Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında xəstə təhlili ilə bağlı növbəti klinik müzakirə aparılıb.
Müzakirələrin əvvəlində çıxış edən direktorun müavini, dosent Adil Nuriyev silsilə şəklində aparılan klinik təhlillərin vacibliyini vurğulayıb və bildirib ki, aparılan bu təhlillər həm rezidentlər, həm də tələbələrin tibbi biliklərinin genişləndirilməsində mühüm rol oynayır.
Daha sonra Pulmonologiya, allerqologiya şöbəsinin həkimi Şərəf Hüseynovanın çıxışı dinlənilib.
O, kartagener sindromu haqqında danışıb və qeyd edib ki, bu, nadir rast gəlinən xəstəliklər qrupuna daxildir: “Xəstəlik zamanı diqqət yetirilməli olan əsas məqamlardan biri də uşaqların tez-tez yoluxduğu qripdir. Bəzən uşaqlar ayda 4 dəfə qrip olur. Valideynlər bunun sadəcə antibiotiklərlə qarşısını alacağını düşünür. Amma elə antibiotiklər var ki, xəstəliyi yüngülləşdirmək əvəzinə, daha da ağırlaşdırır. Ona görə də bu zaman valideynlər həkim göstərişi olmadan heç bir antibiotiki uşağa verməməlidirlər”.
Klinik təhlili aparılan 12 yaşlı qız barəsində danışan həkim, uşaqda belə halların olduğunu bildirib: “Uşaq klinikamıza yüksək hərarət, burnundan irinli axıntı, bəlğəmli öskürək, əsasən səhərlər bəlğəmin çox olması şikayəti ilə gətirilmişdi. İştahsız və çox zəif idi. Müayinələr etdik və qərara gəldik ki, kompüter tomoqrafiyasından keçsin. KT-dan sonra uşaqda kartagener sindromu aşkarlandı və dərhal müvafiq müalicələrə başlanıldı”.
Kartagener sindromunun əsas əlamətlərindən danışan həkim, bu xəstəliyin respirator xəstəlik kimi özünü biruzə verdiyini deyib: “ Otitlər, sinusitlər, pnevmaniya da bu xəstəliyin əlamətləri sırasına daxildir”.