Bu modeldə sağlamlıq - həm də sosial və psixoloji olaraq optimal firavanlıq halı kimi qiymətləndirilir
Son dövrlər ölkəmizdə bir sıra yeni sahələr formalaşır ki, onların içərisində ailə həkimliyi institutu xüsusi yer tutur. Əhatə dairəsinin çox geniş olduğunu da nəzərə alsaq, bu yeni sahənin mahiyyətini, əhəmiyyətini cəmiyyətə daha yaxşı anlatmağa böyük ehtiyac var. Ona görə də mütəxəssisə müraciət etmək qərarına gəldik. Suallarımızı ATU-nun Ailə təbabəti kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, tibb elmlər doktoru, professor İbrahim İsayev cavablandırdı.
“Ailə cəmiyyəti əmələ gətirən kiçik bir qrup olmaqla, insanın doğulduğu və ən əsas ehtiyaclarının qarşılandığı, birgə yaşayışa hazırlandığı məkandır. Bu qrupda insanlar bir-birinə qan və evlilik bağı ilə bağlanmış iki və daha çox sayda üzvdən ibarət olmaqla, bir-biriləri ilə bioloji, psixoloji, sosial əlaqələri və mənəvi qarşılıqlı təsirləri ilə münasibət qurur. Beləliklə, ailə birlikdə yaşayan üzvlərin cinsi, psixoloji, sosial və iqtisadi ehtiyaclarının qarşılandığı, cəmiyyətə uyğunlaşma və iştiraklarının təmin və təşkil edildiyi məkana çevrilir” – deyən müsahibimiz, əvvəlcə “ailə həkimliyi nədir” – sualına aydınlıq gətirdi. Qeyd etdi ki, ailə həkimliyi fərdlərə və bütövlüklə ailələrə mütəmadi və hərtərəfli ilkin səhiyyə xidməti göstərən, bütün yaş qruplarını, hər iki cinsi, bütün sistem və xəstəlikləri əhatə edən bir tibbi xidmət modelidir. Belə ki, səhiyyənin birinci mərhələsində əhaliyə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində yaradılan ailə həkimliyi səhiyyə maarifi, profilaktik xidmət, xəstələnmə hallarında ilk olaraq müraciət edilən və ambulator tibbi xidmət göstərən quruluşdur. Ailə həkimləri birinci pillə tibb xidməti müəssisələrində - tibb və həkim məntəqəsində, ailə sağlamlıq mərkəzlərində, həmçinin evdə xidmət göstərirlər.
Bu gün ABŞ, Böyük Britaniya, Almaniya, Skandinaviya ölkələri, İtaliya, Fransa, Türkiyə - dünyanın inkişaf etmiş əksər ölkələrində birinci pillə səhiyyə xidmətinin göstərilməsində ailə həkimliyi modelindən geniş istifadə edildiyini vurğulayan İ.İsayev bildirdi ki, ailə həkimliyinə keçiddə məqsəd təməl olaraq fərdlərə və onların ailələrinə birinci pillə səhiyyə xidməti göstərməkdir: “Bu xidmətin tərkibində sadəcə müalicəedici xidmətlər deyil, eyni zamanda fərdə yönəlik qoruyucu xidmətlər də (səhiyyə maarifi, peyvəndləmə və müayinə) yer alıb. Eyni zamanda sağlamlıqla əlaqəli bütün məsələlərdə ilkin dəyərləndirməni aparmaq, ailə üzvləri arasında sağlamlığa təhlükə hallarını erkən aşkarlamaq və müalicəni təşkil etmək də qoruyucu xidmətlərin tərkibinə daxildir. Bundan əlavə, xəstəlik və sağlamlıq hallarına sadəcə bədən deyil, sosial və psixoloji elementləri də göz önünə alaraq yaxınlaşmaq, təxirəsalınmaz ilkin tibbi yardımı vaxtında və tam həcmdə xəstəyə çatdırmaq, xroniki xəstəliklərdə müntəzəm baxış və müalicəni həyata keçirmək, belə xəstəlikləri olan şəxslərlə uzunmüddətli təmaslar quraraq onları nəzarətdə saxlamaq başlıca məqsədlərdəndir. Ailə həkimliyinə keçiddə məqsəd həm də ilkin pillədə fərdlərin ehtiyacları olan qoruyucu xidmətlər (immunizasiya, əks-epidemik tədbirlər və s.) barədə əhaliyə məlumat vermək, səhiyyə maarifi işini aparmaq, fərdlərin yaşayış keyfiyyətlərini və sağlamlıq vəziyyətlərini yaxşılaşdırmağa çalışaraq əhalinin sağlam inkişafına kömək etməkdir.
