Əczaçılıq sahəsi insan sağlamlığının qorunmasında, dərman vasitələrinin hazırlanması, istehsalı və istifadəsində mühüm rol oynayır. Bu sahə səhiyyə sisteminin ayrılmaz tərkib hissəsi olmaqla, həm də elmi və texnoloji tərəqqinin mühüm istiqamətlərindən biridir. Ölkənin müstəqil dövlətçilik ənənələri, səhiyyə sisteminin təşkili və elmi potensialının artması ilə sıx bağlıdır. 

Azərbaycanda əczaçılıq təhsilinin təşəkkülü XX əsrin əvvəllərinə, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi-Əczaçılıq şöbəsi tərəfindən əczaçılıqla bağlı elmi-praktik fəaliyyətlər və təlim kursları təşkil edilmişdir. Bakı şəhərində dövlət aptekləri fəaliyyətə başlamış, dərmanların hazırlanması və satışı dövlət nəzarətinə götürülmüşdür.

1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması ilə səhiyyə sahəsində ali təhsilin əsasları qoyuldu və bu, əczaçılıq təhsilinin formalaşmasında mühüm mərhələ oldu. 1925-ci ildə Bakı şəhərində Əczaçılıq texnikumu açıldı və burada orta ixtisaslı əczaçı kadrların hazırlanmasına başlandı. 1938-ci ildə isə əczaçılıq üzrə ixtisaslaşmış ilk ali təhsil müəssisəsi - Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təsis edilmişdir. Bu institut ölkədə əczaçılıq sahəsində ali təhsilin formalaşmasında və inkişafında əsas rol oynadı. İnstitutun rektoru vəzifəsini bacarıqlı təşkilatçı və siyasi dövlət xadimi prof. Əziz Məmmədkərim oğlu Əliyev yerinə yetirmişdir. II Dünya müharibəsi illərində institutun fəaliyyəti dayandırıldı və tələbələr Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakültəsinə qəbul edildilər. 1957-ci ildən isə qiyabi şöbə fəaliyyətə başladı. 1950-ci illərdən etibarən professor Rüstəm Qambay oğlu Əliyevin rəhbərliyi ilə əczaçılıq elmi və təhsili yeni mərhələyə qədəm qoydu, laboratoriya metodları təkmilləşdirildi, yeni dərman preparatlarının hazırlanması istiqamətində tədqiqatlar aparıldı. 1951-ci ildə Azərbaycan Elmi Əczaçılıq Cəmiyyəti yaradıldı. Bu cəmiyyətin fəaliyyəti nəticəsində ölkədə əczaçılıq sahəsində elmi-tədqiqatları genişləndi, dərman təminatının keyfiyyəti yüksəldi.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ali təhsil sistemində çoxpilləli model - bakalavr və magistratura pillələri tətbiq edildi. Əczaçılıq təhsili də bu model əsasında yenidən qurularaq beynəlxalq təhsil standartlarına uyğunlaşdırıldı.

Azərbaycan Tibb Universitetinin 050802 – Əczaçılıq ixtisası 2021-ci ilin noyabr ayında “Müstəqil Akkreditasiya və Reytinq Agentliyi” tərəfindən aparılan qiymətləndirmə nəticəsində beynəlxalq akkreditasiya statusu qazanmışdır. Akkreditasiyanın etibarlılıq müddəti 28.01.2022-ci ildən 27.01.2027-ci ilədək müəyyən edilmişdir. Bu nailiyyət ATU-nin əczaçılıq təhsilinin beynəlxalq standartlara tam uyğun şəkildə təşkil olunduğunu təsdiqləyir. Həmçinin, bu akkreditasiya Əczaçılıq ixtisası üzrə təhsil proqramının müasir elmi, peşəkar və metodoloji tələblərə cavab verdiyini göstərir.

Bu gün fakültə beynəlxalq əməkdaşlıq və mübadilə proqramlarını həyata keçirir (Türkiyənin Qazi, Hacettepe, Cerrahpaşa, Atatürk, Ege, Lokman Hekim və s. universitetləri ilə). Xüsusilə Macarıstanın Pécs Universiteti və “Scandens Pharmaceutical Industrials Ltd.” şirkəti ilə əməkdaşlıq çərçivəsində tələbələrin xaricdə təcrübə keçməsi,  elmi mübadilələr aparması və gələcəkdə ikili diplom proqramlarının təşkil edilməsi təmin olunur. 12.02.2025-ci ildə ATU və “Scandens Pharmaceutical Industrials Ltd.” şirkətinin nümayəndələrinin Macarıstanın Pécs Universitetinə rəsmi səfəri təşkil edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Macarıstan Səfirliyinin dəstəyi ilə reallaşan bu səfər iki ölkə arasında təhsil və elmi-texniki əməkdaşlığın, xüsusilə əczaçılıq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

ATU-də tədrisin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal transformasiyanın təmin olunması məqsədilə 2018-ci ildə Elektron Tədris Sistemi (ETS) tətbiq edilməyə başlamışdır. Sistemin əsas məqsədi tədris prosesinin səmərəliliyini artırmaq, qiymətləndirmə mexanizmini şəffaflaşdırmaq və müəllim-tələbə qarşılıqlı əlaqəsini müasir texnoloji əsaslar üzərində qurmaq olmuşdur. COVID-19 pandemiyası dövründə təhsil distant formatda aparılırdı, bu səbəbdən də ETS-nin əhəmiyyəti daha da artmışdır.

