Rektor, professor Gəray Gəraybəyli: Beynəlxalq əlaqələri genişləndirmək və xarici tələbə sayını artırmaq prioritet vəzifədir
Aprelin 29-da Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının növbəti iclası keçirilib. Şura üzvlərini salamlayan rektor, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırdıqdan sonra Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayevin 2024-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib.
Çıxışına ATU-nun növbəti nailiyyəti haqda xəbərlə başlayan O.İsayev bildirib ki, ötən ilin dekabrında universitetimiz Elm və Təhsil Nazirliyi tərəfindən “Elm və ali təhsilin beynəlmiləlləşməsi” sahəsində fərqləndiyinə görə, təşəkkürnamə ilə təltif edilib: “Azərbaycanda təhsil alan əcnəbilərin üçdə biri ATU-nun tələbələridir və hazırda burada 45 ölkədən 2603 nəfər əcnəbi vətəndaş təhsil alır. Ötən ildə bu rəqəm 48 ölkədən 2873 nəfər olub. Əcnəbi vətəndaşlar 5 təhsil pilləsi üzrə təhsil alırlar”.
Sözünə davam edən məruzəçi deyib ki, rektorun əmri ilə əcnəbi vətəndaşların Rezidentura və magistratura pilləsinə qəbulunun aparılması üçün yaradılan xüsusi komissiyanın məlumatına görə, 2024-25-ci tədris ilində rezidentura təhsil pilləsində təhsil almaq üçün 70 nəfər müraciət etsə də, onlardan yalnız 17 nəfəri qəbul edilib: “Bu il digər illərdən fərqli olaraq rezidenturaya qəbul həm oktyabr, həm də fevral ayı olmaqla 2 dəfə aparılıb. Qəbul olunan əcnəbi rezidentlərdən 7-si Rusiya, 4-ü Türkiyə, 2-si Gürcüstan, 2-si İraq, 1-i Qazaxıstan və 1 nəfəri İordaniya vətəndaşı olub. Hazırda ümumilikdə rezidenturada 17 ölkədən 22 ixtisas üzrə 85 nəfər rezident təhsil alır. Ən çox rezident Rusiya və Türkiyədəndir. Magistratura pilləsində 1 nəfər Somali vətəndaşı səhiyyə menecmenti ixtisası üzrə, doktorantura pilləsində isə 1 nəfər Yəmən vətəndaşı cərrahiyyə ixtisası üzrə təhsil alır. Bu il Hazırlıq kursunda təhsil almaq üçün 359 nəfər müraciət edib. Keçən il bu rəqəm 973 nəfər olub. Onlardan 117 nəfəri (1 nəfər xaric olub) Hazırlıq kursunda oxumaq hüququ qazanıb. 106 nəfər isə müsahibədən keçə bilməyib. Hazırda qeydiyyatdan keçərək Hazırlıq kursunda təhsil alan 116 nəfərdən 84 nəfəri müalicə işi, 29 nəfəri stomatologiya və 4 nəfəri əczaçılıq ixtisası üzrə təhsil alır. Onlardan 71 nəfər Azərbaycan, 44 nəfər ingilis və 1 nəfər isə rus bölməsində təhsil alır”.
Çıxışında dövlət proqramlarından da bəhs edən prorektor bildirib ki, qarşıda duran əsas məsələlərdən biri universitetin müəllim və tələbələrinin beynəlxalq layihələrdə aktiv iştirakının təşkil edilməsi və dünyanın qabaqcıl elm qurumları ilə daha sıx əlaqələrin qurulmasıdır. Əlavə edib ki, ATU-nun dünyaya çıxışı üçün xarici ölkələrin bir çox tanınmış universitetləri ilə ikitərəfli memorandumlar imzalanıb.
Hesabat dövrü ərzində baş tutmuş mühüm tədbirlərə və cari məsələlərə də toxunan O.İsayev, beynəlxalq əlaqələr sahəsində həllini tapan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra işləri də Şura üzvlərinin diqqətinə çatdırıb. Prorektor çıxışında əcnəbi təhsilalanlarla iş istiqamətində fəaliyyətin gücləndirilməsi məqsədilə bir sıra təkliflər səsləndirib.
Sonra çıxış edən Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli, Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, Əcnəbi təhsilalanlarla iş üzrə dekanlığın müdiri, dosent Natiq Bayramov və digərləri məruzəni yüksək qiymətləndirərək, rəhbərlik etdikləri kafedra və dekanlıqlarda beynəlxalq əlaqələr istiqamətində aparılan işlə bağlı məlumat verib, mövcud problemlərə dair təkliflər irəli sürüblər.
Hesabat məruzəsi ilə bağlı fikirlərini açıqlayan rektor G.Gəraybəyli diqqəti beynəlxalq əlaqələrə yönəldib. O, xarici tələbələrin sayının hər bir universitetin beynəlxalq aləmdə nüfuzunun göstəricisi olduğunu söyləyib: “Tədris prosesini dövrün tələbləri səviyyəsində qurmaq və beynəlxalq əlaqələri genişləndirmək hər bir ali təhsil müəssisəsinin qarşısında duran prioritet vəzifələrdəndir. Müasir dövrdə beynəlxalq əlaqələri olmayan hər hansı bir müəssisə inkişaf edə bilməz. Hesabatda da deyildiyi kimi, hazırda universitetimizdə üç minə yaxın əcnəbi tələbə oxuyur. Hər kəs bilməlidir ki, onların sayının çox olması universitetimizin maddi bazasının güclənməsi və eləcə də əməkdaşların yüksək maaş alması deməkdir. Ona görə də xarici tələbələrin sayının artırılması üçün zəruri tədbirlər görülməlidir. Bizim əsas vəzifələrmizdən biri beynəlxalq reytinqdə universitetimizin ilk minliyə düşməsidir. Bildiyiniz kimi, Türkiyədə yeni hazırlanmış qanun layihəsi xaricdə əldə olunmuş diplomların ölkədə tanınmasına müəyyən məhdudiyyətlər qoyur. Ötən il bu məqsədlə xüsusi komissiya yaratmışıq və müvafiq şöbə bu işlə ciddi məşğul olur”.
Müxtəlif məsələlərə də münasibət bildirən ATU-nun rektoru, Şura üzvlərini mayın 6-8-də keçiriləcək, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və ATU-nun 95 illik yubileyinə həsr olunmuş festivala dəvət edib.
Bundan sonra universitetimizin təhsilalanlarına (tələbə, magistr və rezident) Q indeksli nüfuzlu beynəlxalq jurnallarda çap olunan hər bir məqaləyə görə mükafat verilməsi təsdiqlənib. ATU-nun beynəlxalq reytinqlərdə daha yüksək mövqe tutması məqsədilə hazırlanmış strategiya və fəaliyyət planlarına baxılıb, “Daxili keyfiyyət təminatı” Komissiyasının əsasnaməsi təsdiq olunub. “ATU Juranlı”nın əsasnaməsi, redaksiya şurası və redaksiya kollegiyasının yeni tərkibini təsdiq edən Şura üzvləri Tibb və sağlamlıq elmləri təhsili kafedrasının əməkdaşlarının hazırladığı metodik tövsiyə və təlimatlara da münasibət bildirib. Bundan başqa, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən hazırlanmış klinik protokollara baxılıb.
Sonda dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrini təsdiqləyən Şura, müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırıb.