Tədqiqatçı tələbəmiz beynəlxalq elmi layihədə uğurla çıxış edib

Azərbaycan Tibb Universiteti və Gulf Medical University tələbələri beynəlxalq elmi əməkdaşlıq çərçivəsində süni intellekt mövzusunda tədqiqat təqdim ediblər

ATU-nun Stomatologiya fakültəsinin tələbəsi Nəzrin Yusibova Birləşmiş Ərəb Əmirliklərinin aparıcı ali təhsil müəssisələrindən olan Gulf Medical University tələbələri Youser AlMaged və Sarah Salim ilə birgə beynəlxalq elmi layihədə uğurla çıxış edib. Layihə Appolonia World tərəfindən təşkil olunmuş beynəlxalq tələbə simpoziumunda təqdim olunub.

“Retension üçüncü molyarların cərrahi çətinliyinin qiymətləndirilməsində ChatGPT-nin rolunun təyini: faydalı bir vasitə, yoxsa qarışıqlıq mənbəyi?” mövzusuna həsr olunan tədqiqat süni intellektin kliniki qərarvermədə effektivliyini qiymətləndirməyə yönəlib.

Tədqiqat ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrası və GMU-nun Diaqnostik və cərrahi elmlər kafedrası arasında elmi əməkdaşlıq çərçivəsində və professor Çingiz Rəhimov (ATU), dosent Sabrin Ali Azim, dr. Suraj Sebastian, dr. Marwah Abdullah və dr. Shoaib Rahmanın (GMU) akademik rəhbərliyi altında həyata keçirilib.

Appolonia Təşkilat Komitəsinin rəhbəri dr. Asma Nababteh bu əməkdaşlığı sosial platformada nümunəvi transsərhəd tədqiqat təşəbbüsü kimi dəyərləndirib. O, paylaşımında müxtəlif ölkələrdən olan tələbələrin birgə işləməsinin elmi nəticələrin daha geniş spektrdə formalaşmasına töhfə verdiyini vurğulayıb.

Tədqiqatçı tələbələr layihəyə verilən dəstəyə görə Gulf Medical University prorektoru və Stomatologiya fakültəsinin dekanı, professor Hesham Marei, Prof. Walid Shaaban,  Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, Appolonia World-un sədri dr. Yaser Haj Hamed, dr. Asma Nabatbeh və bütün elmi rəhbərlərə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin məzunu olan dr. Sabrin Ali Azim uzun illərdir BƏƏ-də akademik və klinik fəaliyyət göstərməklə yanaşı, ATU-nun beynəlxalq səviyyədə tanıdılması, tələbə mübadiləsi və ortaq tədqiqatların təşkili istiqamətində mühüm töhfələr verməkdədir.