Beləliklə, Azərbaycanda əczaçılıq təhsili XX əsrin əvvəllərindən bu günə qədər çoxşaxəli inkişaf yolu keçmişdir. Əvvəlki illərdə formalaşan təhsil və elmi baza bu gün müasir beynəlxalq standartlara cavab verən sistemlə əvəz olunmuşdur. Bu gün Əczaçılıq ixtisası üzrə təhsil proqramı Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarlarına və “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına” tam uyğun şəkildə hazırlanmışdır. Bu isə proqramın həm milli təhsil standartlarına, həm də beynəlxalq akademik tələblərə cavab verdiyini göstərir.

Müasir dövrdə əczaçılıq təhsili yüksək ixtisaslı, peşəkar və beynəlxalq səviyyədə rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir. Əczaçılıq sahəsi həm səhiyyə sisteminin dayanıqlılığında, həm də milli dərman sənayesinin inkişafında mühüm əhəmiyyət daşıyır.

 

DEKANLAR

Əczaçılıq fakültəsinin tarixi təkcə ölkəmizdə əczaçılıq elminin inkişafı ilə deyil, həm də bir çox görkəmli alimlərin, tədqiqatçıların və pedaqoqların fəaliyyəti ilə sıx bağlıdır. Keçən illər ərzində fakültəyə rəhbərlik edən şəxslər öz dövrlərində fakültənin elmi, tədris və maddi-texniki bazasının möhkəmlənməsinə mühüm töhfələr vermişlər.

Fakültəyə müxtəlif illərdə aşağıdakı görkəmli əczaçı və kimyaçı alimlər rəhbərlik etmişlər:

  • İsaak Qolberq (1941–1943) – fakültənin ilk rəhbərlərindən biri kimi əczaçılıq təhsilinin formalaşmasında mühüm rol oynamış, dərman kimyası üzrə ixtisaslı kadrların hazırlanmasına başlanğıc qoymuşdur.
  • Rüstəm Qambay oğlu Əliyev (1943–1965) – uzun illər fakültəyə rəhbərlik edərək əczaçılıq elminin inkişafına, yeni laboratoriyaların və kafedraların yaradılmasına böyük əmək sərf etmişdir.
  • İsrafil Adış oğlu Dəmirov (1965–1970) – fakültədə tədris prosesinin təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir.
  • Dursun Yaqub oğlu Hüseynov (1970–1972) – fakültənin elmi potensialının artırılması və tədris prosesinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır.
  • Rauf Əliməmməd oğlu Babaxanov (1972–1977) – əczaçılıq sahəsində ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətləri olmuş, bir sıra yeni dərs vəsaitlərinin hazırlanmasına rəhbərlik etmişdir.
  • Ayişə Xanməmməd qızı Rəhimova (1977–1980) – fakültəyə rəhbərlik etdiyi illərdə elmi-tədqiqat işlərinin istiqamətini genişləndirmiş, əczaçılıq kimyası sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.
  • Qayıbverdi Bəşir oğlu İsgəndərov (1980–1983) – fakültənin maddi-texniki bazasının gücləndirilməsi və yeni laborator avadanlıqların alınması istiqamətində əhəmiyyətli işlər görmüşdür.
  • Fərman Əlibala oğlu Təhməzov (1983–1993) – onun rəhbərliyi dövründə fakültədə tədris prosesində yeniliklər tətbiq olunmuş, fakültənin beynəlxalq əlaqələri genişlənmişdir.
  • Arif Mustafa oğlu Əfəndiyev (1993–1994) – fakültədə elmi-tədqiqat istiqamətlərinin müasirləşdirilməsinə və gənc mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir.
  • Dilqəm Bəbir oğlu Tağıyev (1994–1995) – qısa müddətdə fakültənin elmi və pedaqoji fəaliyyətinin davamlılığını təmin etmişdir.
  • Rafiq Böyükağa oğlu Bağırov (1995–2004) – fakültənin yeni inkişaf mərhələsinə qədəm qoyduğu dövrdə rəhbərlik etmiş, tədris prosesində beynəlxalq standartlara uyğun islahatlar aparmış, fakültənin maddi-texniki bazasını əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

Bu alimlərin hər biri öz dövründə əczaçılıq fakültəsinin inkişafında mühüm rol oynamış, fakültəni elmi potensialı güclü, nüfuzlu bir mərkəzə çevirmişdir. Onların fəaliyyəti nəticəsində Azərbaycan əczaçılıq elmi və təhsili regional və beynəlxalq səviyyədə tanınmağa başlamışdır.

