
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin tələbəsi Cəmilə Əlizadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.
Dövlət Proqramı ölkənin dayanıqlı inkişafını təmin edəcək yüksəkixtisaslı insan kapitalının formalaşdırılması, beynəlxalq təcrübəyə malik peşəkar kadrların hazırlanması və Azərbaycanın elmi-təhsil potensialının gücləndirilməsi məqsədini daşıyır. Bu çərçivədə Cəmilə Əlizadə Böyük Britaniyanın dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Imperial College London Universitetinin “MSc in Public Health” magistr proqramında təhsil alacaq.
İctimai səhiyyə sahəsində beynəlxalq səviyyədə əldə olunacaq bilik və bacarıqlar Azərbaycanın səhiyyə sisteminin inkişafına, əhalinin sağlamlığının qorunmasına və sübuta əsaslanan səhiyyə siyasətlərinin formalaşdırılmasına töhfə verəcək. Bu uğur eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü məqsədi – “Sağlam həyatın təmin edilməsi və rifahın təşviqi”, 4-cü məqsədi – “Keyfiyyətli təhsil” və 17-ci məqsədi – “Məqsədlər naminə tərəfdaşlıq” istiqamətlərinə uyğun olaraq qlobal bilik və təcrübənin ölkəmizə gətirilməsinin əhəmiyyətini bir daha nümayiş etdirir.
Qeyd edək ki, bu il İctimai səhiyyə istiqaməti üzrə Dövlət Proqramının qalibi seçilən cəmi iki namizəddən biri məhz Azərbaycan Tibb Universitetinin tələbəsidir. Bu nəticə ATU-da formalaşan güclü akademik mühitin, tələbələrin elmi potensialının və universitetin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis hazırlığına verdiyi töhfənin bariz göstəricisidir.
ATU məzununun qazandığı uğur onun yüksək akademik göstəricilərinin, məqsədyönlülüyünün, əzmkarlığının və ictimai səhiyyə sahəsinə sadiqliyinin məntiqi nəticəsidir.