ATU-nun kafedra müdiri COP29 müzakirələrinə qatılıb

Noyabrın 11-də COP29 konfransı çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumunun Pavilyonunda “İqlim Böhranında QHT-lərin Rolunun Gücləndirilməsi: Kənd Təsərrüfatının Davamlılığı, Su İdarəçiliyi və Qida Təhlükəsizliyinə dair əməkdaşlıq yanaşmaları” adlı panel müzakirəsi baş tutub.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən təşkil olunan bu tədbirdə yerli və beynəlxalq ekspertlər QHT-lərin iqlim böhranına qarşı fəaliyyətlərini gücləndirmək üçün konkret görüləcək işləri və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Belçikadan dəvət olunmuş Angelė Kėdaitienė, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Leyli Ağayeva, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndəsi Aysel Səlimova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev, “4 Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platforması” təşkilatının prezidenti Kamel Esseghairi mövzu ilə bağlı çıxışlar ediblər.

Tədbirdə iqlim böhranına qarşı fəaliyyətləri gücləndirmək üçün konkret görüləcək işlər və əməkdaşlıq imkanları müzakirə olunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı və qida təhlükəsizliyinə təsirlərini azaltmaq üçün QHT-lərin rolunu vurğulayan təkliflər səsləndirilib. Qeyd olunan müzakirələrdə ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli də iştirak edib.

Əməkdaşımız noyabrın 15-də BAMF və “Sülhün Kökləri” təşkilatının təşkilatçılığı ilə “Sülhün, Torpağın və Ekosistemlərin Minatəmizləmə və Kənd Təsərrüfatı Vasitəsilə Bərpası" mövzusunda panel müzakirəsində iştirak edib. F.Əli “Post-konflikt ərazilərdə suvarma, torpağın bərpası və icmaların yaşayış imkanlarını dəstəkləmək üçün bərpaolunan enerjinin praktik tətbiqləri” mövzusu ətrafında aparılan müzakirələrə qatılıb.