçün ən əlverişli şəraiti formalaşdırır.
Aparılmış çoxşaxəli elmi tədqiqatların fundamental nəticəsi olaraq ərsəyə gələn bu innovativ məhsul Avrasiya Patent Təşkilatı (APT) tərəfindən yüksək qiymətləndirilib və “Helicobacter pylori infeksiyasının müalicəsi üçün qastroretentiv üzən fitotablet” adlı ixtiraya Avrasiya Patenti verilib. Bununla da işlənilmiş texnologiyanın beynəlxalq səviyyədə hüquqi mühafizəsi təmin edilib.
Mürəkkəb elmi və eksperimental mərhələlərdən ibarət olan bu patentin ərsəyə gəlməsində ATU-nun Elmi Araşdırmalar Mərkəzinin Farmakologiya və toksikologiya şöbəsinin müdiri Rəna Cəfərova, Farmakoqnoziya kafedrasının baş müəllimi Zeynəb Kərimova, Əczaçılıq texnologiyası kafedrasının dissertantı Bəhruz Məmmədov və Əczaçılıq texnologiyası kafedrasının baş laborantı Nigar İsmayılovanın da xidmətləri olub.
Bu fundamental nailiyyət Azərbaycan Tibb Universitetində əczaçılıq elmi, hədəfli dərman texnologiyası və innovativ daşıyıcı sistemlər sahəsində aparılan tədqiqatların beynəlxalq arenada tanınmasının daha bir parlaq nümunəsidir. Hazırlanmış fitotabletin gələcəkdə klinik tədqiqat mərhələlərini uğurla keçərək praktik səhiyyəyə və yerli farmasevtik sənayeyə böyük töhfə verəcəyi gözlənilir.