Tədris Terapevtik Klinikada Azərbaycan Tibb Universitetin və “Uşaqların Sağlam Gələcəyi” ictimai birliyinin təşəbbüsü ilə Pediatriya üzrə simpozium keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bildirib ki, belə simpoziumların universitetimizdə keçirilməsi artıq bir ənənə halı alıb. Amerika Avstriya Fondunun 1997- ildə təsis edildiyini diqqətə çatdıran prorektor qeyd edib ki, bu təşkilat pediatriyanın müxtəlif sahələrinə dair bir sıra istiqamətlərdə simpozium və seminarlar təşkil edir. Universitetimizin bu təşkilatla 2013- cü ildə əməkdaşlıq haqqında memorandum imzaladığını vurğulayan R. Bəylərov bu fondun formatı və eləcə də dünyadakı rolundan söhbət açaraq bugünki simpoziumun keçirilməsinin universitetimiz üçün də böyük əhəmiyyət kəsb etdiyini söyləyib: “Uşaqların Sağlam Gələcəyi” ictimai birliyi 14 ildir ki, ölkəmizdə fəaliyyət göstərir. Onların təşkil etdiyi tədbirlərdə mən də dəfələrlə iştirak etmişəm. Və inanıram ki, bu günki simpozium da mütəxəssislərimiz üçün çox maraqlı olacaq. Hörmətli rektorumuz, professor Gəray Gəraybəylinin də istəyidir ki, universitetimizdə belə elmi simpoziumlar tez- tez təşkil keçirilsin. Bunun üçün də tədbirin təşkilinə görə mən bu təşkilatın rəhbərliyinə bəri başdan təşəkkür edirəm.”
Sözünə davam edən prorektor daha sonra məruzə etmək üçün ATU- ya gəlmiş Avstriyanın Graz Tibb Universitetin professoru Reynhold Kerbini tədbir iştirakçılarına təqdim edib. Onun dünyada tanınmış bir pediatr- mütəxəssis kimi bir neçə elmi kitabın və monoqrafiyanın müəllifi olduğunu diqqətə çatdıran R. Bəylərov burada dinləniləcək məruzələrin tibb sahəsində çalışan hər kəs üçün maraqlı olacağını qeyd edib. Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Cəmiyyətinin prezidenti, professor Amaliya Əyyubova bu pediatriyanın inkişaf yolundan söhbət açıb. O, ölkəmizdə tibbib bu sahəsinin nəzəri cəhətdən kifayət qədər yaxşı öyrənildiyini deyərək son vaxtlar praktiki fəaliyyətdə də xeyli uğurlar qazanıldığını və mövcud problemlərin həlli istiqamətində məqsədyönlü işlər aparıldığını söyləyib.
Avstriyanın Graz Tibb Universitetin professoru Reynhold Kerbinin “Naməlum mənşəli qızdırmalar”, “Limfadenapatiya”, “Avstriyada erkən yardım və erkən müdaxilə” və ”Yuxu təbabəti” adlı məruzələrindən sonra USG İB və HB Güvən klinikasının həkimi, nevroloq Rima İbadova “Yuxuda baş verən paroksizmal pozuntuların differensasiyası”, ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti Fəxriyyə Məmmədova “Birləşdirici toxumaların displaziyası: problemin həllinə müasir yanaşma”, və ATU-nun II uşaq xəstəlikləri kafedrasının asistenti Sevinc Muxtarova isə “Göbək ciyəsinin gec bağlanmasının yenidoğulmuşun sağlamlıq vəziyyətinə təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.
Simpoziumun sonunda sertifikatlar təqdim edilib.