ATU-nun böyük elmi şurasında imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olunub

Böyük Elmi Şuranın dekabrın 26-da keçirilən bu ilin sonuncu iclasını açan universitetin rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Bundan sonra “Azərbaycan Tibb Universitetində 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və imtahanların mütəşəkkil keçirilməsində universitet kollektivinin vəzifələri” barədə universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin hesabat məruzəsi ilə dinlənilib.

Hesabat məruzəsində ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli sərancamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə dövlət strateğiyası”nın qüvvəyə minməsindən artıq 4 il ötdüyünü, 2017-2018-ci dərs ilinin ümumi təhsildə keyfiyyət   ili elan edildiyini vurğulayan S.Əliyev bu istiqamətdə həyata keçirilən tədbirlərin ali məktəblərə qəbulun nəticələrində də özünü göstərdiyini deyib: “Cari ildə ali məktəblərə  37624 nəfər qəbul olub. Tələbə adını qazanmış abituryentlərin bilik səviyyəsinin yüksəlməsini  aşağıdakı rəqəmlər ifadə edir: son dörd ildə 300-dən çox bal toplayanların sayı 16 faiz,  400- dən çox bal toplayanların sayı 19 faiz, 500-dən çox bal toplayanların sayı 28 faiz,  600-dən çox bal toplayanların sayı isə 43 faiz artıb”.

Hər bir ali məktəbin qazandığı müvəffəqiyyətin orada çalışan müəllimlərin keyfiyyət göstəriciləri ilə daha çox bağlı olduğunu, universitetimizdə mütəxəssis hazırlığının səviyyəsinə nəzarət və onun qiymətləndirilməsinin həm semestr dövründə, həm də hər semestrin imtahan sessiyası dövründə aparıldığını söyləyən prorektor, ona görə də bu prosesin təkcə universitet rəhbərliyinin deyil, həmçinin ölkə ictimaiyyəti və mətbuatının daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.

“Tibb təhsilinin hər iki pilləsində dərsə davamiyyətin vacibliyi müzakirə obyekti ola bilməz. Ali tibb təhsili yalnız əyani təhsildir və tələbələrin 25% -ə qədər dərs buraxması tibb təhsili üçün  məqbul sayıla bilməz” – deyən prorektor bildirdi ki, “Ali  təhsil müəssisələrinin bakalavriat və mağistratura  səviyyələrində təhsil alanların  köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürməsinə dair müvəqqəti Qaydalar”ın 3-cü bəndinə əsasən tələbənin semestr ərzində bir gün də olsa dərsə gəlməsi onun universitetdə saxlanılması üçün əsasdır: “Baçqa sözlə desək, dərsə davamiyyətə görə  universitetdən xaric olunma anlayışı artıq mövcud deyil”.

S.Əliyev bu bənddə göstərilən  25% dərsburaxma limitinin tibb təhsilinə uyğun dəyişdirilməsini məqsədəuyğun hesab edir: “Bu olmadığı halda tələbələrin bir qrupu bundan sui istifadə edir, əsasən mühazirələrdə iştirak etmirlər, təcrübə məşğələlərinə əsasən də IV-VI kurslarda kurasiya dərslərinə  1-2 saat gecikirlər. İrad tutduqda isə dərsburaxmanın qeydə alınması ilə razılaşırlar”.

Universitet rəhbərliyi tərəfindən 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mütəşəkkil keçirmək məqsədilə imzalanmış əmrə müvafiq olaraq universitetin tədris işləri üzrə prorektoru, tədris şöbəsi, ayrı-ayrı dekanlıqlar və kafedralar, virtual test mərkəzi, tədris-metodik və innovasiya şöbəsi qarşısında icra edilməsi çox vacib olan vəzifələr qoyulduğunu vurğulayan prorektor qeyd edib ki, nəzərdə tutulan əksər işlər artıq başa çatdırılmışdır: “Əmrdə kredit sistemi ilə  təhsil alan tələbələrin imtahanlarının kompyüter vasitəsilə test üsulu ilə, yalnız hərbi tibb məktəbində təhsil alanlar üçün şifahi, mağisturaturada  yazılı aparılması ğöstərilmişdir. Rektorluq şurasında aparılan müzakirələrin nəticəsi kimi kompyüter vasitəsilə test üsulu ilə aparılan imtahanların modernləşdirilməsi məqsədilə qərar qəbul edilmiş və keçən il    I kurslardan başlayaraq sualların 50-dən 25-ə  endirilməsi qərara alinmışdır. Hər sual 2 balla qiymətləndiriləcək. Bu il də 25 sualdan  15 sual tələbələrin nəzərinə çatdırılan suallardır. 10 sual isə qapalı və çox cavablı sual olacaq. Onu da qeyd edim ki, bu suallar humanitar fənlərə yox, əsasən tibb yönümlü imtahan fənlərinə tətbiq olunacaqdır. Beləliklə, hətta sualları əzbərləyən tələbə belə bütün hallarda “əla” və çox yaxşı qiymət ala bilmək üçün ən azı dərsliyi oxumalıdır”.

