Min bir faydası, amma diqqət edilməli məqamlar da var
Yay fəsli yaxınlaşdıqca, meyvələrin istehlak həcmi də artır. Dadından əlavə, yay mövsümü meyvələri insan sağlamlığının qorunmasında əsas rol oynayan vitamin və mineralların mühüm mənbəyidir. Qarpız, qovun, alça, çiyələk, gilas, albalı, ərik, şaftalı və gavalı əsas yay meyvələridir. Bu meyvələr yüksək qida dəyərinə malikdir və onların orqanizmə müsbət təsirini təmin edən əhəmiyyətli miqdarda vitaminlər (xüsusilə C, A və B qrupu), mikroelementlər (kalium, maqnezium, dəmir), antioksidanlar və pəhriz lifi ehtiva edir.
Bu barədə “Təbib” qəzetinə açıqlama verən Qidalanma və tibbi ekologiya kafedrasının dosenti Nigar Əliyeva yay meyvələrinin faydalı xüsusiyyətlərindən bəhs edib. Bildirib ki, meyvələr qələviləşdirici xassəyə malik olduqları üçün orqanizmin turşu-qələvi müvazinətini tənzimləyir və asidotik dəyişikliyin qarşısını alır. Eyni zamanda bağırsaqların hərəki və sekretor fəaliyyətini gücləndirir, peristaltikasını tənzimləyir: “Bu proses meyvələrin tərkibində olan sellüloza, hemisellüloza, pektin maddələri kimi dəyərli qida lifləri hesabına tənzimlənir. Qarpız və qovun kimi yüksək sulu meyvələr bədənin su balansını qorumağa kömək edir ki, bu da isti havalarda xüsusilə vacibdir. Onlar susuzlaşmanın qarşısını alır, bədən istiliyini tənzimləyir və metabolik prosesləri yaxşılaşdırır.
Tərkibindəki selen, beta karotin, C vitamini, lutein və xolin kimi antioksidant maddələr sayəsində qovun oksidləşdirici stresin qarşısını alaraq bədəndən sərbəst radikalların çıxarılmasına kömək edir və bu yolla immunitet sisteminin güclənməsinə töhfə verir, eləcə də xərçəngə qarşı qoruyucu təsir göstərir. Bundan əlavə, tərkibindəki C vitamini dəri sağlamlığını dəstəkləyir, beta karotin göz sağlamlığına töhfə verir, yüksək su və lif sayəsində həzm sisteminin nizamlı işləməsinə kömək edir.
Qarpız dedikdə, ağlımıza likopen gəlir. Likopen - meyvə və tərəvəzlərə qırmızı rəng verən karotin ailəsindən bir antioksidantdır. Bədənimiz likopen istehsal edə bilmir və biz onu qida ilə alırıq. Likopen ürək-damar xəstəlikləri, diabet, xərçəng, osteoporoz kimi bir çox xəstəliyin müalicəsinə yaxşı təsir göstərir. Tərkibindəki sitrulin və arginin qan təzyiqini aşağı salan təsirə malikdir, həmçinin arginin immun sistemini gücləndirməkdə son dərəcə faydalıdır. Qarpızın xüsusilə qabığa yaxın olan ağ hissəsində sitrulin çoxdur. Maqnezium və kalium isə əzələ ağrıları və əzələ yığılmasına yaxşı təsir göstərir. Bundan əlavə, qarpız A, B6 və C vitaminlərinin mühüm mənbəyidir. Tərkibindəki 90%-dən çox su xüsusilə yay aylarında orqanizmin maye ehtiyacını ödəyir, liflər isə həzm sisteminin nizamlı işləməsini təmin edir”.
Onun sözlərinə görə, üzüm, əncir təbii şəkərlərdən - fruktoza, qlükoza və saxarozadan ibarətdir və orqanizm üçün sürətli enerji mənbəyi rolunu oynayır: “Üzümün tərkibində vitamin və minerallarla yanaşı, flavonoidlər, proantosiyanidinlər və antosiyanidinlər, antosiyanin, flavanol, fenolik turşu, kofeik turşusu, katexin və resver kimi fenol və polifenolların olması sağlamlıq üçün əhəmiyyətlidir. Qara üzümün tərkibindəki resveratrol - bu gün tibbdə tanınan ən güclü antioksidantdır, qan damarlarını genişləndirmək və qanın laxtalanmasını azaltmaq kimi faydaları var. Eyni zamanda qara üzümün tərkibindəki dəmir - anemiyadan əziyyət çəkən insanlar üçün xeyirlidir”.
