Böyük Elmi Şuranın dekabrın 25- də keçirilən bu ilin sonuncu iclasını açan universitetin rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Bundan sonra “Azərbaycan Tibb Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və imtahanların mütəşəkkil keçirilməsində universitet kollektivinin vəzifələri” barədə universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin hesabat məruzəsi dinlənilib.
Hesabat məruzəsində ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli sərancamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə dövlət strateğiyası”nın qüvvəyə minməsindən artıq 5 il ötdüyünü, bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atıldığını və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasının sürətləndiyini deyib: ”Ümumi təhsildə yeni proqramların tətbiqi başa çatdırılmış, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənmiş, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatmış və bu günlərdə yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətiliyinin artırılması üzrə Dövlət Proqramı qəbul edilmişdir”.
Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllim nüfuzunun yüksəldiyini, istedadlı gənclərin müəllimlik peşəsinə marağının əhəmiyyətli dərəcədə artdığını söyləyən prorektor, qazanılan uğurları dövlətin təhsil sahəsinə diqqət və qayğısının təzahürü kimi dəyərləndirdib.
S.Əliyev çıxışında universitetin tədris hissəsi və fakültə dekanları tədris prosesinə nəzarət etməklə yanaşı tələbələrin dərsə dəvamiyyətini yoxlamaq məqsədi ilə tez-tez reydlər keçirmələrini məqsədəuyğun hesab edir: “Bu istiqamətdə universitet tərəfindən 2018/2019-cu tədris ilində dəvamiyyət kriteriyalarını dəyişərək qayıb limitinin 20%-ə salınması və əlavə olaraq mühazirələrdə iştirak etmə faizini ayrıca olaraq 40%-ə endirilməsi çox vacib addımlardan biridir. Onun nəticəsi olaraq, yuxarı kurslarda dəvamiyyət göstəriciləri də müsbət tərəfə xeyli dəyişikliklərlə qeyd olunmuşdur”.
“Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya şöbəsinin nəzarəti altında yeni proqramlarda təlim nəticələrinin olmasına xüsusi diqqət yetirilir” deyən prorektor bildirib ki, bir çox kafedralarda cari mənimsəmə test suallarından istifadə etməklə, nəzəri kafedralarda tələbələrin kollokium cavabları vastəsi ilə qiymətləndirilir: “2018/2019-cu tədris ilində bu işin davamı olaraq universitetimizdə ilk dəfə I kurs tələbələri kompüter üsulu ilə aralıq qiymətləndirmə, yəni II kollokiumların İTM vermişdir. Bu tələbələrin bilik səviyyəsinin semestr daxili qiymətləndirilməsini daha mütəşəkkil və effektiv aparılmasını təmin edən bir addımdır kı, artıq dünyada və eləcə də ölkədaxili digər ali təhsil müəssisələrində geniş istifadə olunur. Aralıq qiymətləndirmənin gedişində iştirak edən hörmətli rektorumuz, professor G.Gəraybəyliyə tələbələr bu qaydalarla test üsulu ilə aparılan ara sorğudan razı qaldıqlarını bildiriblər”.
Tədris prosesinin keyfiyyətli aparılmasında maddi-texniki bazanın böyük rol oynadığını vurğulayan prorektor dedi ki, universitet rəhbərliyi bu sahədə kafedralara daim köməklik göstərir. Belə ki, onlar tədris avadınlıqları və mebellərlə təchiz olunmuş, əksər kafedralar kompüter, noutbuk, manitorlar verilmiş və internetə çıxış imkanları yaradılmışdır.
Sözünə davam edən S. Əliyev vurğuladı ki, “Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə”nin 4-cü bəndinin tələblərinə uyğun olaraq 2018/2019-cu tədris ilindən etibarən ATU- nun müəllim heyətinin peşə fəaliyyəti reytinq balları ilə qiymətləndirilir. Reytinq balları sırasına müəllimlərin tədris, tədris-metodik və elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, praktik həkimlik təcrübəsi, nəşr etdirdiyi dərslik, dərs vəsaitləri, məqalələr, tezislər, universitetin ictimai həyatında fəallığı, onların tələbələr tərəfindən anket sorğusu vasitəsilə qiymətləndirilməsi və s. nəzərdə tutulmuşdur.