S.Əliyev çıxışında diplomdanson­rakı rezidentura təhsilinin vəziyyətinə də toxunub: “2017/2018-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən universitetə rezidentura üzrə I kursa 34 ixtisas üzrə 100 nəfər rezident, 9 nəfər isə xarici rezident qəbul olmuşdur. Hal-hazırda Azərbaycan Tibb Universiteti üzrə I-V kurslarda 36 ixtisas üzrə 575 rezident təhsil alır ki, onlardan 36 nəfəri xarici ölkə vətəndaşlarıdır”.

Universitetdə təhsil alan xarici ölkə vətəndaşlarının təhsilinin təşkili məsələsi üzərində də dayanan prorektor xarici ölkə vətəndaşlarının tələbə kontingentimizin önəmli hissəsini təşkil etdiyini söyləyib: “2017/2018-ci tədris ilinin əvvəlində universitetdə 1197 nəfər xarici tələbə olmuşdur. 12 nəfər universitetə bərpa edilmiş, 1 nəfər xəstəliyinə görə akademik məzuniyyətə getmişdir. 19 nəfər isə universitetdən xaric olunmuşdur. Hal-hazırda ATU-da 1189 xarici tələbə müalicə-profilaktika, stomatologiya və əczaçılıq fakültələrində təhsil alır”.

S.Əliyev çıxışının sonunda professor-müəllim heyətinin payız semestrinin imtahan sessiyasının müvəffəqiyyətlə keçirilməsi işində əzmlə çalışacağına əminliyini bildirib.

Məruzə ətrafında çıxış edən kafedra müdirləri hesabatı qənaətbəxş qiymətləndirərək payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti ilə bağlı fikirlərini və təkliflərini şura üzvləri ilə bölüşüblər.

I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov digər kurslarla müqayisədə dərsə daha çox gecikən VI kurs tələbələrinin xəstələrin diaqnostikasına və müalicəsinə, səriştəyönlü təlim kurslarına cəlb edilməsinin vacibliyindən danışıb.

İnsan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski dekanlıq nümayəndələrinin açıq mühazirələrdə və açıq dərslərdə iştirakının zəruriliyinə toxunaraq imtahana buraxılma ballarının obyektiv verilib-verilməməsini yoxlamağı təklif edib. Kafedraya gələn 70-dən yuxarı rezidentin ancaq 10 faizinin Azərbaycan Tibb Universitetindən olmasını təəssüflə qeyd edən professor təməl kafedralarında gənc kadrlara yaranan təlabatdan və bu problemin həlli yollarından da söz açıb.

Tələbələrin mühazirələrə münasibətinin qənaətbəxş olmadığını bildirən ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov bütün kurslar üzrə imtahanların çoxluğu və təkrar dinləmələrlə bağlı fikirlərini bölüşüb.

Ümumi və toksikoloji kimya kafedrasının müdiri, professor Eldar Qarayev isə mühazirələrin iingilis dilində olan versiyasını universitetin saytında yerləşdirmək təklifi ilə çıxış edib.

