Ölkəmizdə ilk dəfə Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib. AMEA-nın Təhsil Nazirliyi, Gənclər və İdman Nazirlikləri ilə birgə keçirdiyi bu toplantı Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub. Ölkənin əksər elm təşkilatları, universitetlərin nümayəndələrinin iştirak etdiyi qurultayın açılış mərasimindən əvvəl Azərbaycan gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub.
Tədbirin açılışında AMEA-nın prezidenti, akademik Akif Əlizadə qurultayın əhəmiyyətindən danışıb. O, Dövlət Proqramının gənclər siyasətini daha səmərəli həyata keçirmək, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialını üzə çıxarmaq, gənc nəslin sağlamlığını qorumaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək kimi hədəflər müəyyənləşdirdiyini diqqətə çatdırıb.
Qurultayda ATU-nu Gənc Alimlər Şurasının Sədri, ATU-nun şüa diaqnostikasi və şüa terapiyası kafedrasının assistenti, tibb üzrə fəlsəfə dokrotu Əjdər Əsədov, histologiya, embriologiya və sitologiya kafedrasının assistenti,ATU-nun xarici tələblərlə iş üzrə dekanı Orxan İsayev və ATU-nun psixiatriya kafedrasının assistenti Nərminə Quliyeva təmsil edib.
Gənc Alimlər Şurasının Sədri Əjdər Əsədov qurultaydakı çıxışında Azərbaycan gənclərinin daim dövlətin diqqət və qayğısı iə əhatələndiyini bildirib. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
“Dövlət gənclər siyasəti – yeni nəslin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir. Azərbaycanın innovasiyalı inkişafa keçidinin zəruriliyi insan kapitalının gerçəkləşdirilməsinə, insanların potensial imkanlarının səmərəli reallaşdırılmasına əsaslanan elmi strateqiyanın tətbiqini şərtləndirir. Dövlət başçısı İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomativi – qüvvəsi - kimi çıxış edəcək”.
Ə.Əsədovun bildirib ki, məhz bu hədəfin reallaşdırılması məqsədilə son illərdə gənclərin elmə cəlb olunmasına, onların xarici ölkələrdə ali təhsil almasına, sosial problemlərinin həllinə imkan yaradan mühüm dövlət proqramları hazırlanıb, sərəncam və fərmanlar imzalanıb. Dövlətin bu hədəki yürütdüyü siyasət ATU-da da uğurla icra olunur. Dövlətin elm-təhsil konsepsiyasına əsasən, Azərbaycan Tibb Universitetində də təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımi şərait yaradılıb: “Son dövrlər hər il tələbələrin müxtəlif fənlər üzrə respublika olimpiadaları, konfranslar, doktorantların və gənc tədqiqatçıların respublika simpoziumları müsabiqələr keçirilir ki, bu da elmə, elmi tədqiqatlara olan marağı daha da artırır. Son illərdə Azərbaycan Tibb Universitetinin gənc alimləri müxtəlif ölkələrdə - ABŞ, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və başqa ölkələrdə yaradıcı ezamiyyətlərdə olublar. Bunu da Azərbaycan elminin inkişafı istiqamətində atılmış mühüm addım kimi qəbul etmək olar”.
ATU nümayəndəsi bildirib ki, qurultay vasitəsilə elmi fəaliyyətin şərəfli, nüfuzlu və maddi nöqtəyi-nəzərdən cəlbedici olduğunu gənclərə nümayiş etdirmək mümkün olacaq. Çıxşının sonunda Əjdər Əsədov Azərbaycan Tibb Universitetindəki təhsil müddətini (altı il ali təhsil və beş ilə qədər rezidentura) nəzərə alaraq gənc alimlər üçün yaş həddi senzinin artırılmasını təklif edib.
Qurultayın sonunda Azərbaycan gənc alimlərinin birinci qurultayının bəyannaməsi qəbul olunub. Sənəddə bildirilir ki, intellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin koordinasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi vacibdir.