Universitet rəhbərliyi tərəfindən 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını mütəşəkkil keçirmək məqsədilə imzalanmış əmrə müvafiq olaraq universitetin tədris işləri üzrə prorektoru, tədris şöbəsi, ayrı-ayrı dekanlıqlar və kafedralar, imtahan test mərkəzi, tədris-metodik və innovasiya şöbəsi qarşısında icra edilməsi çox vacib olan vəzifələr qoyulduğunu söyləyən prorektor qeyd edib ki, nəzərdə tutulan əksər işlər artıq başa çatdırılmışdır: “Əmrdə kredit sistemi ilə təhsil alan tələbələrin imtahanlarının kompyüter vasitəsilə test üsulu ilə, yalnız hərbi tibb məktəbində təhsil alanlar üçün şifahi, mağisturaturada yazılı aparılması ğöstərilmişdir. Rektorluq şurasında aparılan müzakirələrin nəticəsi kimi kompyüter vasitəsilə test üsulu ilə aparılan imtahanların modernləşdirilməsi məqsədilə qərar qəbul edilmiş və keçən il I, II və III kurslardan başlayaraq sualların 50-dən 25-ə endirilməsi qərara alinmışdır. Hər sual 2 balla qiymətləndiriləcək. Bu il də 25 sualdan 15-i tələbələrin nəzərinə çatdırılan suallardır. 10 sual isə qapalı və çox cavablı sual olacaq. Onu da qeyd edim ki, bu suallar humanitar fənlərə yox, əsasən tibb yönümlü imtahan fənlərinə tətbiq olunacaqdır. Beləliklə, hətta sualları əzbərləyən tələbə belə bütün hallarda “əla” və çox yaxşı qiymət ala bilmək üçün ən azı dərsliyi oxumalıdır.”
S.Əliyev çıxışında diplomdansonrakı rezidentura təhsilinin vəziyyətinə də toxunub: “Ötən illərdə olduğu kimi cari tədris ilində də universitetdə rezidentura üzrə dərslər tədris planına uyğun aparılır. II-V kurslarda təhsillərini başa vuran 417 nəfər cari dövrü attestasiyadan müvəffəqiyyətlə keçmiş və təhsillərini davam etdirirlər. 14 nəfər rezident isə I mərhələdə dövrü attestasiyadan keçməmişlər. Hesabat ilində 16 nəfər müxtəlif səbəbdən rezidenturadan xaric olunmuş, onlardan 1 nəfəri xarici rezidentdir. 31 nəfər analıq məzuniyyətinə getmişdir.
Bu il universitetin II-V kurslar üzrə 127 nəfər rezidenturanı bitirmişdir.
Ümumilikdə, bu il ilk dəfə bütün kurslar üzrə respublikada 300 nəfər rezidenturanı bitirərək həkim-mütəxəssis adına layiq görülmüşlər.
“2018/2019-cu tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən universitetə rezidentura üzrə I kursa 36 ixtisas üzrə 225 nəfər rezident, 11 nəfər isə xarici rezident qəbul olmuşdur. Hal-hazırda Azərbaycan Tibb Universiteti üzrə I-V kurslarda 36 ixtisas üzrə 661 rezident təhsil alır ki, onlardan 36 nəfəri xarici ölkə vətəndaşlarıdır”.