 

MƏZUNLAR

Hazırda ölkəmizdə 5000-dən artıq ali təhsilli əczaçı bakalavr və magistr fəaliyyət göstərir. Bu mütəxəssislərin demək olar ki, hamısı Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin məzunlarıdır. Fakültə yarandığı vaxtdan bu günə qədər ölkəmizin səhiyyə və əczaçılıq sənayesinin inkişafına dəyərli töhfələr verən yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynamışdır. İndiyə qədər fakültənin ixtisas kafedralarında 11 nəfər elmlər doktoru44 nəfərdən çox əməkdaş əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Bu göstəricilər fakültənin elmi potensialının və tədqiqat istiqamətlərinin daim inkişafda olduğunu sübut edir.

 

ƏCZAÇILIQ FAKÜLTƏSİ BU GÜN

Son illərdə ölkəmizdə ali təhsil sistemində həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin inkişafına da mühüm təsir göstərmişdir. Təhsil sahəsində aparılan yeniliklər fakültənin strukturunda, tədris proqramlarında və təlim metodlarında müasir tələblərə uyğun dəyişikliklərin aparılmasına səbəb olmuşdur.

Bu islahatlar nəticəsində fakültədə çoxpilləli təhsil sisteminə keçid təmin edilmiş, tədris prosesi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. 2004-cü ildən etibarən fakültədə təhsil müddəti dörd il müəyyən edilmiş və məzunlara “Əczaçılıq” ixtisası üzrə bakalavr diplomu verilməyə başlanmışdır. Bu dəyişiklik fakültənin Avropa ali təhsil məkanına inteqrasiyası istiqamətində atılan mühüm addımlardan biri olmuşdur.

Hazırda Əczaçılıq fakültəsinin məzunları elmi və peşəkar fəaliyyətlərini davam etdirərək ölkənin səhiyyə sistemində mühüm rol oynayırlar. Onların bir qismi Azərbaycan Tibb Universitetinin magistratura pilləsində təhsillərini əczacılıq texnologiyası, əczaçılıq kimyası, toksikoloji kimya və farmakoqnoziya ixtisasları üzrə davam etdirirlər.

Fakültənin məqsədi yalnız dərman istehsalı və tədarükü sahəsində mütəxəssislər yetişdirmək deyil, həm də müasir elmi biliklərə əsaslanan, analitik düşünmə qabiliyyətinə malik, peşəsinə məsuliyyətlə yanaşan əczaçılar hazırlamaqdır. Tədris prosesində nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşdırılmasına da xüsusi diqqət yetirilir. Bunun üçün fakültə müasir laboratoriyalar, elmi-tədqiqat mərkəzləri və dərman istehsalı müəssisələri ilə sıx əməkdaşlıq edir.

Beləliklə, bu gün Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi ölkəmizdə və regionda əczaçılıq təhsilinin inkişafında aparıcı mövqe tutur və yüksək ixtisaslı, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır.

 

MAGİSTRATURA

Magisraturada təhsil müddəti 2 ildir: Əczaçılıq fakültəsində təhsil alan 400-ə yaxın tələbə xüsusi fənnlərindən başqa normal fiziologiya və insan anatomiyası, patoloji fiziologiya fənlərini, tibbin bəzi klinik fənlərini, eləcə də bir sıra ümumtəhsil fənlərini öyrənir, dərmanların keyfiyyətini yoxlamaq üzrə praktik vərdişlər əldə etməklə bərabər yeni dərman preparatlarının alınması üzrə təcrübələrini, nəzəri bilikləini təkmilləşdirirlər. Tələbələr, həmçinin dərmanlar haqqında vahid informasiya sistemi yaratmaq sahəsində aparılan elmi-tədqiqat işlərində də iştirak edirlər.Hal-hazirda fakültədə həm xarici ölkə vətəndaşları olan tələbələr, həm də respublikamızın 350-dən çox tələbəsi müvafiq olaraq Azərbaycan, rus və ingilis dillərində bakalavr və magistr pilləsində təhsil alırlar. Təhsil alanlara əczaçılıq elminin əsasları öyrədilir. Fakültənin tələbələri kimyəvi analizin müasir metodlarının həyata keçirilməsi və yeni dərman preparatlarının alınması üzrə bilik və təcrübə toplayır, dərmanların orqanizmə təsirini, eləcə də onların keyfiyyətini öyrənmək ücün ətraflı məlumatlar əldə edirlər.