N.Əliyeva onu da bildirib ki, C vitamini, B qrupu vitaminləri (B1, B2, B3, B5, B6), K vitamini və E vitamini ilə zəngin olan çiyələyin tərkibində kalsium, dəmir, maqnezium kimi minerallar da var: “Tərkibində antioksidant maddələr olduğu üçün həm xərçəngdən qoruyucu, həm də LDL adlı pis xolesterini aşağı salan təsirə malikdir. Qan şəkərini balanslaşdıraraq diabet riskini azaldır, B9 vitamini (fol turşusu) sayəsində yorğunluq və halsızlığa yaxşı təsir göstərir.
Digər yay meyvəsi əriyin də tərkibi C, A, K və B qrup vitaminləri, natrium, kalium, kalsium, dəmir və maqnezium kimi minerallarla zəngindir. Belə ki, tərkibindəki C vitamini sayəsində dəmirin mənimsənilməsini artırır. K vitamini və maqnezium sayəsində isə sümüklərin güclənməsinə kömək edir, diş ətini gücləndirir. A və C vitaminləri bədəndə kollagen istehsalını dəstəkləyir və qırışların əmələ gəlməsini gecikdirir, beta karotin göz sağlamlığına qoruyucu təsir göstərir, lif isə toxluğu təmin edərək çəkini nəzarətdə saxlamağa kömək edir. Aşağı glikemik indeksə malik olan ərik qan şəkərini balanslaşdırır. Şəkərli diabet xəstələri asanlıqla istehlak edə bilərlər.
Albalının tərkibində də A, C, K və B qrup vitaminləri, həmçinin maqnezium, kalium, manqan, mis var. Tərkibindəki kalium sayəsində bədənin natrium kalium balansını təmin edərək qan təzyiqini aşağı salır. Sidik turşusunun bədəndən çıxarılmasına kömək edir, podaqra və oynaq ağrılarına yüngül ağrıkəsici təsir göstərir. Tərkibində olan melatonin sayəsində yaxşı və keyfiyyətli yuxunu təmin edir. Aşağı glikemik indeksi olduğu üçün şəkərli diabet xəstələri də istifadə edə bilər. Tərkibindəki yüksək liflər qəbizliyi aradan götürür, amma həddindən artıq istehlak ishala səbəb ola bilər”.
Beləliklə, yay meyvələri yüksək faydalı xüsusiyyətlərə malikdir, sağlamlığı təşviq edir və xəstəliklərin qarşısını alır. Amma mənfi nəticələrdən qaçmaq üçün seçim və istehlaka şüurlu yanaşma vacibdir.
Mütəxəssisin sözlərinə görə, üzüm və əncir rasiona diqqətlə daxil edilməlidir. Belə ki, fruktoza və qlükoza kimi təbii şəkərlərin faydalarına baxmayaraq, onların həddindən artıq istehlakı şəkərli diabet, hiperglikemiya, insulin müqaviməti və piylənmənin inkişafını və gedişatını ağırlaşdıra bilər.
Nigar xanım yay meyvələrinə allergik reaksiyalara da toxunub. Qeyd edib ki, şaftalı, çiyələk və gilasda olan allergenlər yüngül (qaşınma, qızartı), bəzi hallarda şiddətli (anafilaktik şok) simptomlara səbəb ola bilər: “Bundan əlavə, meyvələrin yetişdirilməsi zamanı istifadə olunan pestisidlər və nitratlar insan üçün ciddi təhlükə yaradır. Bu maddələr meyvələrin toxumalarında toplana bilər və uzun müddət və ya həddindən artıq istehlak nəticəsində bədənimizin orqan və sistemlərinə toksik təsir göstərə bilər”.
Müsahibimiz riskləri minimuma endirmək və yay mövsümü meyvələrini yeməkdən maksimum fayda əldə etmək üçün tövsiyələrini də verib: “Tərkibində kimyəvi maddələr və pestisidlər olan məhsulların alınması riskini azaltmaq üçün mövsümi və yerli meyvələri seçin, yeməzdən əvvəl meyvələri yaxşıca yuyun, mümkünsə qabığını soymaq və islatmaq üsullarından istifadə edin. Xüsusilə metabolik probleminiz və ya şəkərli diabetə meylliliyiniz varsa, tərkibində yüksək şəkər olan meyvələrdən çox istifadə etməyin. Allergiyalara qarşı diqqətli olun: allergik reaksiyalara meyliniz varsa, əlamətlərə səbəb olan meyvələrin istehlakını məhdudlaşdırmaq daha yaxşıdır”.