16 oktyabr Ümumdünya Anestezioloqlar Günüdür
Hər il oktyabrın 16-da Ümumdünya Anestezioloqlar Günü anestezioloq-reanimatoloqlar və tibbin bu sahəsinin mütəxəssisləri tərəfindən peşə bayramı kimi qeyd olunur.
ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı, Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, Səhiyyə Nazirliyinin anesteziologiya və reanimatologiya üzrə eksperti İsrail Məhərrəmbəyli bildirir ki, reanimatologiya canlandırma ilə məşğul olan bir elmdir və 3 əsas istiqaməti var: reanimasiya, intensiv terapiya, anesteziya.
Onun sözlərinə görə, anesteziologiya əsasən ağrısızlaşdırma ilə məşğuldur və tarixi çox qədim zamanlara gedib çıxır: “Araşdırmalar göstərir ki, eramızdan əvvəl və eramızın ilk minilliyində anesteziya məqsədilə bir çox dərmanlardan istifadə olunub. Bu dərmanlar və üsullar primitiv mahiyyət daşıyıb. Yəni müəyyən bitkilərin yarpaqlarından, köklərindən istifadə etməklə xəstələrdə ağrısızlaşma aparılıb. Amma müasir anesteziologiyanın tarixi XIX əsrin ortalarına təsadüf edir. Belə ki, 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi Tomas Morton müəllimi, həkim və kimyaçı Çarlz Ceksonun tövsiyəsi ilə üz hissədən şişi götürmək üçün efir narkozu altında əməliyyat aparıb. Anesteziyaedici kimi o, dietil efirinin inhalyasiyasını tətbiq edib və tibb tarixində ilk dəfə olaraq ümumi narkoz anesteziya ilə əvəz olunub. Ona görə də oktyabrın 16-sı Dünya Anestezioloqlar Günü kimi qəbul edilib”.
İ.Məhərrəmbəyli müasir anesteziologiyanın inkişaf tarixinin şərti olaraq 6 mərhələyə bölündüyünü deyir: “Birinci mərhələ efir narkozuna qədərki dövrdür. Bundan sonra efir narkozunun tətbiqi mərhələsidir. Üçüncü mərhələ yerli anesteziologiyanın tətbiqidir. Bu mərhələdə göz həkimi Karl Koller göz əməliyyatında ilk dəfə olaraq kokain məhlulundan keyləşdirmə məqsədilə istifadə etmişdir. Dördüncü mərhələ venadaxili anesteziyadır ki, tətbiqinə 1902-ci ildə başlanılmışdır. Sonrakı mərhələlərdə isə bir çox kəşflərin, o cümlədən süni tənəffüs aparatlarının anesteziologiyaya tətbiqi bu sahənin inkişafına böyük təkan vermişdir”.
Azərbaycanda anesteziologiya-reanimasiya xidmətinin təşkilinə ötən əsrin 60-cı illərində başlanıldığını söyləyən mütəxəssis, anesteziologiyanın bir elm kimi 70-ci illərdən tədris edildiyini bildirir: “1974-cü ildə Azərbaycan Tibb Universitetində Anesteziologiya-
Müsahibimiz Anesteziologiya və reanimatologi kafedrasının ATU-nun Tədris Terapevtik, Tədris Cərrahiyyə və Onkologiya klinikalarında anestezioloji xidmət apardığını vurğulayır. Qeyd edir ki, Tədris Cərrahiyə Klinikasında artıq çoxsaylı anestezioloqlarımız var: “Klinikanın 20-dən artıq əməliyyat blokunda kardiocərrahi əməliyyatlardan tutmuş, transplantoloji əməliyyatlara qədər ən müasir, mürəkkəb əməliyyatlar həyata keçirilir. Həmin əməliyyatlar zamanı anestezioloji xidmət aparanlar ATU-nun məzunları və kafedranın əməkdaşlarıdır”.
Əvvəlki illərlə müqayisədə gənclərimizin bu sahəyə marağının xeyli artdığını diqqətə çatdıran dosent İ.Məhərrəmbəylinin sözlərinə görə, Tədris Cərrahiyə Klinikasında 30-dan çox rezidentimiz fəaliyyət göstərir. Bu il də 20-dən çox rezident anesteziologiya ixtisası üzrə qəbul olunub. Artiq III kurs rezidentlərimiz sərbəst anestezioloji xidmət apara bilirlər.