ATU-nun stomatologiya fakültəsinin rəhbərliyi tələbələrini dinlədi

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin rəhbərliyi birinci və ikinci kurs tələbələri ilə görüş keçirib. Görüşün məqsədi aralıq qiymətləndirmə prosesinin gedişi ilə maraqlanmaq, tələbələri narahat edən məsələlərin həllinə yardım etməkdən ibarət olub.

 

ATU-nun stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov tələbələrin səmimi şəkildə problemlərinin səsləndirməsini istədi. Görüş zamanı aşağı kurs tələbələrinin şikayət və təklifləri dinlənildi. Əsasən 3 aralıq qiymətləndirmənin tətbiqi ilə bağlı narahatlıq dilə gətirildi. Tələbələr bəzən bu səbəbdən gündəlik dərslərin hazırlığını çatdırmadıqlarını bildirdilər.  

 

Qiymətləndirmənin sayının azaldılmasını təklif edən tələbələr həm də dərslik çatışmazlığı ilə  bağlı problemlərdən də danışdılar. Belə ki, fakültədə təhsil alan əcnəbi tələbələr Ortopedik stomatologiya kafedrasında ingilis dilində dərsliklərin yetərincə olmadığını bildirdilər. Onlar həmçinin bəzi kafedralarda müəllimlərin ingilis dili biliyinin qənaətbəxş olmadığını diqqətə çatdırdılar. Miqrasiya idarəsi ilə bağlı sənədlərin gecikdirilməsindən də narahatlıqlarını ifadə etdilər.

 

Tələbələr birinci kollekviumlarda yüksək bal yazılmamasından şikayət etdilər. Həmçinin, II aralıq qiymətləndirmə zamanı kafedraların VTM-ə yalnız mürəkkəb suallar verdiyini, asan və orta mürəkkəb dərəcəli sualların olmadığını, bəzən sualların anlaşılmadığını bildirdilər.

 

Anatomiya kafedrası ilə bağlı bir sıra məsələlər də qaldırıldı. Məsələn, kitab almayan tələbələrin referatların qəbul olunmadığını, 1-ci kollekviumda lap bir sualın cavabsız qaldığı təqdirdə bal yazılmadığını, gecikmələrlə bağlı daha sərt qaydaların tətbiq olundğunu bildirdilər.

 

Görüşdə qaldırılan məsələlər ali məktəbin tədris-hissə müdiri və dekanlıq rəhbərliyi tərəfindən yerindəcə müzakirə olundu, bəzilərinin həlli ilə bağlı tapşırıqlar verildi. Bəzi məsələlərlə bağlı universitet rəhbərliyi qarşısında məsələ qaldırılacağı bildirildi. ATU-nun tədris-hissə müdiri Samir Cavadov bildirdi ki, aralıq qiymətləndirmənin sayı Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşir və artıq bu yükün azaldılması ilə müvafiq qurumlara müraciət edilib. Samir Cavadov həmçinin dərs cədvəli ilə bağlı narazılıqlara da aydınlıq gətirib.

 

ATU-nun stomatologiya fakültəsinin akademik məsləhətçisi Qələndər Aslanov fakültədə ixtisas klinik fənlərin  həftədə cəmi bir dəfə, gigiyena dərsinin isə iki dəfə keçirilməsinə də aydınlıq gətirib. Qeyd edib ki, gigiyena fənni cəmi bir semestr keçirilir və bu səbəbdən fənnin mənimsənilməsi üçün  həftədə iki dəfə dərs salınıb. Amma Klinik fənn üzrə dərslər isə bütün təhsil müddəti boyunca 8 semestr ərzində keçirilir.

 

Görüşdə xarici tələbələrlə iş üzrə dekan müavini Mahmud Bağırzadə də iştirak edirdi.