Onurğamız - həyatımızın sütunudur

Vaqif Cəlilov: Skoliozla yaşamaq çətin ola bilər, lakin düzgün müalicə və dəstək sayəsində bir çox insan normal həyat sürür

Beynəlxalq Skolioz Maarifləndirmə Günü hər il iyun ayının son şənbə günü qeyd olunur. 2013-cü ildə Böyük Britaniya Skolioz Assosiasiyası (SAUK) tərəfindən skolioz haqqında ictimaiyyətin məlumatlılığını artırmaq, təhsili təşviq etmək və bu vəziyyətdən təsirlənənləri birləşdirmək üçün maarifləndirmə işinə başlanılıb. Bu münasibətlə konfranslar keçirilir və bir çox mütəxəssislər bir araya toplanır.

Bu gün geniş yayılmış, lakin tez-tez səhv başa düşülən onurğa sütunu vəziyyəti haqqında məlumatlılığın artırılmasına həsr edilir. Dünyada hər il skolioz milyonlarla insana təsir edir, lakin həmişə bu problem haqqında yanlış təsəvvürlər formalaşır. Bu gün biz skoliozun nə olduğunu, onun səbəblərini, simptomlarını, diaqnozunu, müalicə variantlarını, erkən aşkarlanma və maarifləndirmənin əhəmiyyətini işıqlandırmağa çalışacağıq.   

Sadə dildə desək skolioz, onurğanın yana doğru "S" və ya "C" formalı anormal əyriliyi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Sözün etimologiyası yunan dilindəki “skolios” yəni “əyri” sözündən qaynaqlanır. Bu əyrilik yüngüldən ağır formalara qədər dəyişə və hər yaşda baş verə bilər. Lakin ən çox uşaqların böyümə dövrlərində inkişaf edir.

Skoliozun dəqiq səbəbi məlum deyil və növündən asılı olaraq dəyişə bilir. Bununla belə, bəzi ümumi səbəblər kimi doğuş zamanı mövcud olan anadangəlmə onurğa anomaliyaları, serebral iflic və ya əzələ distrofiyası, sinir-əzələ xəstəlikləri göstərilir. Məlum olmayan səbəbdən inkişaf edən və xüsusilə yeniyetmələr arasında ən çox rast gəlinən isə idiopatik skolioz adlanır.

Skolioz xüsusilə erkən mərhələlərdə nəzərə çarpan simptomlara səbəb olmaya bilər. Amma əyrilik irəlilədikcə qeyri-bərabər çiyinlər və ya çanaq, bir çiyin bucağının digərindən daha qabarıq görünməsi, qeyri-bərabər omba və ya sinə kimi simptomlar əmələ gəlir. Qeyd etmək vacibdir ki, simptomların şiddəti insandan-insana çox dəyişə və müalicə edilmədikdə zamanla ağırlaşa bilər.

Skoliozun diaqnozu adətən ilkin olaraq fiziki müayinədən ibarətdir, onurğanın əyriliyi skaliometrlə qiymətləndirir, xəstənin duruşu, qaməti müşahidə edilir və hər hansı görünən asimmetriya əlamətləri axtarılır. Əgər şübhə varsa, diaqnozu təsdiqləmək, əyriliyin dərəcəsini (Cobb dərəcəsini) və yerini müəyyən etmək üçün rentgen müayinəsi aparılır.

Skoliozun müalicəsi əyriliyin şiddəti, xəstənin yaşı və vəziyyətin irəliləməyi kimi müxtəlif amillərdən asılıdır. Əyrinin irəliləmədiyi yüngül skolioz hallarında, xüsusilə böyüməkdə olan uşaqlar üçün müntəzəm monitorinq kifayətdir.

Orta dərəcədə skoliozlu və yüksək inkişaf riski olan yeniyetmələr üçün əyriliyin daha da artmasını dayandırmağa kömək etmək məqsədilə isə ortez və ya hamının başa düşdüyü kimi desək, korset istifadəsi çox faydalıdır. Skoliozun inkişafı yetkinlik dövründən əvvəl uşağın sürətli böyüməsi dövründə başladıqda, ortezlər daha təsirli olur.

