Bu il Ailə təbabəti kafedrasının əməkdaşları tərəfindən hazırlanan yeni dərsliklər haqqında məlumat vermişdik. Kafedradan daha iki yeni dərsliyin hazırlandığını bildiriblər.
Dərsliklərdən biri İ.İ.İsayev, A.P.Məmmədova, A.İ.Mustafayeva, R.Ə.Quliyev, Ş.A.Məmmədova, M.R.Abbasova və X.R.Axundovanın həmmüəllifliyi ilə işıq üzü görən “Ailə təbabətində tibb bacılığı” kitabıdır. Tibb bacısı işinin nəzəri və təcrübi əsaslarını özündə əks etdirən dərsliyin ayrı-ayrı fəsillərində tibb bacısı işinin təməl prinsipləri, sübuta əsaslanan tibb bacılığı, tibb bacısının etik və mənəvi dəyərləri öz əksini tapıb. Eyni zamanda ailə tibb bacısı tərəfindən xəstəliklərin erkən aşkarlanması, ilkin diaqnostika, müalicə prosedurları və manipulyasiyaları yerinə yetirmək qaydaları, ev və ambulator şəraitdə pasiyentlərə ilkin yardımın təşkili ətraflı və hərtərəfli izah olunub.
“Ailə təbabətində tibb bacılığı” kitabı tibb təhsili verən aparıcı universitetlərin tədris proqramları əsasında tərtib olunub, 20 fəsildən ibarətdir. Dərslik ali tibb bacılığı ixtisası üzrə təhsil alan tələbələr və bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.
“Klinik müayinə üsulları” adlanan ikinci dərslik də tibb təhsili verən aparıcı universitetlərin tədris proqramları əsasında hazırlanıb. İ.İ.İsayev, R.İ.Qabulova, R.Ə.Rzayeva, A.İ.Mustafayeva və M.R.Abbasovanın birgə müəllifliyi ilə çap olunan dərslik 9 fəsildən ibarətdir. Tənəffüs, ürək-damar, həzm, sidik-ifrazat, qanyaradıcı, endokrin, sümük-oynaq və əzələ sistemi, eləcə də xəstəlik tarixinin tərtib olunma qaydasının öz əksini tapdığı dərslikdə xəstənin müayinəyə hazırlanması, müayinənin məqsədi, aparılma texnikası, norma və patoloji hallar zamanı nəticələrin qiymətləndirilməsinə də aydınlıq gətirilib. Xəstəlik tarixinin tərtib olunma fəslində subyektiv, obyektiv müayinə, əlavə müayinə üsullarının (instrumental, laborator) nəticələri, müalicə planı, ilkin diaqnoz, xəstəlik tarixinin gündəliyi, epikriz, xəstəlik tarixində xəstənin evə yazılması və ya ölüm haqqında yekun qeydlər ardıcıllıqla verilib.
Dərslik əsasən Tibb Universitetinin tələbələri, rezidentləri, həmçinin müxtəlif ixtisaslı gənc həkimlər üçün nəzərdə tutulub.