Universitetdə təhsil alan xarici ölkə vətəndaşlarının təhsilinin təşkili məsələsi üzərində də dayanan prorektor xarici ölkə vətəndaşlarının tələbələrin önəmli hissəsini təşkil etdiyini söyləyib: “Hal-hazırda ATU-da 26 ölkədən 1590 nəfər xarici tələbə təhsil alır. Bunlardan 2 nəfər İordaniya vətəndaşı dövlət xətti ilə oxuyur. 15 ölkədən isə 175 dinləyici var . Bundan əlavə universitetdə 37 nəfər rezidenturada təhsil alırlar. Universitetimizdə xarici tələbələrin sayının artırılması məqsədilə dekanlığın əməkdaşları təhsil sahəsində dünyanın müxtəlif ölkələri və unversitetləri ilə əlaqələri genişləndirirlər. Xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayı ildən ilə artır. Artıq 15 ildir ki, universitetimizdə tədris ingilis dilində aparılır. Bu da xarici ölkə vətəndaşlarının universitetə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir.”
S.Əliyev çıxışının sonunda professor-müəllim heyətinin payız semestrinin imtahan sessiyasının müvəffəqiyyətlə keçirilməsi işində əzmlə çalışacağına əminliyini bildirib.
Məruzə ətrafında çıxış edən kafedra müdirləri Əlihüseyn Hidayətov, Çingiz Rəhimov, Ədalət Həsənov və Eldar Qarayev hesabatı qənaətbəxş qiymətləndirərək payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti ilə bağlı fikirlərini və təkliflərini şura üzvləri ilə bölüşüblər. Natiqlər təməl kafedralarında gənc kadrlara yaranan təlabatdan və bu problemin həlli yollarından da söz açıblar. Onlar gənc peşəkarların sayının artırılması üçün düzgün seçim edilməsinin vaxtının çatdığını dilə gətirdilər.
G.Gəraybəyli müzakirələrə yekun vuraraq Sabir müəllimin hesabatını yüksək qiymətləndirib və çıxışlarda səslənən fikirlərə münasibətini açıqlayıb: “ Hər il istər sessiya ərəfəsində, istərsə də sessiyanın sonunda imtahanların təşkili və nəticələri barədə müzakirələr aparırıq. Əminliyimizi bildiririk ki, növbəti sessiya da uğurla keçəcək. Ancaq etiraf edək ki, son nəticə olaraq universiteti bitirən tələbələrin həm təcrübi, həm də nəzəri bilikləri istədiyimiz səviyyədə deyil. Biz bu barədə düşünməliyik. Haradasa ya təhsil sahəsində, ya tədris üsulunda, ya qiymətləndirmədə nəyisə dəyişməli, tələbələrin bilik səviyyəsini müasir standartlara çatdırmağa çalışmalıyıq. Diqqət etsək görərik ki, ölkə rəhbərliyi təhsilə və səhiyyəyə xüsusi diqqət ayırır. Elə bir il olmaz ki, təhsilə aid hansısa qanun və Proqramlar qəbul olunmasın. Bu onu göstərir ki, təhsil sisteminin müasirləşməsi və təkmilləşməsi ölkə rəhbərinin diqqət mərkəzindədir. Sabir müəllimin də qeyd etdiyi kimi ”2019-2023-cü illərdə Azərbaycan Respublikasında Ali Təhsil sisteminin beynəlxalq rəqabətliliyin artması üzrə Dövlət Proqramı” qəbul edilib və cənab İlham Əliyev tərəfindən imzalanıb.
Sözünə davam edən rektor bu proqramda göstərilən məsələlərin bütün ali təhsil müəssisələrinə aid olsa da prioritet istiqamətlərdən biri də tibb təhsili olduğunu vurğuladı: “Biz işçi qrupu formalaşdırmışıq. Bu işçi qrupu artıq Türkiyəyə səfər edib, ikili diplom məsələsi ilə bağlı lazımı işlər görürlər. İstər müəllimlərin qurultayında istərsə də keçən həftə Dünya Bankı tərəfindən insan resusları ilə bağlı təşkil edilən forumda ölkədə səhiyyə və təhsilin təkmilləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilib. Hesab edirəm ki, biz də qabaqcıl universitet olaraq öz gündəlik təhsilimizdə bu barədə düşünməliyik.”
