Ürəyimizi kəskin koronar sindromdan qorumaq üçün bunları bilməliyik

 

Orqanizmin əsas yükünü daşıyan ürəklə bağlı xəstəliklər hər zaman diqqət mərkəzindədir. Təəssüf ki, hələ də əksər ölkələrdə ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Son zamanlar gənclərdə də rast gəlinən ürək problemlərindən biri isə kəskin koronar sindromudur.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının Uzman invaziv kardioloqu Aqil Allahverdiyev bildirir ki, bu kəskin koronar sindromu ürək əzələsinin oksigenlə tələbatı və təminatı arasında yaranan uyğunsuzluq nəticəsində meydana çıxır: “Ürək əzələsinin qan təchizatının pozulması nəticəsində ürəyi qidalandıran arterial damarların içərisində və divarlarında aterosklerotik düyünlər əmələ gəlir, iltihablaşır, yırtılır və ya bu damarların spazmı baş verir. Oksigen və qida maddələrini ürək əzələlərinə çatdırılmasında iştirak edən bu arterial damarlar tıxanarsa və hüceyrələrə oksigen tədarükü pozularsa, ürək əzələlərinin hüceyrələri ölə bilər”.

Kəskin koronar sindromu bəzən ani olaraq başlayır və sinədə, döş qəfəsində, döş sümüyünün arxasında - ümumiyyətlə bütün orqanizmdə güclü narahatlıq hissi yaradır.  Xəstəliyin əsas əlamətləri sinə ağrısı, ümumi narahatlıq; bir və ya hər iki qolda, kürəkdə yanğı hissi; çənəyə və boyuna yayılan ağrı və diskomfort, hərəkət zamanı ağrıların kəskinləşməsindən ibarətdir. Bu zaman həm də halsızlıq, baş gicəllənmə və ya baş dönmə,  tərləmə (xüsusilə soyuq tər) mədə bulanması və qusma, nəfəs darlığı və təngnəfəslik müşahidə olunur.

Kardioloq A.Allahverdiyev deyir ki, bu cür ciddi əlamətlər müşahidə edilərsə, dərhal təcili yardım çağırılmalıdır və kardioloji müayinə həyata keçirilməlidir. Çünki vaxtında edilmiş müdaxilə ilə tıxanmış damar açılır və ürək əzələsinin zədələnməsinin qarşısı alınmış olur.

Kəskin koronar sindrom zərərli vərdişlərə aludə olan, passiv həyat tərzi keçirən, daim stressə məruz qalan, siqaret çəkən və qeyri-rasional qidalanan şəxslərdə daha çox rast gəlinir. Həkim kardioloq Aqil Allahverdiyev xəstəliyin dəyişməyən risk faktorları sırasında isə qanda xolesterin səviyyəsi, irsiyyət, hipertoniya, şəkərli diabetin mövcudluğunu qeyd edir. Həkim əminliklə bildirir ki, passiv həyat tərzindən çəkinməklə və mütəmadi müayinələrdən keçməklə ürəyi qorumaq, sağlam yaşayaraq  ömrü uzatmaq olar.