G.Gəraybəyli müzakirələrə yekun vuraraq Sabir müəllimin hesabatını yüksək qiymətləndirib və  çıxışlarda səslənən fikirlərə münasibətini açıqlayıb: “Təbii ki, bir elmi şurada müxtəlif məsələləri dərhal müzakirə etmək və hansısa qərar qəbul eləmək mümkün deyil. Biz bir çox məqamlar haqqında dəfələrlə danışmışıq. Belə qərara gəlmişik ki, bəzi nöqsanların hansısa kafedra və yaxud ayrıca bir müəllim səviyyəsində aradan qaldırılması mümkünsüzdür. Çünki kifayət qədər böyük vaxt aparır, əziyyət tələb edir, o qədər də effektli olmur. Ona görə də ilk növbədə sistem dəyişməlidir. Özü də elə bir formada dəyişməlidir ki, artıq o nöqsana yol vermək mümkün olmasın. Biz indi bu istiqamətdə işləyirik və əminəm ki, gələcəkdə istəyimizə nail olacağıq”.

Universitetdə ənənəvi olaraq keçirilən istehsalat müşavirələrinə birinci semestrdir ki, “stop” qoyulduğunu vurğulayan rektor əslində bu müşavirələrin ideyasının çox müsbət olduğunu, ancaq onilliklər boyu formal xarakter daşıdığından özünü doğrultmadığını deyib: “ Bəzən dekanlar tələbəyə danışmağa icazə vermirdilər. Müəllimlər də, tələbələr də bu iclaslara məcburən cəlb edilirdilər. Nəticədə sifarişli çıxışlar olurdu. Biz istehsalat müşavirələrini ləğv etməklə heç də belə görüşləri dayandırmaq fikrində deyilik. Nəyisə ləğv etmək asan, yaratmaq isə çətindir. Düşünürəm ki, həmin müşavirələrə alternativ olaraq tələbələrlə görüşlərin yeni və daha səmərəli variantları tapılmalıdır”.

Tələbələrin indi bir qədər sərbəstləşdiklərindən məmnun qaldığını bildirən G.Gəraybəyli qeyd edib ki, artıq onlar rektorun, prorektorların və dekanların qəbuluna gələrək hətta yazılı şəkildə ad çəkməklə, ünvan göstərməklə şikayətlərini edir, iradlarını çatdırırlar.

Bütün hallarda tələbənin dərsə gecikməsinin əleyhinə olduğunu söyləyən rektor gələcəkdə universitetə daxil olan I kurs tələbələri ilə imzalanan müqaviləyə bu barədə bir bəndin salınmasını da təklif edib. O, tibb təhsilinə uyğun normativlərin hazırlanması məsələsini Təhsil Nazirliyində də qaldırdığını və ciddi dəstək aldığını diqqətə çatdıraraq bildirib ki, innovasiya və tədris şöbəsi sırf tibb təhsili üçün qiymətləndirmə mexanizmi hazırlamalıdır.

“Tələbələr oxumur” tezisini qəbul etmədiyini deyən universitetin rəhbəri şəxsi təşəbbüslə təşkil olunan seminarlar və mühazirələrə tələbələrin çox böyük həvəslə gəldiyini xatırladıb: “Şənbə günü təşkil olunan belə əlavə dərslərdən birinə 120 tələbə gəlmişdi, halbuki nə qayıbı yoxlayan vardı, nə gecikməni. Əlbəttə, 15 il əvvəlin mühazirəsini oxuyan müəllimlərin dərslərinə tələbələr həvəs göstərməyəcək”.

Universitet haqqında rəy formalaşdıran xarici tələbələrin seçimində əvvəllər yol verilən nöqsanların aradan qaldırıldığını, nisbətən müəyyən yüksəlişə nail olunduğunu vurğulayan rektor  İctimai Nəzarət və Məsləhət Şurasının fəaliyyətini də yüksək qiymətləndirib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditə Şurasının müvafiq protokoluna əsasən Azərbaycan Tibb Universitetinin akkreditasiyadan keçdiyini bildirən rektor bu münasibətlə şura üzvlərini təbrik edib. Eyni zamanda təhsil haqqında Azərbaycan respublikasının Qanununu və ATU-nun nizamnaməsini rəhbər tutaraq “Nizam-intizam” komissiyasının yaradılması haqqında da məlumat verib.

Sonda namizədlikləri kollektiv tərəfindən irəli sürülən sabiq kafedra müdirləri Bahadur Baxşıyev və Əziz Talişinskini məsləhətçi- professor vəzifəsinə seçən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.