Ailə həkimliyinin üstünlüklərindən də söhbət açan mütəxəssis bu modeldə səhiyyə xidmətinin yaşından, cinsindən, sağlamlıq və sosial durumundan asılı olmayaraq ailə üzvlərinin hamısına təqdim olunduğunu deyib. Onun sözlərinə görə, ailə üzvləri içərisində yaşanan ailə ortamında kompleks dəyərləndirilmə aparılır, bununla da sağlamlıq sadəcə hər hansı bir xəstəlik və ya əlilliyin yoxluğu anlamına gəlmir, həmçinin sosial və psixoloji olaraq da tam bir optimal firavanlıq halı kimi qiymətləndirilir. Bu zaman hər bir fərdə və onların ailələrinə sağlamlıq ilə əlaqəli məsələlərdə söhbət aparmaq və təlim vermək fürsəti əldə edilir: “Birinci pillədə həll olunmayan sağlamlıq problemlərinə görə xəstə ikinci pilləyə (xəstəxanaya) göndərilir və ikinci pillədə daha yaxşı nəzarət etmək imkanı yaranır. Beləliklə, ailə həkimi üzvlərə və onların ailələrinə müntəzəm görüşəcəkləri, tanıdığı, bildiyi bir həkim vasitəsilə səhiyyə xidmətlərinin təqdim olunmasını təmin edir. Bu isə xüsusilə sağlamlığa zərərli təsiri olan bəzi davranışların dəyişdirilməsi yolunda aparılacaq təlimə müsbət təsir göstərir, şəxsin öz həkiminə daha artıq güvən duymasını, həkimini daha yaxşı tanınmasını təmin edir, nəticədə xəstə-həkim münasibəti daha uğurlu olur”.
Professor onu da diqqətə çatdırıb ki, ailə həkimliyində xəstəyə yanaşma modern tip yanaşmadır. Yəni xəstənin təkcə sağlamlıq durumu deyil, bütün problemləri diqqət mərkəzində saxlanılır. Ailə həkimi xəstəni həyat və yaşayış anamnezi, sosial və peşə problemləri, ailəsi və fiziki əhatəsi ilə birlikdə dəyərləndirir, nəticədə pasiyentin həm mövcud xəstəliyi, həm də psixoloji vəziyyəti yaxşılaşmış olur.
Ailə həkimliyi modelinin ölkəmizdəki vəziyyətinə də toxunan müsahibimiz Azərbaycanda səhiyyə sahəsinin daim milli sosialyönümlü dövlət siyasətinin prioritetləri arasında mühüm yer tutduğunu söyləyib. Əlavə edib ki, bu gün də ölkə rəhbərliyinin müəyyən etdiyi uzunmüddətli inkişaf strategiyasının istiqamətlərindən biri səhiyyənin inkişaf etdirilməsi, əhalinin beynəlxalq standartlara cavab verən ilkin tibbi xidmətlə təmin edilməsi və bunlarla bağlı genişmiqyaslı islahatların həyata keçirilməsidir. Bu baxımdan respublikamızda da bütün dünya səhiyyə sistemində özünü doğrultmuş ailə həkimliyi institutunun yaradılmasına başlanılıb: “Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında” müvafiq əmri ilə “ailə həkimi” vəzifəsi nomenklaturaya salınıb, “Azərbaycanda əhalinin tibbi kadrlar və xəstəxana çarpayıları ilə təminatının normativlərinin təsdiq edilməsi barədə” digər bir əmri ilə ilkin səhiyyə xidməti (I səviyyə) göstərən müəssisələrdə “ailə həkimi” ştat normativi təsdiq olunub. Hələlik bu vəzifəni terapiya və pediatriya ixtisaslı həkimlər tuta bilirlər”.
Universitetimizdə ailə həkimlərinin hazırlanması prosesi zamanı tədrisdə əsaslı islahatların həyata keçirilməsinə böyük diqqət yetirildiyini bildirən professor İ.İsayev Ailə təbabəti kafedrasının öz işini bu sahədə aparıcı olan universitetlərin proqramlarına uyğun qurduğunu, universitetimizdə ailə həkimlərinin hazırlanması məqsədilə rezidenturanın yaradıldığını və bu il onların ilk buraxılışının olduğunu vurğulayıb.