Bal reytinq attestasiyasının bu ildən etibarən fəaliyyətə başladığını bildirən G.Gəraybəyli qeyd edib ki, bal reytinq attestasiyası işləyənlərin klinik fəaliyyətini qiymətləndirməsi zəruridir: ”Bu sistem həm də yaş senzi məhdudiyyətini aradan qaldırdı. Şübhəsiz ki, bu sistem də ildən ilə təkmilləşdiriləcək indiki səviyyəsində qalmayacaq.”
Aralıq qiymətləndirmə imtahanın tətbiqinin müsbət nəticə verdiyini söyləyən rektor burada müəyyən texniki problemlərin olmasına baxmayaraq bu məsələnin də öz həllini tapdığını dedi.
Bir qrup əməkdaşımızın bu günlərdə Hacıtəpə Universitetində olduğunu da diqqətə çatdıran rektor dedi ki, məqsəd onların qabaqcıl təcrübələrini öyrənib işimizə tətbiq etməkdir: “Dövlətimiz hələ illər öncə gəncləri xaricə göndərib magistratura və bakalaviatura səviyyəsində oxutdururdu. Məqsəd isə ondan ibarət idi ki, tələbələr təhsil aldığı ölkədəki biliyi və təcrübəni ölkəmizdə bölüşüb, paylaşacaqlar və istifadə edəcəklər. Bu da bizə imkan verir ki, xaricdə təhsil almış tələbələri kafedramıza cəlb edək və kafedraların potensialını artıraq. Bu yaxınlarda doktoranturatya qəbul haqqında elan dərc olunub. Görürəm ki, professorlar əvvəlcədən kimlərinsə namizədliyini nəzərə alaraq onların sənədlərini doktoranturaya təqdim edirlər. Xahiş edirəm, namizədləri seçəndə onların müasir bilik səviyyəsi və xarici dili bilib- bilməməyi də nəzərə alınsın. Çünki xarici dili bilməyənlər doktoranturaya qəbul olmayacaqlar. Bu gün xarici ədəbiyyata çıxışı olmayan insan alimlik adı daşıya bilməz.”
Kafedraların tədris proqramları müasir səviyyəyə uyğun tərtib edilməsini də önə çəkən rektor dedi ki, bu proqramların tərtibində xaricdə təhsil almış mütəxəssislərin potensialından da istifadə etmək lazımdır.
G.Gəraybəyli dedi ki, rezidenturaya qəbulun müasirləşməsi də günümüzün aktual məsələlərindəndir: “Rezidenturaya qəbul qaydalarında bizim də öz təklifimiz var. Hesab edirəm ki, hazırladığımız bu təkliflər növbəti ildə öz əksini tapacaq.”
Kitab probleminə də diqqət çəkən rektor dedi ki, dünyada gedən qloballaşma prosesi təhsildən də yan keçməmişdir: “Çox vaxt Türkiyədə, Almaniyada standartlaşmış dərsliklərdən istifadə edirlər. Tapşırıq vermişik ki, biz də bu dərslikləri gətirək proqramlarımıza uyğunlaşdıraq. Kafedra müdirlərinin diqqətinə çatdırmaq istərdim ki, bu prosesdə aktiv iştirak etsinlər. Çünki hər bir fakültə üçün yazılan dərslik və dərs vəsaitləri müasir tələblərə cavab verməlidir. Bəlkə, hansısa tərcüməçiyə ödənilən vəsaiti kafedra əməkdaşlarına verək. Onlar daha səlis tərcümə edə bilərlər.”
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivə işlərində müvəffəqiyyətlər və ruzi- bərəkət arzulayan rektor bu münasibətlə şura üzvlərini təbrik edib. O, eyni zamanda “Nizam-intizam” komissiyasına da tapşırıqlarını verib.
Sonda dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşr olunmasını təsdiqləyən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.