Oktyabrın 10-da Bulvar hoteldə “Əczaçılar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əczaçı Gününə həsr edilmiş Respublika əczaçılarının 5-ci ümumrespublika konfransı keçirilib.
Tədbirdə dövlət qurumlarının səlahiyyətli nümayəndələri, özəl sektorun aparıcı şirkətləri, həmçinin əczaçılar və həkimlər iştirak edib.
Tədbirdə Azərbaycan Tibb Universitetini (ATU), Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva və Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov, fakültə əməkdaşları və tələbələr iştirak ediblər.
“Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bunyatovun rəhbəri olduğu Birliyin fəaliyyəti haqqında açılış nitqindən sonra çıxış edənlər – millət vəkili Müşfiq Məmmədli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Validə Sadıxova və digərləri Beynəlxalq Əczaçılar Günü, əczaçılıq peşəsi haqqında fikirlərini bildiriblər. Çıxışçılar eləcə də “Əczaçılar Klubu” İctimai Birliyinin fəaliyyətinə uğur diləyiblər.
Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli tədbirdə çıxış edərək bildirib ki, Bu gün əczaçılıq təkcə dərmanlar haqqında elm deyil, o, milyonlarla insanın həyat keyfiyyətini qoruyub saxlamağa və yaxşılaşdırmağa kömək edən tibb və xəstə arasında əsas körpüdür. “O, dəqiq elmləri, innovativ texnologiyaları və insan orqanizmini dərindən dərk etməyi özündə birləşdirir.
Fərdi tibbə ehtiyacın artdığı bir dünyada əczaçılıq kimya, biotexnologiya və rəqəmsal texnologiyanın qovuşduğu sahəyə çevrilir. Biz molekulyar kəşflər və genetik olaraq uyğunlaşdırılmış (adaptasiya olunmuş) dərmanların inkişafı dövründə yaşayırıq. Dərmanlar artıq universal həll deyil - onlar fərdiləşir, müəyyən bir xəstə üçün yaradılır. Bu inqilabdır və bu inqilabın mərkəzində əczaçılar dayanır. Bununla belə, gələcəyin əczaçılığı təkcə texnologiya ilə bağlı deyil. O, həm də coğrafi mövqeyindən və maliyyə imkanlarından asılı olmayaraq dərmanların hər kəs üçün əlçatan olması elmidir. Söhbət davamlı dərman tədarük zəncirlərinin yaradılması, eləcə də ekoloji cəhətdən daha təmiz istehsal üzrə qlobal təşəbbüslərdən gedir. Əczaçılıq təhsili burada əsas amildir. İndiki əczaçı sadəcə bir dərman mütəxəssisi deyil. O, genomika, bioinformatika və hətta süni intellekt üzrə mütəxəssis olmalıdır. Yeni dərman vasitələrinin və müalicə sistemlərinin işlənib hazırlanmasında lider olmağa hazır olan yeni mütəxəssislərin yetişdirilməsi vacibdir və onları tibb və texnologiya icmaları ilə əməkdaşlıq etmək üçün öyrətmək də eyni dərəcədə vacibdir”, - deyə vurğuladı.
Sonda F.Mədətli Əczaçılar Klubunun təsisçilərinə, tədbirin iştirakçılarına və əczaçı tələbələrə bu şərəfli işdə uğurlar arzuladı!