Farmakologiya kafedrasında tədris- metodik seminar keçirilib

Müasir dövrdə təhsilin Avropa təhsil sisteminə inteqrasiya olunması üçün universitet rəhbərliyi bir sıra əməli tədbirlər proqramı hazırlayıb həyata keçirir. Bu proqram çərçivəsində kafedralarda da müxtəlif elmi- metodiki seminarlar və elmi- kütləvi tədbirlər yer alıb.

 

Yanvarın 14-də növbəti keçirilən seminarı giriş nitqiylə açan kafedranın müdiri, professor Musa Qəniyev bu tədbirin əhəmiyyətindən danışıb: “Artıq bir neçə ildir ki, kafedramızda tədris prosesində müəyyən fasilələr yarananda, yəni qışda və yayda dərs prosesi başa çatdıqdan sonra kafedra əməkdaşları tərəfindən proqrama uyğun bir mövzu təqdim olunur. Təqvim planına daxil olan dərslərin müzakirəsi zamanı hər mövzu üzrə tələbələrə verilməsi lazım olan yeniliklərdən söhbət açılır və həmin yeniliklər təhlil olunaraq dərs prosesinə daxil edilir. Bu seminarların keçirilməsində əsas məqsəd tədris prosesinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də dünyada farmakologiya sahəsində baş verən yeniliklərin dərs prosesinə uyğunlaşdırılmasıdır. Yalnız müəllimlərin iştirak etdiyi bu seminarların əsas qayəsi tədris prosesinin keyfiyyətini yaxşılaşdırmaq və Avropa təhsil sisteminə yaxınlaşmaqdır. Belə ki, qışda və yayda dərs prosesi başa çatdıqdan sonra qarşıdan gələn semestrdə keçiləcək dərslərə aid bölgülər aparılır, müəllimlərə proqrama uyğun mövzular verilir. Onu da qeyd edim ki, hələ təhsil sistemi klassik variantda olduğu dövrdə də biz bu cür tədris-metodik seminarları keçirirdik. Kafedramızda bir ənənəyə çevrilən bu seminarlar artıq dekabrın sonlarından etibarən start götürüb və həftə ərzində müəllimlərimiz bir sıra müvafiq mövzular üzrə çıxış edirlər”.

 

Bu seminar isə qış fəslinə təsadüf etdiyindən mövsümə uyğun olaraq kafedranın dosenti Aydın Əliyev və kafedranın assistenti Mətanət İsmayılova “Tənəffüs orqanlarının funksiyasına təsir göstərən dərman maddələrinin farmakologiyası” mövzusunda çıxış ediblər. Hər iki məruzəçilər tənəffüs stimulyatorları, öskürək əleyhinə dərman maddələri və bəlğəmgətirici maddələr haqqında geniş məlumat veriblər. Onlar tənəffüs ritminin pozulması zamanı istifadə olunan dərman vasitələrinin orqanlarda müxtəlif funksiyaları və dərmanların orqanlara təsir mexanizmlərindən bəhs ediblər.

 

Tənəffüs orqanlarına təsir edən maddələri diqqətə çatdıran məruzəçilər bildiriblər ki, tənəffüs aktının normal funksional vəziyyəti bir sıra amillərdən-uzunsov beyində yerləşən tənəffüs mərkəzinin normal funksional vəziyyətindən, tənəffüs aktında birbaşa iştirak edən tənəffüs orqanlarından və köməkçi sistemin fizioloji halından asılıdır.

 

Geniş diskussiya formasında keçən tədris- metodik seminarda təcili və təxirəsalınmaz bir sıra dərman maddələrindən və o cümlədən dərmanların öskürək əleyhinə istifadə qaydalarının əhəmiyyəti barədə də söhbət açılıb.

 

Tədris-metodik seminarın sonunda kafedra əməkdaşlarını düşündürən suallar məruzəçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.