Həmçinin fiziki terapiya məşqləri duruşu yaxşılaşdırmağa, əzələləri gücləndirməyə və skoliozla əlaqəli narahatlığı azaltmağa kömək edə bilər. Burada ən çox istifadə olunan metodlardan biri Schroth metodudur. Metodun məqsədi əyriliyin daha da irəliləməsinin qarşısını almaq üçün bədən mexanikasını yaxşılaşdırmaq və onurğa sütununu sabitləşdirməklə tarazlıq və sabitlik yaratmaqdır. Bir sıra tədqiqatlar bu metodun idiopatik skoliozlu yeniyetmələrdə Cobb bucağının azaldılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir etdiyini ortaya çıxarıb.

Skoliozun ağır vəziyyətlərində, xüsusilə əyrilik irəlilədikdə, əhəmiyyətli simptomlara səbəb olduqda və ya orqan funksiyasına təsir etdikdə isə, cərrahi müdaxilə tövsiyə edilə bilər.       

Skoliozun erkən aşkarlanması effektiv müalicə üçün vacibdir. Uşaqlıq və yeniyetməlik dövründə müntəzəm müayinələr skoliozu erkən aşkar etməyə və lazım olduqda vaxtında müdaxilə etməyə imkan verər. Bundan əlavə, skolioz haqqında məlumatlılığın artırılması yayılan mifləri və yanlış fikirləri aradan qaldırmaq və skoliozla yaşayan insanlar üçün anlayış və dəstəyi təşviq etmək üçün vacibdir. Məktəblərdə profilaktik baxışların keçirilməsi, valideyn və müəllimlərin maarifləndirilməsi, kompüter və telefon qarşısında uzun müddət əyilmiş vəziyyətdə oturmamaq, fiziki aktivlik (xüsusilə üzgüçülük və duruş məşqləri) onurğa sağlamlığını qorumaq üçün əsas vasitələrdəndir.

Skoliozla yaşamaq çətin ola bilər, lakin düzgün müalicə və dəstək ilə skoliozu olan bir çox insan tam və aktiv həyat sürür. Skoliozlu insanlar müalicə planlarına riayət etmək və müntəzəm məşq və yaxşı duruş vərdişləri vasitəsilə ümumi onurğa sağlamlığını qorumaq üçün fizioterapiya və tibbi reabilitasiya mütəxəssisləri ilə sıx işləməlidir.

Bəzi hallarda valideynlər uşaqlarında skolioz əyriliyini müşahidə etdikdə onları özlərinin marağında olduğu və büdcələrinə uyğun idman növünə qoyurlar. 2024-cü ildə Fizioterapiya və tibbi reabilitasiya fakültəsinin II kurs tələbələri ilə Tələbə Elmi Cəmiyyətində skoliozun monitorinqinə aid apardığımız bir tədqiqata professional idmanla məşğul olan atlet qızlar və universitetimizin I, II kurs tələbələrini cəlb etdik. Tədqiqatın nəticələri çox maraqlı oldu. Ümumi mənzərədə atlet qızlar arasında skoliozun say intensivliyi digər qrupa nisbətən cüzi az olsa da, onlar arasında da idman növünə spesifik skolioz əyriliklərinin olması diqqətimizi çəkdi. Buradan da belə bir nəticəyə gəlindi ki, bəzən idman növləri skoliozu müalicə etmir, əksinə, simptomların kəskinləşməsi, spesifik əyriliklərin meydana çıxmasına səbəb olur. Ona görə də skoliozla qarşılaşan insanların mütəxəssis rəyi ilə təyin olunmuş məşq proqramlarını keçməsi məsləhət görülür.

Onurğamız həyatımızın sütunudur - onu düz tutmaq sağlam yaşamaq deməkdir.

   

Vaqif Cəlilov,

Fizioterapiya və tibbi reabilitasiya kafedrasının assistenti, t.ü.f.d