Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyinin tövsiyəsi, dekanlıqların təşkilatçılığı ilə ənənəvi olaraq kafedralarda açıq dərslər keçirilir. Açıq dərslərin təşkilində əsas məqsəd tələbələrin nəzəri biliklərini və praktiki vərdişlərini yüksəltməklə yanaşı, həm də müasir təlim metodlarının tətbiqi ilə seçilən nümunəvi dərslərin aşkara çıxarılması, təcrübə mübadiləsinin aparılmasıdır.
Açıq dərslərdən biri II mamalıq-ginekologiya kafedrasında təşkil olunub. Kafedranın dosenti İradə Tağıyeva V kurs, 270 A qrup tələbələrinə “Uşaqlığın mioması” haqqında məlumat verib. Bu xəstəliyin uşaqlığın hormonlardan asılı olan xoşxassəli şişi olub, qadın cinsiyyət üzvlərinin ən çox yayılmış şiş xəstəliklərindən biri olduğunu bildirib: “Mioma xərçəng şişi olmadığı üçün onu xoşxassəli şiş adlandırırlar. Ancaq bəzi hallarda mioma bədxassəli şişə də keçə bilər”.
Miomanın əmələ gəlməsinin əsas səbəbinin qadın orqanizmində qanın tərkibində estrogenlərin (qadın cinsi hormonları) yüksək səviyyədə olması bildirildi.
Miomanın hansı hallarda qeyri-cərrahi yolla müalicə olunmasına və ya cərrahi müdaxiləyə zərurət yaranmasına da aydınlıq gətirildi: “Bu zaman əsas şərtlər - onun ölçüsünün 2,5 sm-dən böyük olmaması, kəskin ağrıların, xeyli dərəcədə menstrual və uşaqlıq qanaxmalarının olmamasıdır. Ancaq onu da qeyd etmək lazımdır ki, dərman preparatlarının tətbiq edilməsi ilə aparılan müalicə, miomanın heç də tam şəkildə sorulmasına səbəb olmur. Belə müalicə ilə yalnız onun inkişafını ləngitmək və ağrılı əlamətləri aradan götürmək mümkün olur. Mioma hormon asılılıqlı olduğu üçün, dərmanla müalicə üsulunda, əsasən hormonlardan istifadə edilir. Belə hallarda, adətən, qanda estrogen hormonların səviyyəsini azaldan, progesteron hormonunun səviyyəsini isə artıran dərman preparatları tətbiq edilir. Həkim tərəfindən bu preparatların təyin edilməsindən qabaq, müvafiq laborator müayinəsi aparmaqla, xəstənin qanında hormonların səviyyəsi müəyyən edilir”.
Tələbələr öz biliklərini həm nəzəri, həm də praktiki cəhətdən əsaslandıraraq mövzunu ətraflı şəkildə təhlil etdilər.
Sonra dosent İ.Tağıyeva qadınlar arasında kifayət qədər yayılmış xəstəlik olan “Endometrioz” barədə ətraflı izahat verərək tələbələrin diqqətini yeni dərsə yönəltdi. Qeyd olundu ki, bu xəstəlik zamanı uşaqlıq boşluğunun selikli qişası hər hansı bir səbəbdənsə boşluq daxilindən kənara olmaqla inkişaf etməyə başlayır.
O da vurğulandı ki, “Endometrioz” da xoşxassəli xəstəlikdir (yəni xərçəng deyil), ancaq onun digər orqanlara və toxumalara yayılması onu bədxassəli şişlər ilə oxşar edir: “Endometrioz qan və limfa axarı ilə yayılır. O, bağırsaq divarına, sidik kisəsinə, sidik axarına, qarın divarına, dəriyə keçə bilər. Onun ocaqları limfatik düyünlərdə, ağ ciyərlərdə, gözlərdə və s. orqanlarda da aşkar edilə bilər. Qadınlar endometriozla əksər hallarda dölyaratma qabiliyyəti olan yaşlarda xəstələnirlər”.
Tələbələrin fəallıq göstərdiyi müzakirələr zamanı qeyd olundu ki, “Endometrioz”un özünü büruzə verməsi üçün ən xarakter əlamət ağrılardır: “Ağrılar aybaşı öncəsi və aybaşı zamanı artaraq, aybaşı qurtaran kimi sakitləşirlər. Xəstəliyin ən çox rast gəlinən əlamətlərindən biri də aybaşından bir neçə gün əvvəl və bir neçə gün sonra uşaqlıq yolundan az miqdarda qan qarışıqlı ifrazatın olmasıdır. Bəzi hallarda endometrioz heç bir əlamət olmadan keçir və digər xəstəliklərə görə müayinə olunarkən təsadüfən aşkar edilir”.
Bu xəstəlikdə təhlükə (risk) faktorları kimi irsiyyət, hormonal tarazlığın pozulması, streslər, müxtəlif xəstəliklər səbəbindən immunitetin kəskin şəkildə zəifləməsi və s. göstərilir.
Müzakirələr zamanı xəstəliyin ağırlıq dərəcəsindən, əlamətlərin nə dərəcədə ifadə olunmasından, xəstənin yaşından, gələcəkdə ana olmaq istəyinin olub-olmamasından və s. səbəblərdən asılı olaraq həkim tərəfindən müalicə üsulunun müəyyən edilməsinə də toxunuldu: “Cərrahi müalicə təyin edildiyi halda, endometriya ocaqları laparoskopik yolla xaric edilir. Xəstəliyin ağır formasında bəzən uşaqlıq və yumurtalıqları da xaric etmək zərurəti yaranır”.
Sonda tələbələrin dərsdəki aktivliyinə görə qiymətləndirmə aparıldı.
Slaydlar və digər əyani vasitələrlə müşayiət olunan açıq dərsdə kafedranın müdiri, professor Hicran xanım Bağırova və kafedranın müəllimləri iştirak edirdilər.